İnsan Ticarəti – müasir dövrümüzdə daha çox eşitdiyimiz terminlərdəndir. Son illər, dünyada gender problemi, insan alveri, qadınlara qarşı zorakılıq mövzularından bəhs edən xeyli sayda seminarlar, treyninqlər, dəyirmi masa və disskusiyalar təşkil edilsə də, bu sahədə kifayət qədər maarifləndirilmə işləri aparılsa da, bu problem yetərincə öz həllini tapmayıb. XXI - ci əsr – sivilizasiyaların yüksələn xətt üzrə inkişaf etdiyi dünyada insan ticarəti hələ də aktuallığını itirməyib. Təssüflər olsun ki, çagdaş dünyamızda insan ticarəti də, qara iqtisadiyyatın bir qolu kimi dünya bazarına daxil olub. Hazırda bu ticarəti ixrac və idxal edən qütbləşmiş iki ölkələr var. İnsan ticarətini ixrac edən yoxsul ölkələr və bu arzuolunmaz “ canlı məhsulu” qəbul edən imkanlı dövlətlər.Sovetlər birliyinin süqutundan sonra Rusiya başda olmaqla digər sabiq müttəfiq ölkələr çox keçmədən özlərini insan ticarətinin ağuşuna atdılar. İqtisadi böhran, ağır həyat tərzi, yenidənqurmanın acı fəsadları, maddi çətinlik, ehtiyac məngənəsinə salınan cəmiyyəti artıq çıxış yolu kimi insan ticarətinə sürükləyirdi. İndi, Avropanın əksər dövlətlərində əski müttəfiq ölkələrin qeyri - leqal, insan ticarətinin qurbanina çevrilmiş yüzlərlə vətəndaşını görmək adi hal alıb. Təxminən 25 – il əvvəl, rus - nataşaların Barselonanın gecə klublarınacan gedib çıxacaqlarını, ukraynalı mavi gözlü roksalanaların Antaliya otellərinin civarlarında “ xidmət” göstərəcəklərini, moldovan qızlarının Buxarestin gecə barlarında rəqqasəlik edəcəklərini və bizlər üçün ən acınacaqlısı, bəzi azəri xanımlarımızın iş axtarışı ilə, Dubay küçələrində var - gəl edəcəyini kimsə ağlına gətirməzdi.
Haqqında bəhs edəcəyim 33 – yaşlı Səma (ad şərtidir) xanım da, insan ticarətinə qurban gedən və seksual zorakılığa məruz qalan qadınlardandır. Zənnimcə, Səmanın başına gələn müsibətləri öz sözləri ilə oxuculara təqdim etmək daha maraqlı olar.
“Texnikomu bitirdikdən sonra Gəncədə kosmetika satışı ilə məşğul olan firmalardan birində işə düzəldim. İlk vaxtlar işimnən zövq ala bilmirdim. Müştəri tapmaq, onun nazını çəkmək, malları münasib qiymətə satmaq mənim üçün çox çətin olurdu. Sonralar, firmada məndən əvvəl işləyən və bu sahədə kifayət qədər təcrübəsi olan Leyla (ad şərtidir) adlı xanımla tanış oldum. O, mənə bu işdə çox yardımçı oldu. Mənə müştərilərlə necə sövdələşməyi, malı necə satmagı öyrətdi. Get - gedə münasibətlərimiz dogmalaşdı. Artıq özümü tək və bacarıqsız hiss etmirdim. Bir gün, yeni rəfiqəm Leyla məni yaxın dostu Elxanla görüşdürdü. Dostunun qızıl dükanında Leyla onunla ayrılmadan öncə mənim iştirakım olmadan xeyli söhbət etdilər. Sonra birlikdə Elxanın maşınına əyləşib Leylagilə gəldik. Rəfiqəmin iki otaqlı mənzili olsa da, tək yaşayırdı. Elə həmin gün, Leyla Elxan barədə mənimlə xeyli söhbət etdi. Dediyinə görə, dostunun İstanbulda, Qahirədə, Dubayda yerləşən “ nüfuzlu ” firmalarda xeyli dost – tanışı vardı. O, bu əlaqələr hesabına imkansız qadınları, həmin şəhərlərdəki dostlarının vasitəsilə yuksək əməkhaqqı ilə işə düzəldir. Leyla mənə onun necə bir gözəl şəxsiyyət olmasından agız dolusu danışır, dostunu qaygıkeş insan kimi təqdim edirdi. Axşam onunla ayrılanda mənə dediyi sözlər hələ də yadımdadır: “ Allah qoysa , iyunda Elxan Dubaya uçur. Çox yalvarışlarımdan sonra məni də qırmadı, dedi ki, gedək görüm, sənin iş məsələni necə həll edirəm. Eh, nəyimə gərək burdakı firmanın 100 – 150 dollarlıq maaşı. Elxan deyir ki, oradakı firmalarda 1 – il işləsən qayıdanda 10 min dollardan çox pul qazanarsan”.
