Hər sözü gətirmək olmur dilinə
İçimdə bir mən var, deyir ki mənə,
Gəl gedək həyatın boşluq yerinə
Nə dünya, nə səma, nə də ki yer var
Yolumda sədd quran bu duyğularsa,
Xeyir, şər qardaşdır ziddinə varsan,
Şər olsun qoy səndən gələn nə varsa
Deyirlər, hər şərdə bir də xeyir var
Dəyər zənn etdiyin çıxırsa dönük,
Bu dərdin ağrısı dəyərdən böyük
Çiynimdə Zərdüştdən otuz illik yük
Hələ də yoluma davam deyir var
Bilirəm, bu yükü daşımaq olar
Bir hisslə fikrindən daşınmaq olar
Beləcə, əbədi yaşamaq olar
Sən varsan, qələm var, bir də şeir var