Sən günəşsən, mən də nuram deyəsən,
Qoy desinlər fərqi nədir, bilim mən.
Sən zirvəsən, mən də qaram deyəsən,
Ələnməkçün o zirvənə gəlim mən.
Qoruyum şaxtadan, ayazdan səni,
Oduna od qatım, hərarət verim.
Ümidliyəm görüm bir azdan səni,
Qəlbimdən qəlbinə məhəbbət verim.
Dağdan çiçəkləri dərib, ey gözəl,
Telinə düzməyə göndərim sənə.
Nəğmələr yaradıb, yazsam da qəzəl,
Bilirəm az olar, az olar yenə.
Sən özün şeirsən, qəzəlsən, gülüm,
Mənim şeirlərim quruca sözdür.
Necə də incəsən, gözəlsən, gülüm,
Eşqin ürəyimdə alovdur, közdür.