Səbəbi isə hələ də mənim üçün anlaşılmaz qalır
Nihat Atabəyli tərəfindən "Hekayə" bolməsinə 22:54 27 iyul 2016 tarixində əlavə olunmuşdur

Həyatda nə pisliklər etdiyim haqqda fikirləşdiyimdə balaca olarkən yuvasından düşmüş və tam uça bilməyən sərçə balasını qumda basdıraraq öldürdüyümü xatırlamadan keçə bilmirəm. Bir də həyətimizdəki tövlədə yaşayan kərtənkələlərə verdiyim işgəncə silsilələrim olub. Öldürdüyüm sərçə balasına və qarınlarına iynə ilə su yeritdiyim kərtənkələlərə görə hələ də vicdan əzabı çəkirəm. Bu əzab hətta bəzən güzgüdəki əksimə belə baxmaqdan utanacaq qədər şiddətli olur. Bir neçə saat əvvələ qədər isə hardasa təsginlik tapdığım məqamllara sahib biri idim. Ən azından insanlara pislik etməmək və özümü dərk etməyə başladıqdan sonra bu dünyanı mənimlə birgə paylaşan bütün digər varlıqlara hıssaslıqla yanaşmaq kimi xüsusiyyətlərimin olması kimi. Ancaq bu gün işdən çıxıb evə qayıtdığımda anladım ki, daha özümə verə biləcəyim təsginliklər də mənə kömək olmayacaq. Həftədə iki gün işlədiyim üçün bir qədər təmbəlləşdiyimi özüm də görə bilirəm. Buna mane ola bilməsəm də ən azından dostlarıma zarafatyana “saatı 10 manata olan işim var” deyəcək cümlələrim olur. Həftənin ən son iş günü olduğu üçün bu gün də kapitalizmə baş əyib işə getmişdim. Saat 18:05 də şirkətimizin ofisin tərk edib yaradıcılığımın əsas ibadətgahı olan metroya tərəf istiqamət aldım. Dünəndən elan edildiyi kimi Elmlər Akademiyası metro stansiyasının əsas giriş- çıxışı bağlanmışdı. Yeni açılmış keçidlərində isə əməlli- başlı insan izdihamı vardı. Metro kartıma qırx qəpik köçürtdükdən sonra balansımda əlli qəpik olurdu ki, o da indi və növbəti dəfə Koroğlu metrosundakı izdihamda çətinlik çəkməmək üçün məni xilas etməli idi. Beləcə kartı götürüb pulun tam yüklənib- yüklənmədiyinə baxmadan geriyə çevrilərək addımlamağa başladım. İşim texnologiyalarla sıx bağlı olduğu üçün bilirdim ki, əks prosedurda siqnal səsi məni geri qaytarmalı olacaqdı. Balans artırma cihazlarınının önündən fərqli olaraq metroya keçidlərin qarşısında bir xeyli insan vardı. Yenə də addımladıqca bir- bir günəş sistemindəki planetləri ziyarət edirdim. Elə yenicə Marsa çatırdım ki, kiminsə qolumu dümsüklədiyini hiss etdim. Çevrilib baxdığımda orta boylu, dərisinin rəngi  xüsusi əsmərliyə malik, təqribən mənlə yaşıd oğlanın gülümsədiyini gördüm. O salaridə qaralmamışdı. Bu daha çox çəkdiyi əzablarının simasındakı rənginə bənzəyirdi. Gülümsəyən üz quruluşları olduqca sadə və bir az da əzablar səbəbiylə kədərini gizlədə bilməyəcək saflığa malik idi. İşarət və baş barmaqlarının ucunda tutduğu iyirmi qəpiyi mənə tərəf uzadaraq hərəkətsiz bir halda saxlamışdı. Mənim ona tərəf çevrildiyimi görüncə “Qaqaş xahiş edirəm məni də keçirə bilərsən?” deyərək reaksiyamı gözləməyə başladı. Bilmirəm nədənsə mən onu qəti olaraq keçirtməmək qərarına gəlmişdim. Baxmayaraq ki, gediş haqqını ödəyirdi və hətta cümləsinin önündə “xahiş edirəm” ifadəsi də vardı, mən əvvəllər də etiraz edə bilməməyimdən istifadə edib metroya daxil olan şəxslərə bir daha kömək etməyəcəyimə dair özümə verdiyim söz barədə düşünürdüm. Ondan imkan daxilində gedib pul yüklənən cihazın önüdəkilərdən köməklik istəməsini xahiş etdim və o an özümə verə biləcəyim ən dolğun səbəbim bir daha metroya daxil olarkən balansımda ən azı bir keçidlik məbləğin olmasının mənim üçün həyati əhəmiyyət kəsb etməsi idi. Keçidləri adladıqdan sonra qatarlara qədər olan uzun yol boyu az əvvəl etdiyim hərəkət barədə düşünməyə bilmirdim. Onun mənim neqativ cavabıma baxmayaraq üzündəki təbəssümünü yoxa çıxartmaması və əvvəlcədən rədd cavabı alacağını bilirmiş kimi başını yuxarı aşağı edərək razılığını bildirməsi heç cür yadımdan çıxmırdı. Mən o qədər də düzgün bir seçim etməmişdim. Ona kömək edə bilərdim. Kartımda keçidin bitməsi hesabına olsa da. Hətta onunla birlikdə gedərək mənə uzatdığı iyirmi qəpiyi balansıma yükləyib geri qayıda da bilərdim. Ancaq mən bunu etmədim. Səbəbi isə hələ də mənim üçün anlaşılmaz qalır. Evə gəlib hətta yemək yediyimdə belə özümü ona kömək etmədiyim üçün günahkar hiss edirdim. Bu mümkün olduğu təqdirdə birinin yaşam səbəbinə çevrilməməyə bənzəyirdi. Və mən özümü güman ki, bütün günü əziyyətlə yaşamaq üçün pul qazanan sadə bir insana kömək etməyən biri kimi hiss etməkdən xilas ola bilmirdim. Daxilən məni məhv edən günahkarlıq hissinə baxmayaraq çox gözəl anlayırdım ki, həyat zamanı geri qaytarıb hadisələri dəyişdirəcək qədər mənasız olsaydı mən indi bu cümlələri yazmaq əvəzində geri qayıdıb ona kömək edərdim. Elə onun üzündəki sadə və saf bir təbbəssüm ilə...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+28=
Hesaba giriş
Müəllif

Nihat Atabəyli
Haqqında
Gözəllik aşiqi olan biri üçün gözəlliyi görüb də onu seyr etmək zövqündən özünü məkrum edəcək qədər qəddar seçim ola bilməz
Əlaqə
E-mail:
nihatatabayli@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.022 saniye