Sehirsiz çıraq
Peykər İbrahimova tərəfindən "Hekayə" bolməsinə 13:34 22 aprel 2014 tarixində əlavə olunmuşdur

“Qarşıma hər istədiyimi yerinə yetirəsi bir cin çıxsa,ondan heç nə istəyərdim.Bəyəm o qədər çarəsizəm ki,kiçicik bir çırağın içində yaşayan ayaqsız birindən kömək istəyim..Onun gücü olsaydı elə birinci özünə kömək edərdi.”-C. Öz-özünə dəfələrlə təkrar edirdi.

Hər şeydən bir olan-bir stol,bir stul,bir ayağı qırıq çarpayı,bir böyük  kirli şüşəli pəncərə,pəncərəyə asılmış qışda belə gün şüalarına mane olmayan pərdə,bir boşqab,bir qaşıq,bir stəkan ,qısaca hər şey bir olan otaqda bir olmayan yeganə şey otağın dörd küncüdür.

  Bir də çırağı vardı.Hər gün çırağa əlini sürtüb ordan cin çıxacağını gözləyirdi.Elə buna görə də çıraqdan daha çox ondan neft iyi gəlirdi.

    Onun həyatını birlər işğal edib.Rəqəmlər ölkəsinin “bir” hərbi qoşunu onun həyatını cəhənnəmə  çevirmişdi.Bəzən yuxuda o “bir”lərin birləşib cəm olduğunu,zindan yaradıb onu içində həbs etdiklərini görürdü. Uşaq vaxtı həmişə “Tom və Cerri”yə baxanda bir dəstə “bir” arının birləşib Tom`u çalmasını görəndə qışqıra-qışqıra hıçqırıqlara boğulub ağlayardı.Onda anası gələr,onu qucaqlayar,C. də  anasının paltarının ətəyi ilə göz yaşlarını silərdi.Lakin indi yuxudan ayılanda onun qorxusunu daha da artıran evdə  əks-səda verən səsidir.

Gün ərzində gördüyü yeganə işi çaydan bir cüt balıq tutub yaxınlıqdakı yeməkxanaya bir şüşə arağa və bir az pula satmaqdır.C.-nin yeganə əyləncəsi hər Günəş batdıqda əlini çırağa sürtüb cin çıxmasını gözləməkdir.Çıraq da elə xüsusi bir görünüşə malik deyildi.Qırmızı rəngli,tərsinə çevrilmiş kasaya oxşayan neftlə dolu hissəsi və bir də üstünə şüşəni yerləşməsi üçün ağzı vardı.Nə vaxtsa bazara yolu düşəndə görmüşdü bu çırağı.Yarıkefli olduğundan,onun nə olduğunu özlüyündə tam ayırd edə bilməmiş,hətta deyəsən satıcıya lazım olandan artıq pul ödəmişdi.Kişi  də heç nə demədən ağzını tək qızıl dişi görünə biləcək ölçüdə açıb gülmüşdü.

    Hər gün qüruba az qalmış böyük bir həvəslə çırağı stolun düz ortasına qoyar ,şüaların əvvəl pəncərəni sonra pərdəni keçməsini,nəhayət,çırağa çatıb şüşənin içində parlamasına tamaşa edib əlini çoxluca çırağa sürtərdi.Yarıümid,yarıdəli qəhqəhəsi ilə bir müddət belə keçərdi.Elə o vaxt da vaxtın necə keçdiyini unudardı.Sanki Zamana yuxu dərmanı vermişdi.Və hər gün eyni vaxtda cin çıxmadığını başa düşüb eyni sözləri təkrar edərdi. Bəzən də çox nadir hallarda ağlayardı. Sonra, sonra......sonra nə edəcəyi məlum deyildi.Əksər hallada ya bildiyi bütün söyüşləri sadalayır,ya eyni mənzərəyə tamaşa edir,ya da eləcə oturur.

     Ancaq həmin gün elə olmayacaqdı.Bir azdan o sehirsiz çırağını tərk edəcəkdi.Qapı yavaşca döyüldü.Təəccübləndi.Ancaq qapını açmağa da tələsmədi.Ağır-ağır qapıya hərəkət etdi.Dərin bir ah çəkib qapını açdı.Qapıda qoca bir qadın dayanmışdı.Boş parlaq gözləri ilə oğlana baxırdı.Gülümsədi.C. qadına gözucu baxdı.-Nə lazımdır? Deyə salam-kalamsız soruşdu.

Qoca qadın cavabdan təəccüblənsə də cavab verdi:

-Bağışla oğlum,narahat etdim.Mən burda yaşayıram.Evim yanıb.Hərə bir az kömək edir.Bəlkə sən də ....

-Sən heç mənim harda qaldığımı görürsən?-sözünü kəsdi.Sonra heç də qadına maraqlı olmayan darıxdırıcı həyatını ona danışdı.Qadına ağzını açmağa belə imkan vermədi.Ancaq yazıq qadını öz mənasız həyatıyla bezdirdiyinə görə ona nəsə verməyi özünə borc bildi.Gözü çırağa sataşdı.Heç düşünmədən çırağı götürüb qadına uzadıb  dedi:

-Al! Buna mənim ehtiyacım yoxdur.Bəlkə,sənə köməyi dəydi.İçi də doludur.

Qapını çırpdı..

Qoca qadın bu qəribə adamın nə verdiyini anlamaq  üçün bir neçə dəfə toxunduqdan sonra çıraq olduğunu başa düşdü.Qocaya qəsəbə sakinlərin tapdığı kiçik otaqda elektrik vardı.Həm onun heç çırağa da ehtiyacı yoxdur ki,Axı  o kordur....


... dəfə oxunub
Qiymət: 6/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
3+37=
Hesaba giriş
Müəllif

Peykər İbrahimova
Haqqında
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində təhsil almışam. Yazıram,çünki,yazmaq-bütün dünyanı,problemləri arxada qoymaqdır.Yazıram çünki,hərf,söz və cümlələrdən ibarət bir dünya daha maraqlı görünür.
Əlaqə
E-mail:
peyker@ymail.com
Sosial şəbəkə:
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0258 saniye