SƏHİYYƏ - bizdə və onlarda
Şəfiqə Şəfa tərəfindən "Digər yazılar" bolməsinə 12:39 08 iyul 2015 tarixində əlavə olunmuşdur

Dövrümüzdə geniş yayılmış ağır xəstəliklər səbəbindən xarici ölkələrə müalicə üçün üz tutan xəstələr, təəssüf ki, çoxluq təşkil edir. Əlbəttə, acınacaqlıdı ki, dövlət hesabına yenilənən, hər cür müasir avadanlıqlarla, texniki vasitələrlə təmin edilən xəstəxanalarımızda bu gün də yaxşı həkimlər barmaqla sayılası qədərdir. Amma ən acınacaqlısı isə təkcə öz insanımızın deyil, başqa dövlətlərin vətəndaşlarının, hətta mütəxəssislərinin belə Azərbaycan səhiyyəsinə irad tutmasıdı. Konkret olaraq, bu günlərdə türkiyəli onkoloq Hamdi Köçerin müsahibəsi, Azərbaycan səhiyyəsinə - onkoloji sahəyə tutduğu irad və göstərdiyi faktlardan bir azərbaycanlı olaraq həm utandım, həm də qorxdum.  "Azərbaycanda 2 mindən çox xəstə gördüm, bunlardan min nəfərini həkimlər əməliyyata yazmışdılar, amma 100 qadına əməliyyat lazım idi. Qalanlarının xəstəliyi yox idi”, - deyən həkim azərbaycanlı həmkarlarının xəstələri sağaltmaqdan çox, onlara dərman sırımaqda usta olduqlarını deyirdi. Bəlkə də, buradan qovulduğu üçün bir az da şişirdilmiş şəkildə danışırdı. Hər halda biz türklər abartıya meyilliyik. Amma etiraf edək: hər həkimə müraciət edəndə azmı torba dolusu dərman resepti ilə çıxmışıq? Xəstəliyə tamamilə dəxli olmayan "importnı” dərmanlara azmı aptek-aptek gəzib, dünyanın pulunu ödəmişik? Heç olmasa, o bəzəkli, bahalı dərmanların bir xeyri olsa (xəstəliyin özünə də olmasa, ən azından ümumi orqanizmə) adam yanmazdı. Üstəlik, sağaltmaq yerinə, əks təsirləri, başqa orqanları zədələməsi də başqa bir dərd. Nə isə... biz danışırıq, andını, vicdanını unutmuş "həkim”lər öz işlərindədir. Yəni baş ağrıdan "çax-çax” rolunu oynamaqdan usandıq, "dəyirman” isə öz bildiyini etməkdən bezmədi. Niyə də bezsin axı, "çax-çax"ların çoxluğuna baxmayaraq, "çax-çux"lar da az deyil...

Öz "həkim”lərimizin ürəksıxan məziyyətlərini bir kənara qoyub dünya həkimlərindən və səhiyyəsindən misal çəkmək istəyirəm. Bəlkə ürəyimiz açıldı, ya da şeytanın qulağından uzaq, birdən kara gəldi.

Bu günə qədər ən yaxşı səhiyyənin Almaniyada, İsraildə, bədəbəddə İranda, Türkiyədə olduğunu bilirdik, xəstələrin böyük əksəriyyəti ora üz tuturdu. Düz də edirlər, bu ölkələr yaxşı həkimlərin "boy göstərdiyi” səhiyyə sisteminə malikdirlər. Amma həmin ölkələri də geri qoyan səhiyyə sistemi harda olsa yaxşıdır? Şəxsən mən inanmazdım, amma fakt budur – Honkonq, Sinqapur, İspaniya, İtaliya, Cənubi Koreya. Adları çəkilən bu ölkələrdə nəinki həkimlər, hətta ən kiçik tibbi personal belə yüksək səviyyəli, praktik hazırlıqlı, ən əsası gülərüzlü və xəstə ilə dost olmağı, onun ailə üzvünə çevrilməyi bacaran səhiyyə işçiləridir.

Cənubi Koreya həkimləri Hippokratın ruhunu şad eləyən kateqoriyadandırlar – xəstənin kimliyini (sosial vəziyyətini, millətini, oriyentasiyasını, nüfuzunu) nəzərə almadan onun müalicəsini canla-başla həyata keçirirlər. Yəni xəstə şah, yoxsa onun nökəridir – fərq eləməz, eyni xidməti və şəfqəti görəcək.

İtaliyada isə ölkəsinin vətəndaşları cərrahi əməliyyatları istənilən klinikada (özəl də daxil) pulsuz keçirə bilirlər. Dövlət xəstəsinin hesabını özü qapadır. Hətta ölkənin vətəndaşı olmayan, qanunsuz yaşayanlar da ən azından, təcili tibbi yardım xidmətindən pulsuz istifadə edirlər. Burda lap kövrəldim. Yadıma bir il əvvəl ambulans xidmətindən (dövlət!) istifadəyə görə 20 manat ödəyəndə, az qala o pulun başıma çırpılmağını xatırlayıram. Bircə ona sevinirəm ki, 20 manatlıq əskinas kağız idi, dəmir pul olsaydı neynəyərdim?! Amma italyanlar həm ambulanslardan, həm də ağxalatlılardan yarıyıblar. Ona görə də bu ölkə uzunömürlü insanların yaşadığı yerdir. Burda 70 yaşında dünyasını dəyişənə "Yazıq cavan getdi”, - deyirlər.   

İspaniyada həkimlərin xüsusi savadlılığı və yüksək mədəniyyəti ilə seçildiyini deyirlər. Düzü, bir-birinə vaxtaşırı pomidor tullayan qarabala, emosional millətdən bunu gözləmirdim, amma mən də eşitdiyimi, oxuduğumu deyirəm. Bu ölkədə əməliyyatlar pulsuz olmasa da, həkimin yazdığı reseptdəki bütün dərmanları klinika özü təmin edir – HAVAYI!  Görəsən, onların əczaçıları balalarını necə saxlayırlar?

Hələ bu Honkonq və Sinqapur məni lap təəccübləndirdi. Uşaq yiyəsi olmaq istəyən bu "cırtdan”lara müraciət eləsin. Bu ölkələrdə ana və körpə ölümü demək olar ki, qeydə alınmır. Çünki səhiyyə sisteminin ən çox diqqət ayırdığı sahələrdən biridir. Hətta reytinq siyahısında Honkonq səhiyyəsi günümüzün ən yaxşısı kimi 1-ci olub. Bizsə, hələlik qibtə edə bilərik. Düzdü, həkimlərimiz məsləhət görmür – qibtə, paxıllıq səhhətə pis təsir göstərir. Tövsiyə olunur ki, belə hallarda pulla tutulmuş dostlara, yəni psixoloqlara müraciət edək.

Qərəz, yaxşı həkimlərimizə Allah can sağlığı versin, onları "həkim”lərin əlinə salmasın!

(P.S Mən uşaqlıqdan ilanın piyaləyə zəhər tökməsini heç qəbul eləməmişəm. Düzdü, elə o vaxtdan köhnə bazara təzə nırx qoyanam (yəni - asi), amma bunun xasiyyətlə heç əlaqəsi yoxdur. Odur ki, o vaxtdan indiyə kimi təkrar edirəm: səhiyyə sistemini zəhərə döndərən o ilandı, həkimlərin günahı-zadı yoxdu!)


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+12=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
kshafiga@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0254 saniye