Siqaretinin tüstüsünə tamaşa edərək gic-gic gülümsəyirdi. Ətrafdakı insanlar karton üzərində özünəməxsus rahatlıqla əyləşən bu cavan adama yazıq, təəssüf və qorxu dolu baxışlarla baxıb keçirdilər. O, bütün bunlara böyük məmnuniyyətlə tüpürüb öz kefinə baxırdı. Ara-sırada kartonun üstündə qpiklər tapılırdı. Onlara ikrah hissi ilə baxaraq əlinin tərsi ilə kartonundan kənara itələyirdi.
Artıq axşam düşməyə başlamışdı. Kartondan ayrılıb üst-başında təmizlik aparmadan yoluna düşməyə qərar verdi. Dizləri cırılan cins şalvar, rəngi yeyilən gödəkçə və öz köhnəliyi ilə digərlərindən seçilməyən nazik sviter ətrafa pis qoxu yayırdı. İnsanlar bu qoxunu artıq tanıdıqları üçün burun və ağızlarını əlləri ilə qapadaraq addımlarını sürətləndirirdilər. Çiyinlərinə qədər uzanmış saçlarına artıq uzun müddət olardı ki, nə şampunla yuyulurdu, nə də daraqla daranırdı.
Qapını vəhşicəsinə döyüb ona birtəhər baxan insanlara saralmış dişlərini ağartdı. Daha sonra yerə tüpürüb dodaqlarını əli ilə sildi. Qapı nəhayətində açıldı. Kobudluqla içəri soxulub adamı döyməyə başladı. İçəridəkilər heç nə etmədən sakitcə bu səhnəyə tamaşa edirdilər. Birdən kiminsə onun çiynindən yapışıb divara çırparaq yerdəki adamın ayağa qalxmasına yardımını görüb burnundan axan şəffaf mayeni sildi.