SƏNDƏN SONRA
Şəfiqə Şəfa tərəfindən "Şeir" bolməsinə 13:03 04 iyul 2014 tarixində əlavə olunmuşdur

Səndən sonra...

Nəyin qaldı səndən sonra?
Bir quru ad, solğun xəyal, 
Dilimdə bir aciz sual:
“Nəyin qaldı səndən sonra?”
Suya həsrət torpaq kimi,
Soyuq küləyin yorduğu
tənha qalmış yarpaq kimi,
Özü boyda yara olub qaysaq kimi
eşqin qaldı səndən sonra...
Nəyin qaldı səndən sonra?
Soyuq görüşlərin qaldı,
Payız yağışı altında islaq öpüşlərin qaldı,
Hicran oduna ataraq,
Sevgimə zəhər qataraq 
çıxıb gedişlərin qaldı.
Nəyin qaldı səndən sonra?
Ürəyimdə buz bağlamış məhəbbətin,
Yoxsa vəd etdiyin “bir ömürlük səadətin?”
Hər görüşdə uşaq kimi ağlatmaq tək,
Hər görüşdə qürurumu sındırmaq tək
düzəlməz adətin qaldı...
Başqa nəyin qaldı?!
Hə, yadımdadır:
Yaz ayında bu dünyaya təzə gəlmiş
körpəcə bir çiçək dərdin,
mənə verdin.
Səndən bir hədiyyə sanıb,
Ləçəyinə tarix yazıb,
Onu bir kitaba sərdim.
Günlər, aylar ötüşdükcə
bu körpə çiçək qurudu,
Quruduqca artdı dərdim.
Solğun-solğun o, kitabın arasından,
Xatirələr sırasından 
mənə baxdı,
Elə hey nifrətlə baxdı...
Bəzən düşünürəm: bəlkə Tanrı,
Körpəykən ölmüş çiçəyin əvəzini bizdən çıxdı!...
Nə bilim ki!
Eşqinin “vaxtsız ölümü”ndən 
kədərlənən asi dilim dediyini bilirmi ki?.. 
Daha sonra?
Bəlkə unutmuşam, 
Sən de onda!
Nəyin qaldı səndən sonra?
Bir quru ad, solğun xəyal,
Yorulub yarıda qalmış bəxtsiz vüsal,
Bir ovuc acı xatirəylə,
Ürəyimdə daşa dönmüş 
sevgin qaldı səndən sonra!..


... dəfə oxunub
Qiymət: 8/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
3+15=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
kshafiga@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0272 saniye