Bircə xəbər ala bilsəm səndən də bu ərəfə
Görən, keyfin yerindəmi, halın necə görəsən?!
Təhlükə də yaxınlaşır aramla biz tərəfə
Narahatlıq elə didir məni ta içəridən...
İkiəlli olmağın da faydası yox bu ara
Söz keçirə bilmirəm ki əllərimə, yazalar
Ürəyim də gəlmir sənə yazım iki kəlimə
Hisslərimə savaş açıb bədənimdə əzalar
Qorxum kobudluğun deyil, səndən gələn xoş olur
Yaxşı halda acılayıb edəcəksən başından
Mənim dərdim tamam ayrı və mən ancaq qorxuram
Duyacağım həqiqətin ağır olacağından...
Ən sonuncu təsəllitək bu qorxu da yaxşıdır
Sənin xəstə düşməyindən ya da pis olmağından
Səni dərin sevməyi də demək, bacarmamışam,
Əhvalını yozuram tək sənli yuxularımdan
Mənsə səni istəyirəm elə dərin sevim ki,
Pıçıldasan belə duyum fəryadların içində
Könlüm sənlə təkbaşına köklənib ən çətinə
Səni sevmək asan deyil milyardların içində
Hələ gücüm yetənlərlə yetinirəm, başa düş
Xəbərin yox səndən sonra nələr uğurlamışam
Bəzən səbəbsizkən itsən öz içində anidən,
Bil ki, xəyallarımdasan, səni oğurlamışam