Biz bir-birimizin tayıyıq. Hamımız eyni şeyləri istəyirik: sağlamlıq, xoşbəxtlik, uğur və s. Amma buna baxmayaraq biz yenə də fərqliyik. Bizim fərqliliyimiz normal qəbul olunmalıdır. Əks halda dünyanın bir ucuna toplaşaraq eyni düşünərdik, eyni görərdik, eyni hərəkət edərdik. Unikallıq-dünyamıza fərqli baxış, fərqli düşüncə, fərqli aura verir.
Unikallığımız fiziki aspektdən və mədəni əlamətdən asılı deyil, eyni zamanda özünü coğrafi mentalitetdə göstərir.
İnsan öz yolunu ətrafa əsasən seçir, yaşayır, səhv edir, düşünür. Ona görə doğru olan kiməsə görə yanlışdır. Onun düşüncəsini kimsə qəbul etmir. Onun yaşamı kiminsə kabusudur.
Elə yaşayır ki, varlığı sezilmir. Elə yaşayır ki, ölümü gözləyir.
Amma sən yaşadıqca yaşamaq istəyirsən. Şəxsi problemlər, ailəvi qərarlar, kommunal borclar, karma qanunu vecinə də deyil. Hansısa ağlasığmaz addımınla həyatını 180 dərəcədə dəyişdirmək, "nə deyərlər"ə qulaqardı vurmaq, auradan pay vermək arzusundasan. Küçədə inamla addımlamaq, siyasi problemlərə inad qulaqlıq taxmaq, atmosferi öz xeyrinə dəyişdirmək kimi çılğınlığın var.
Arxitekturaların gözəlliyinə gülümsəyə bilmirsən, amma dünyada aclıqdan əziyyət çəkən insanların təbəssümlərini dəlicəsinə qısqanırsan. Tısbağanın yerişinə həsəd aparacaq qədər bədbəxt olmaq istəmirsən, ölkəni dəyişdirmək fikrindəsən. Sadəcə yaşam ehtirasının həddindən artıq olmasını istəyirsən.
Amma dünyada elə insanlar var ki, hər cür situasiyalarda yenə də dəyişilməz olaraq qalırlar. Düzgün insanlarla əhatələnmələri onların ən böyük şansıdır. Onların gözəl evləri yoxdur, amma sevimli işləri var.
Sadəcə bir həqiqəti dərk et: Həyat-var olmaqdan artıqdır, yaşamalısan.