Zənginlik ehtirasına boyun əyənlərin ehtiyaca əsir düşənlər üçün yazdıqları “səfalət simfoniyası”nı dinləmək tam bir vəhşətdir.Bu,qəlb parçalayan simfoniyada,musiqi səslərini əvəz edən kasıbların ah-naləsi,fağırların göz yaşlarıdır.Millətin sərvətini yağmalayanlar,məzlumların haqqını mənimsəyən harınlamışlar əllərindəki dirijor çubuğu ilə sayı milyonları aşan “yoxsullar orkestri”nə istədikləri havanı çaldırmaqdadır.Ortada dəhşətli bir mənzərə,acı bir tablo var.Ən dəhşətlisi odur ki,bu mənzərəni yaradan boynu yoğun,düşüncəsi dar olan imansızlar mövcud vəziyyətdən utanmaq yerinə,ərsəyə gətirdikləri “tablo”ya baxıb həzz alırlar.Bu “yoxsullar orkestri”nin sıraları çoxdur.Ön sırada əllərini göyə açıb qəmli könüllərinin sarı simlərini tərpədən işsizlər var.İkinci sırada son ümidlərinə sarılıb drijor əlinə baxan müəllimlərdir.Üçüncü sırada kədər sazlarını kökləməyə heyi qalmayan təqaüdçü nənələr və babalardır.Dördüncü sırada həkimlər,beşinci sırada fəhlələr,altıncı sırada qul bazarından əli boş dönən çarəsiz muzdurlar,yeddinci sırada atalarının boş əllərinə ümidsiz baxan məsum balalar,səkkizinci sırada həyatından küsmüşlər, doqquzuncu sırada doğuşdan bəxti qara gətirən məzlumlar yer alıb.Dəhşətverici mənzərədən yaranan vəhşət dolusu bir simfoniyanın səsi ərşə qalxıb.Bu,qan qaraldan tablodan buludlar yerdən nəm çəkib göylər ağlasa da,drijor dayandığı yerdən və halından çox məmnun görünür.Can yandıran səslər havadan asılı qalıb.Havadan asılı qalan yalnız bu səslər deyil,eyni zamanda narahat ruhlardır...