Sanma bizi sınağa dövran çəkir,
Dövranı imtahana insan çəkir.
Dərk eləmir varlığın bu gicbəsər,
Çün onu heyvanə tərəf qan çəkir.
Çox dəyişib zəmanə hər bir canı,
İndi xoruz başqa cürə ban çəkir.
Plan qurur bir neçə başdan xarab,
Cəzasını cümlə müsəlman çəkir.
Hacı reklam edir, piyvə - kolbasa
Nümunəsin hətta Qurandan çəkir.
Dünya basır barmağa duz yatmasın,
Bizimkilər başına yorğan çəkir.
Kəmsavadı öndə gedir, şellənir,
Alimi dərd-qəm içində can çəkir.
Həkimlərlə molla bəhsəbəhsdədir,
Birisi o yan, birisi bu yandan çəkir.
Üz ilə göz oxşamayan madmazel
Cəlb eləyir, diqqəti daldan çəkir.
Cinan, bəsdir, az qına insanları
Onları da bu yola "şeytan" çəkir.