Səndən sonra taleyimə uduza bilmirəm...
Səhər açılır,
gecə düşür
qismət deyilən aldatmacanın
qəhqəhələriylə...
Yaşaya bilməmək -
ölə bilməməyin cəzasıymış,
heç bilmirəm ki, adam bu döngüyə necə düşür...
Sonra yeni bir döngü başlayır
əbədi qayıdışın qum saatı kimi...
Hər dəfə sona çatdım dedikcə
başıaşağı dönür həyatın,
oturub gözləyirsən
içindəki həsrətin bitməsini,
növbəti əsəb gərginliyindən qurtulmaq üçün
azca bədahətin gəlməsini...
Gəzişirsən otaqda əllərin qoynunda,
vaxt donur,
sallanıb saatın əqrəblərindən
çəkmək istəyirsən ölümünü qabağa
Yaşayanlar da, yaşadan da buna duyarsız,
nə yaxına yetir səsin,
nə ünün yetir uzağa...
Elə bir yaradanı var ki bu dünyanın,
əməli ilə sevgisi tərs mütənasib:
o dünyaya həsrət çəkmək müqəddəs,
intiharsa hər halıyla qadağan...
İndi səni izləyirəm
yağışlı oktyabr ayının hüzünlü pəncərəsindən...
Dağlara getməli Zərdüşt də daha yaşını ötürdü
Tonqalını öz içindən qaladı o,
odunu da azca səndən götürdü...
Bəlkə cismi ilə ruhunun yaşı tutmadı onun,
bəlkə də səndən sonra özünü belə ovutmuşdu
Bəlkə də on il əvvəl artıq gedib dönmüşdü,
bəlkə də sadəcə bunu unutmuşdu...
Elə gözəl gülürdün ki,
unutmamaq əldə deyildi
İkimiz də məsum sayılmazdıq bir yerəcən:
üzüyuxarı, göyə doğru sal daşlar atmışdıq,
sən susanda o daşlar üzüaşağı gəlirdi...
Ancaq günah səndə deyildi,
günah təkcə elə məndə idi, deyəsən:
çünki sən güləndə mən axmağın
əbədi yaşamağı gəlirdi...