Sarı gəlin...
Xuraman tərəfindən "Hekayə" bolməsinə 18:39 18 fevral 2014 tarixində əlavə olunmuşdur

Uzun ince bir yoldayım,
Gidiyorum gündüz gece..
Bilmiyorum ne haldayım,
Gidiyorum.. Gündüz gece..
Gündüz gece..


Gedirəm.. Ardıma baxmadan,sağollaşmadan, itirə itirə gedirəm.. Yollar uzanır, uzandıqca çətinləşir. Qaçıram məni həbs edən yalanlardan. Yalanlar çoxaldıqca mən azalıram. Sevgim, inamım, hörmətim azalır. Nifrətim, kinim məndən qabaq qaçırlar silaha doğru.. Əlimi indi tutmuşam beynimə. Öldürürəm barmaqlarımdakı ümidləri. Soyumuşam hisslərdən. O qədər soyumuşam ki, artıq üşümürəm. Belə həyata niyə küsməyəsən ki? Niyə danışasan sarsaqların mərhəmətindən? Niyə susasan alçaqların aqibətinə?
Hər şey cəhənnəmə.. Mənim gedişim təsir edəcək sizə? İki gün ağlayıb, üç gün toy qurassız?
Gedişlər gəlişlər qədər möhtəşəm olmalıdır.Bu abstrakt cümləni kim çıxarıb axı?
Mənim gəldiyim yer cənnət idi, indi cəhənnəmdən çıxıb cəhənnəmə gedirəm.. Otaqları dəyişirəm sadəcə. O qədər yandım ki, bu odun içində. Qış üçün darıxmışam.. Soyuq, şaxtalı qış..
Vursun üzünə qışın şaxtası. Donsun üzündəki saxta ifadələr. Yalançı gülüşləri aparsın külək, Bakıdan uzaq bir yerə...
İndi utanmıram.. Yox, mənə qal deyə bilməyəcəksiniz. Çünki siz bunu oxuyanda mən artıq buralardan rədd olacam.
Bir sual verim sizin mükəmməl duyğularınıza. Bunu niyə etdiniz?
Hə.. Siz həmişə yatırdınız. Mənsə gecələr ayın qolları altında ağlaya ağlaya qalırdım. Bir dəfə düşündünüz ki, mən niyə beləyəm? Sizin o min qızılla yola saldığınız qız o bəyaz kəfənin içində nələr çəkir?
Heç düşündünüz ki, mənim də ürəyim var? Düşünə bilirdiniz siz?
Utanıram.. Bax o balaca qızdan utanıram. Güzgüyə baxanda gördüyüm balaca qızdan utanıram.. Özüm uşaq ikən anası olduğum o uşaqdan utanıram. Onu ki, sizin mükəmməl adətləriniz öldürdü..
Niyə etdiniz axı bunu bizə? Səbəbləri axtarmıram. Sadəcə gedirəm..
Səbəbi sizsiniz. Bax.. Həmişə acı çəkəcəksiniz. Özünüzə nifrət edəcəksiniz. Tüpürəcəksiniz vicdansız ürəyinizə. Bax beləcə öləcəksiniz. Mənsə gedəcəm. Heç vecimə deyilsiniz.
Hələ də ağrıyır... Sizin insan adı ilə məni "satdığınız" biqeyrətin vurduğu yerlər ağrıdır. Ana sığalna ehtiyacım vardı sadəcə. Azca qayğıya..
Amma sən "ana", mənə həmişə dedin ki, "Döz, guya bizi sevdiyimiz birinə veriblər? Yumruq da yeyəssən, xoş söz də eşidəssən"
Ana... Mən görmədim xoş sözünü. Nə səndən, nə sənin ərindən, nə də mənim "ərimdən"..

İndi desəm nə xeyri..
Yəqin ki, adıma min söz çıxacaq. Yəqin ki, "tərbiyəsiz" qız böyütdüyün üçün danlayacaqsan özünü, mən gedirəm deyə yox..

Atam səni döyəndə nə demişdin mənə, xatırlayırsan?
- Qorxma, sən böyüyəndə hər şey keçəcək.
Necə mənasız idi bu söz. Hə.. Hər şey keçdi. Amma mənə keçdi.

Ailəm yox idi ki, mənim.. Mənim məndən başqa kimim vardı ki? Ya da "mən"lik qoydunuz mu məndə?

Bax ana, sənə heç vaxt demədiyim bir şeyi deyəcəm. Çünki əvvəllər qorxurdum. Qorxurdum ki, yenə o əclaf məni döyəcək. Doğulmamış körpəm də belə öldü.. Onun insana ar olan təpikləri ilə. Sonra da dedilər ki, yıxılıb..
Mən onsuz da yıxılaraq böyümüşdüm. Ayağa qalxmağa icazə verməmiş yıxırdınız məni.. Onun çirkab ayaqlarını başımın üstündə hiss etmək elə ağır idi ki.
 Amma sən hardan biləsən,hə? Sənin onda başın mənim o biri bacımın başını “bağlamaq” idi.. O, öldüsə də günahkarı sənsən!
  Bir gecə yatmadıq.. Mənə dedi ki, “Mən səndən əvvəl öləcəm.”
  Yum ağzını dedim ona. Hələ səni gözəl gələcək gözləyir..
  “Ana”, o bilirsən mənə nə dedi?
- O gözəl gələcək başqa qatara mindi, getdi..

Hə. Məndə o qatara minib gedirəm. Sizdən, sizin “ağ kəfənlərinizdən”, namusunuzdan uzaqlara gedirəm. Özünüzə yaxşı baxın. Görün ki, nə qədər murdarsız!



Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər, sarı gəlin..



Məktub. “Məhv olan həyatların məhv edənlərə məktubu”


... dəfə oxunub
Qiymət: 9/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
4+17=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0305 saniye