Sən mənim dünyada sonsuz sevincim,
Sən mənim əbədi dərdim, qəmimsən,
Haqqın ərmağanı, qiymətsiz incim,
Ağır, dar günümdə tək həmdəmisən!
Dünyaya ün saldım, taleyim bəlli,
Yoxdur dərdlərinin çarəsi, həlli,
Həm mənə dərd oldun, həm də təsəlli,
Yavrulu yavrusuz bir mələyimsən.
Gözlərin gülsə də, qəlbin ağladı,
Yaralı qəlbimi yaman dağladı,
Yaran sağalmadı qaysaq bağladı,
Mənim dərd içində üzən gəmimsən!
Anama gəlinsən, balama ana,
Mənimçün gəlmisən sən bu cahana,
Yaman saldın məni, yar, nahaq qana,
Gahdan xilasgarsan, gah da qənimsən.
Bu qoca dünyada borcluyam sənə,
Nə qədər düşsəm də borana, çənə,
Nemətə həmdəmsən bilirəm yenə,
Allaha min şükür, sən ki mənimsən.
Nemət Pənahlı