Ata, bilirsən, insanların hər dəfə mənə"dəli" kimi baxmaqları məni bircə qram da olsun yandırmır. Çünki mən də onlara elə baxıram, iynəli sözlər deyirəm, bəzən söyürəm, hətta əlbəyaxa da oluram. Amma burada mənim günahım yoxdur, inan. Hər şey özləri başladırlar. Hər səhər evdən əlidolu çıxıram. Geyimin bomja bənzəyir az qala, saqqalımdan söz açmayım, saçlarım sanki günlərlə daraq görməmiş durumda. Görənlər yaxşı-yaman analiz edərək mənim kimi cavanı qocaya çevirirlər. Qoltuğuma vurub apardıqlarım bunlardır: qatlama stul, molbert, boyalar, fırçalar. Gəzirəm şəhəri. Mənim xoşuma gələn bir məkan tapanda sevincimdən özümə yer tapa bilmirəm. Elə orada təzəcə "yuva"mı qururam ki, polislər qanun naminə məni deportasiya edirlər, mən isə ağzımın qatığını dağıdıram, sonra dava salıram. Ən önəmlisi insanların maraq, qınaq, müzakirə obyektinə çevrilirəm. Gözlərini bərəldərək mənə onsuz da bəlli olan anormallığımı izləyərək pıçhapıçla bir-birlərinə məlumat ötürürlər. Bu hal gün ərzində bir neçə dəfə təkrarlanır.
Hə, nəhayətində özümə normal məkan tapa bilirəm. Ata, "normal" deyirəmsə, qətiyyən inanma. Mənim normal kimi görüb bəyəndiyim hər şey sənə digərləri kimi anormalın ən anormalı kimi görünəcək, bilirəm, niyəmi? Çünki, əziz ata, mən zibilliyin yanında əyləşib şəhərin gözəgörünməyən bir tərəfini çəkirəm indi. Narahat olma, zibil iyi məni heç narahat etmir də. Hm, əslinə qalsa, həzz alıram. Hə, hə, bilirəm, ata, bilirəm, gicəm, manyakam, dəlixanaya gedib müalicə almalıyam-filan, amma lütfən, ata, bircə sən yox, sən yox. Kim olursa-olsun, sən olma. Axı mən sənin övladınam, atacan. Damarlarımda sənin qanın axır hal-hazırda. Ah, mən qanın səsini eşidirəm. Bu-axmaq iddia deyil, gerçəklikdən qopmuş bir pazldır. Əlimə fırça alıb ağappaq kətana qara boya ilə üç iri nöqtə işarələyirəm. Niyə? Çox sadə! Mən belə görürəm çünki. İlahi! Ata, mən narkoman deyiləm. Ömrümdə bircə dəfə olsun o şirin zəhəri dadmamışam, amma etiraf edim də, istərdim dadım. Hə, hə, o zəhrimarı damarlarıma vurmaq, sonra bədənimlə beynimi işğal etməsini istərdim. Eyforiya yaşamaq, kulminasiya nöqtəsində olmaq, pikliyin həddini aşmaq-bax budur mənim ən gizli arzum. Tünd qırmızı ilə üçbucaq, sarı ilə dairə boyayıram. Ata, bilirsənmi, çox istərdim ki, sərxoş olum. Striptizləri ilə məşhur olan gecə klubların birinə gedim. Ooo! Möhtəşəmlik budur, daha bizim axmaq beynimizdə canlandırdığımız boş-boş fantaziyalar yox. İmka olsa, o gözəlçələrin birini qapmaq da lazım gələcəkdi. Bir gecədə bütün içkiləri boşaldım, sonra pulum olmadığımda məni ölümcəyə qədər döyüb tullasınlar küçəyə. Dodaqlarımda duzlu qanın dadı bir başqa ləzzət olar yəqin. Hə, sonra skamyaların birində ölü kimi yatım. Səhər isə kimsə məni əsəbiləşdirib oyatsın, mənsə bildiyim bütün söyüşləri üstünə yağdırım. Baxmayım da kimdir o-qadın, qoca, uşaq. Mavi rənglə irili-xırdalı ulduzlar çəkirəm. Bilirsən, ata, amma bunları heç biri olacaq iş deyil onsuz da. Mən təkəm. Tək. Bu zalım dünyada mənim kimi tək adam tapılmaz, heç vaxt tapılmaz. Məni heç bir məxluqat anlamır. Sən anlayardın, hə, ata? Sağ olsaydın, mənim acılarıma çarə tapardın. Axı niyə yoxsan, əclaf? Kim sənə dedi ki, ölüb gedəsən? Kim? Anamın ölümü mənim bircə tükümü tərpətmədi deyə insanlar məni elə böyük məmnuniyyətlə qınadılar ki, bəh-bəh-bəh, gəl görəsən! Lap onlara gücüm yetdikcə bağırmaq istədim ki, mən fahişənin heç nəyinəm, heç nəyi, eşidirsiniz, avamlar, indisə rədd olun cəhənnəmə! O, bütün gününü o kişi-bu kişinin qolları arasında inildəyərkən mən payızın yağışında, qışın soyuğunda əsirdim. Soyuq əllərimi heç vaxt görmədi. Heç mən onun vecinə deyildim də, sadəcə bircə nəfəri-səni, ata- şantaj edərək pul qopartmaq üçün lazım idim ona. Hə, bilirəm, hər ay paketin içindən çıxan pulları sayırdı, mən uzaqdan izləyirdim. Amma mən avamın avamı susdum, dırnaqlarım ətimi deşirdi, dodaqlarımı gəmirirdim, gözlərimin qan çanağına çevrilməsinə kor olan bu insanlara güclə dözürdüm, ata, sanki məni zəncirləmişdilər. Amma sənin yerin o qapqara torpağın altı deyildi. Yox, deyildi. Sən mənim yanımda olmalı idim. Sən mənə xəyanət etdikdən sonra mən bax gördüyün adama çevrildim. Əslində, qəbul etmək istəmirəm, amma sən məndən bir azacıq normal qəlibə sığacaq adam idim, mən isə dozanı aşmışam səninlə müqayisədə. Nə olsun ki, uzaq-uzaq diyarda yaşayırdın, nə olsun axı, ay gicbəsər?! Amma bilirsən, mən sənə nə qədər nifrət edirdimsə, bir o qədər də rəğbət bəsləyirdim ha. Nə də olsa sənin kimi rəssamam da. Baxmayaraq ki, səninlə bircə dəfə görüşməmişik, amma yenə də sənə oxşamışam simaca. Ələlxüsus, bozaçalar gözlərimi səndən oğurlamışam. Ah, bilirsənmi, sevimli ata, qızlar ölürlər mənim gözlərimdən ötrü. Bundan mənə nə? Mənə əks-cinsin nümayəndələri lazım deyil. Mən feministdən də betərəm onlar üçün.
Bizim kasıb məhəllə nə bilsin və haradan bilsin ki, sən kimsən, mənim nəyimsən. Mən oğlanlarla futbol oynaya bilmirdim, məni çıxdaş edirdilər, mənsə onları daş atəşinə tuturdum, sonra dəstə tərəfindən döyülürdüm. Yazmaq-oxumaq nədir, bilmirəm, heç bilib öyrənmək də istəmirəm. Fahişə anam hər zaman mənə baxarkən dəli qəhqəhəsini çəkib məni və səni ələ salırdı. Sənin maymaqlığından doyunca danışardı. Mən ömrüm boyu səni gözlədim, ata. Bir gün gəlib məni xilas edərsən bu cəhənnəmdən deyə hər gecə dua etdim. Cüzama tutulduğunu hamıdan gizlətməyə çalışırdın, eləmi? İnkar etmək qanunu yoxdur mənim konstitusiyamda. Sən bunu yaxşı bilirsən, çox yaxşı. Elə buna görə mənimlə görüşdən boyun qaçırmısan da. Bəlkə başa səbəblərin olub. Nə bilim, nələr-nələr. Ziyalı ailənin oğlu fahişədən olan uşağını gizlədir-filan kimi iddialar. Yox, yox, mən səni qınamıram,heç ağlımın ucundan da keçmir. İstərdim bir sirrimi paylaşım səninlə: Ata, heç kim bilmir ki, mən sənin oğlunam. Xa-xa-xa! Eynən sənin taleyini yaşayıram indi. Mənim fahişə anam ölümündən qabaq sirrini açıb dedi mənə, bax belə. Səni tapmaq 2 ilimi oğurladı məndən haradasa. Sənin məzarın qarşısında diz çökərkən 19 yaşım tamam olmuşdu. Yəni ad günümü səninlə birgə qeyd etdim. Sənin malik olduğun şöhrət indi də məni təqib edir. 9 ildir, ata, 9 il.
Və son elementi qatıram əcaib əsərimə-yaşıl xətt. Bax belə, əziz ata!...