Leylanın sözləri məni də həvəsə gətirdi. Bu söhbətimizdən iki gün sonra xaricdə işləmək arzumu evdə anama və yaşca məndən kiçik olan bacıma bildirdim. Bəlkə də, atam sağ olsaydı və ya, ailəmizdə bir kişi xeylağı tapılsaydı vəziyyət tamam başqa cür olardı... Nə isə, uzun söz - söhbətdən sonra onları razı sala bildim. Sabahı gün, Leyla ilə görüşüb fikrimi ona da açıqladım. Rəfiqəm Elxanla danışıb mənə cavab verəcəyini söylədi. Elə həmin gecə Leyla mənə zəng vurub dostu Elxandan razılıq aldıgını dedi.
1997 - ci il iyunun 20 - də mən, Leyla və tanımadıgım iki gənc qız (sonra mənə məlum oldu ki, onlarda Dubaya “işləməyə ” gedirlər.) yola çıxdıq. Dubay hava limanına endiyimiz zaman daxilimdə bir narahatlıq , bir sıxıntı hiss etdim. Leyla hərəkətlərimdən bunu başa düşüb qoluma girdi və dedi - ay qız, heç narahat olma, gördün darıxırsan, mənə de, üç-dörd ay işləyək, sonra geri qayıdarıq. Aeraportdan taksiyə əyləşib şəhərdən bir az aralıda yerləşən otelə gəldik. Otel bahalı deyildi. Elxanın götürdüyü dörd nəfərlik üçün iki darısqal otagın şəraiti belə düşünməyə əsas verirdi. Bizi otagımıza yerləşdirdikdən sonra, Elxan Leylanı kənara çəkib nə isə dedi. Rəfiqəm bizə yaxınlaşıb mənim və bizimlə gələn qızların pasportlarını alıb Elxana verdi. Leylanın öz pasportunu dostuna verməməsi məni bir azda şübhələndirdi. Otaga qayıdan rəfiqəmnən pasportlarımızın nə üçün bizdən alınmasını soruşdum? Leyla isə cavabında - ay qız, qorxma firmada işləyən dostlarına göstərib qaytaracaq. Axı sizi orada qeydiyyata salmalıdırlar, işləmə izni almalıdırlar - dedi. Artıq otaq yoldaşlarımla tanış olmuşdum. Rəna və Nilufər (adlar şərtidir) yaxın qohum idilər. Onları da, Dubaya çəkib gətirən firavan və xoş həyat arzularıydı. Eyni ilə mənim kimi... Axşam düşsə də, Elxandan bir xəbər yox idi. Artıq hamımızın gözləri divanda əyləşib keflə televizorda oynaq ərəb musiqisi seyr edən Leylaya dikilmişdi. Bu vaxt qəfil çalınan telefon zəngi hamımızı diksindirdi. Yalnız Leyladan başqa. Mənə elə gəldi ki, rəfiqəm sanki bu zəngi gözləyirdi. Oturduğu yerdən rahatlıqla qalxıb telefonun dəstəyini qaldırdı. Rəfiqəm zəng edən şəxsi dinləyib bircə kəlmə ilə - bu saat düşürəm - deyib, dəstəyi yerinə qoydu. Sonra üzünü bizə tutub -Elxan pasportlarınızı gətirib, düşüb alıb qayıdıram. Leylanın otagı tərk etməsındən xeyli vaxt keçsə də rəfiqəmnən bir xəbər çıxmaması məni tamam hövsələdən çıxartdı. Çarpayıdan qalxıb qapıya yaxınlaşdım. Elə bu vaxt qapı açıldı. İçəri Elxan və yanında tanımadıgımız iki nəfər kişi xeylağı daxil oldu. O, bizə həmin şəxsləri firmanın nümayəndələri kimi təqdim etdi. Sonra mənimlə bir otaqda olan qızları onlardan biri ilə yola saldı . Qızların sakitcə otagı tərk etmələri və mənim otaqda digər yad kişi ilə qalmağım şübhələrimdə nə qədər haqlı olduğumu ortaya qoydu. Çox həyacanlı olsam da bunu biruzə verməməyə çalışırdım. Elxan yanındakı hündür və cüssəli, təxminən 35 – 40 yaşlarında olan adamı mənə təqdim edib dedi - bu, sənin çalışacagın firmanın sahibi Səlcuq bəydir. Türkiyəli iş adamıdır. On ildir ki, Dubaydadır. İndi, mən sizi tək buraxmalı olacam. Səma, çalış Səlcuq bəyin bütün tapşırıqlarını yerinə yetir. Elxan əmr şəkilçilərindən ibarət sözlərini bitirib otagı tərk etdi. “ Firma sahibi ” onun gedişindən sonra otagın qapısını bagladı. Sonra yanımda əyləşib əlləri ilə üzümü sıgallamaga başladı . Bir anlıq özüm - özümnən iyrəndim. Birdən mənə güc gəldi. Cəld yanımda əyləşən o, ləyaqətsiz məxluqu özümdən kənara itələdim. Ayaga qalxıb qapıya tərəf qaçmaq istəsəm də, onun yogun biləkləri məni özünə çəkdi. Başımın arxası ilə onun sifətinə sərt zərbə vurdum. Deyəsən, sifətini bərk zədələmişdim deyə, əllərini məndən çəkdi. Agzından axan qanı görüb qəzəbindən mənə iki dəfə sərt sillə çəkdi. Sonra əynimdəki paltarları vəhşi hərəkətlərlə cırıb atdı. Artıq onunla mübarizə aparmaga taqətim qalmamışdı. Həmin gecəni indi də həyatımın ən dəhşətli, qorxunc günü kimi xatırlayıram . Belə hadisələri yalnız səviyyəsiz filmlərdə seyr etmək olar (Gözləri dolur, qəhərini boğmaq üçün stolun üstündəki stəkanı qaldırıb əlləri əsə - əsə, həyəcanla bir - iki qurtum çay içir).
