"Sən ölümü soraqlarsan...."
Sən ölümü soraqlarsan,
Ölüm sənin sorağında.
Heç tələsmə,öz vaxtı var,
Gələr sənin sorağın da.
***
Qabaqlama gəl zamanı,
Görəcəksən o dünyanı.
Zənn etdiyin dünya hanı-
Rahat yaşa ocağında.
***
Beş gün oldu,vaxtın tamam,
Bu dünyaya indi yadam.
Yaşamağın tamın dadam,
Deyən, qaldı damağında.
****
Kaş bircə gün qala bilim,
Rahat nəfəs ala bilim.
Nəyi yada sala bilim
O Mövlanın qabağında?
***
Ömür başa çathaçatda,
Gün qürubda- bathabatda.
Qara bəxtim yathayatda,
Mövlud ölüm ayağında.
16.06.2014.Zərdabi.Mövlud Ağamməd.