Saxtakar
Əli Məhərrəmli tərəfindən "Hekayə" bolməsinə 14:41 15 dekabr 2015 tarixində əlavə olunmuşdur

Təxminən 15 il əvvəl idi. Nazirlər Kabinetinin arxasındakı parkda ağ köynək, qara pencək və qalstukda uzun saçlarını arxaya daramış xarizmatik görkəmili bir kişi gəzişərdi. Yaxınlaşdığı hər kəsə: "Qardaş! Xanımla restorana gəlmişdim. Şotu verməyə pulum çatmadı. Bu saatın 300 dollar qiyməti var. 12 "şırvanım" çatmır hesabı ödəyim" deyib saatı qolundan açardı. Əslində həmin saatın 1-2 dollarlıq Çin malı olduğunu bilməyənlər üçün şirnikləndirici təklif idi.

Bu ilin avqustunda bir gün nahar fasiləsində yoldaşlarla gəzişirdik. Bir nəfər yaxınlaşdı və qəribə kövrək səslə "Salam qardaş! Bax bu saatın 300 dollar qiyməti var. Mən də xanımla restorana gəlmişdim..." deyəndə tanıdım. Heç dəyişməmişdi. Azca saçları ağarmış və alnı qırışımşdı.
Saatı götürüb baxmadan dedim ki, məncə bu saat 300 dollardan da baha olar. Təəccüblə üzümə baxırdı. Dedim nəzərə alsaq ki, sən düz 15 il əvvəl eyni təkliflə mənə yaxınlaşmısan, bu saat çox baha olmalıdır. İstədi saatı əlimdən ala vermədim.

Dedim əmi bu saatı aldığın yerdən bir az aralıda kiçik köşk açıb işlətsəydin bu illər ərzində uğurlu bir sahibkara çevrilmişdin. Saatı götürdü, bir kəlmə də söyləmədən uzaqlaşdı.

Bu saxtakarı gördüyüm üçün sevindiyim qədər də üzülmüşdüm. Bunca zaman həyatında heç nəyi dəyişə bilməmişdi. Əslində üzündəki qırışlardan və saçındakı ağlardan savayı həyat da onun üçün heç nəyi dəyişməmişdi.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+36=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0315 saniye