Səhər açılanda otel otagımda heç kəs yox idi. Yataqdan qalxmaga halım olmasa da, buna məcbur idim. İndi məni yalnız bu cəhənnəmdən necə xilas olmaq düşündürürdü. Yerimdən tez qalxıb evdən gətirdiyim libaslardan geyindim. Üst - başımı səliqəyə salıb otaqdan çıxmaq istədim. Elə bu vaxt Elxan qapıda peyda oldu. Heç nə demədən onun üzünə tüpürdüm. O da bunu cavabsız qoymadı. Bir neçə dəfə yumrugu ilə sifətimə zərbələr endirdi. Sifətim tamam abırdan çıxmışdı. Mənə oturmagı və sakıtcə ona qulaq asmagı əmr etdi. İki yolum qalmışdı: ya intihar etmək, ya da onun əmrlərinə qeyri - şərtsiz tabe olmaq. Mən çarəsilikdən və acizlikdən ikincini seçdim.
Beləcə, 981 - gün Dubay küçələrində, istirahət etmədən, gecə - gündüz fərqinə varmadan öz " bədən biznesim ”i qurdum. Bu müddət ərzində 23 - dəfə polis tərəfindən saxlanıldım. Hər dəfə də , görünməz qüvvələrin köməyi ilə azad olunub buraxıldım.
2000 - ci ilin mart ayı idi. Otel otagımda təkcə uzanıb televizora baxırdım. Qəflətən otagın qapısı döyüldü. Cəld yerimnən dik atılıb qapını açdım. Gözlərimə inana bilmirdim. Bu, illər boyu qəlbimdə saxladıgım intiqam hədəfim, satqın rəfiqəm Leyla idi. O, dəvət gözləmədən içəri keçdi. Sakit tərzdə əl çantasını açıb mənım bir vaxt etibar edib ona verdiyim xarici pasportumu mənə uzatdı. Sonra 500 - dollar və öz vizit kartını çarpayımın üstünə atdı və dedi - düşündüyün qədər xain olsaydım bura gəlməzdim. İndi İstambuldayam. Əgər, nə vaxtsa məni dinləmək istəsən gəl. İndi isə, nə qədər gec deyil,bu xarabanı tərk elə, qurtul bu cəhənnəmnən...
Bahar bayramına iki gün qalmış artıq Bakı hava limanında idim. Ağaclar pöhrələnmiş, çiçək açmışdır. Mənim köksümdə isə, hələ də sazaq vardı. Daha məni, nə yaşıl bahar, nə yaz günəşi qızındıra bilməzdi. Siz, bir insanın qürurunun qırılmasını, ruhunun amansız ağrılar qarşısında necə çarəsiz qaldığını və bundan necə böyük bir əzab çəkdiyini bir bilsəniz...
Əfsuslar olsun ki, Səma kimi insan ticarətinin qurbanına çevrilən qadınlar heç də az deyil. Bu həssas məsələdə problemlərin çözümü üçün birgə mübarizə və gələcək qurbanlar verməmək uğrunda birlikdə mücadilə etmək bizlərin vətəndaşlıq borcuna çevrilməlidir. Bu istiqamətdə ən ümdə olanı isə maarifləndirmənin güclü aparılması, psixoloji dəstək və təmənnasız qayğıdır. Bir insan taleyinin başqa birisi tərəfindən alt - üst edilməsi günahların ən böyüyüdür. Günahlardan uzaq xeyirlərə vəsilə olmaq ümidi ilə Allaha əmanət olun...