Sənin hekayən
Seymur ORUC tərəfindən "Hekayə" bolməsinə 15:19 07 iyul 2015 tarixində əlavə olunmuşdur

Bu şəklə baxıram ki, burada mən yoxam, heç Zeynəb də yoxdu. Heç vaxt ailə albomumuzun baxdıqda məni kədərləndirə biləcəyini düşünməzdim. Hətta bəzən anamgilin bu alboma baxdıqda niyə kədərləndiklərini anlamazdım da. Amma indi daha yaxşı görürəm hər şeyi. Axan hər göz yaşımın arxasınca baxmaq isə məni çox aciz göstərə bilir sadəcə... Qonşu otaqda isə mollanın səsi.

Hə, Zeynəb demişdim bayaq. Onu ilk dəfə gördüyüm günü yaxşı xatırlayıram. Çox şeyi xatırlaya bilmirəm, amma o günü çox yaxşı xatırlayıram. Əynindəki gəlinliklə qarşımda durduğu gün “bax bu o qızdı, hər gün yuxuda gördüyüm və bir gün gələcəyinə inandığım o qız” demişdim. Heç sorğulamamışdım da ki, niyə əynində gəlinlik var, o qədər əmin idim ki, onun “o” olduğuna. Oldu da ... Daha sonra öyrəndim ki, sadəcə o bu dükanda işləyir, gələn hər gəlinliyi ilk o geyinir, bütün qızlar kimi xəyalındakı gəlinliyi və bu gəlinliyə yaraşacaq bir bəyliyi axtarır, ya da o bəyliyi geyəcək bir bəyi...

Lalə və Leyla - əkizdilər, amma hey didişirlər. Sakit keçən bir günü heç xatırlamıram. Bayaq dediyim kimi, əslində çox şeyi xatırlamıram, amma bu iki şirinin bir-biri ilə dava-dalaşsız keçdiyi günü xatırlamadığıma əminəm. Hə, onlar nəvələrimdi. Bilirəm çox qabağa getdim, amma əmin olun ki, həyat o qədər tez keçdi ki... Heç mən də anlamadım nə zaman bu qədər yaşlandığımı. İndi Zeynəbin yanında- həmişə başımızın ucunda olan bu aynaya baxıram. Üzümdəki qırışlar – onlar nə zaman yarandılar?

Yaxşı xatırlayıram, bəzən səhərlər yuxudan ayıldıqda yastığım islaq olardı. Bəzən bir ata danlaması, bəzən balaca bir küslük, bəzən səbəb olmadıqda isə səbəb yaratmaq o qədər asan olardı ki. Hələ o zamanlar anlayırdım ki, bir gün , yox-yox yaxında bir gün yox, bəlkə də çox uzaqda, amma bir gün mütləq, əvvəlcə nənəm, sonra babam, atam və ən son anam... Nə qədər də qəribədir hə, saydığım sıra – mən bu qədər doğru təxmin etməyi haradan öyrənmişdim? Bacılarım, qardaşım...

Ən çox 60 deyirdim, deyirdim ki, 60 yaş bəsdi. 60 yaşım tamam olmuşdu, o günü heç unutmuram. Hər dəfə mən “altmış yaş yaşasam bəsdi” dediyimdə Zeynəb “o zaman bax elə o gün – altmışıncı yaş günündə bir balta alacam və boğazını vuracam” deyərdi.Amma o zamanlar o sözləri deyəndə nə mən, Allahdan daha 10 il möhlət istəyəcəyimi bilmirdim, nə də Zeynəb o gün baltaya gücünün yetməyəcəyini hesablamamışdı. Bütün günü Zeynəbin yatağı başında keçirmişdim. O gün bu gündür, nə Zeynəb o yataqdan, nə də mən Zeynəbin başından ayrılmamışam. Tam 5 il...

İndi Vüqar – böyük oğlum, Allah onu saxlasın, çox yaxşı oğul oldu. Elqar kimi bizi qoyub qaçmadı Amerikaya. Hə, qəbul edirəm, onun Amerikaya getməsini, özünə gələcək qurmasını mən istəmişdim.  Amma indi ...

Atamın öldüyü gün xatırladığım beş-üç şeydən biridi. Xatırlamamaq – bəlkə də Tanrının insana etdiyi ən böyük hədiyyədi – ötən 65 ildə basdırdığım bir çoxunu xatırlamıram. Qəlbimdə bir ağrı var, amma bu ağrı kimə məxsusdu,xatırlaya bilmirəm – belə daha yaxşıdı. Atamın öldüyü gün nə qədər ağır olsa da mollanı mən çağırmışdım atamçün. İndi Zeynəb üçün Vüqarın mollanı çağırmasını görüb xatırladım o günü.

Molla – qəribədir, hə? Zeynəbin ən sevmədiyim şeyi Allaha inancının az olması, bəlkə də heç olmaması idi. Amma indi mollanın ağzından çıxan hər kəlimə Zeynəbin son 5 ildə çəkdiyi bütün ağrıları bir-bir azaldır. Bir qədər sonra isə onun bütün ağrıları sona çatacaq.

Yox, mən vəfasız deyiləm. Zeynəbim – ömür-gün yoldaşım can verərkən, mən onu yalnız qoyub alboma baxmaq istəməzdim – ailə albomumuza. Sadəcə onun can verməsinə tamaşa etmək istəmirəm.

Ailə albomu ... İndi fikir verirəm ki, ailə albomu dediyim bu şəkillər külliyyatının ilk yüz şəklində olan hər kəsdən sadəcə mən və Zeynəb həyatdadı. “Zeynəb həyatdadı!”  İlk vərəqlərində isə, heç biz də yox idik. Əvvəlcə anam və atam, sonra mən və Zeynəb, bacılarım, qardaşım, onların yoldaşları, sonra uşaqlarımız, gəlinlərimiz, kürəkənlərimiz, sonra nəvələr... Deyəsən bu yazının ilk cümləsi də elə belə başlamışdı – “bu şəklə baxıram ki, bu şəkildə mən yoxam, heç Zeynəb də yoxdu” İlk şəkillər idi bunlar. İndi bir şeyə daha fikir verirəm. Deyəsən yenə əvvələ dönürük – başladığımız yerə. Belə baxıram ki, yenə biz  olmayacağıq bu şəkillərdə. 

... Bilirəm, bütün hekayələrdən, kitablardan, filmlərdən gözlənilən bir həyəcan yaşamadınız bu yazı ilə. Amma mən lap başda özümü sığortalamışdım. Axı bu sənin hekayən idi. İndi deyil də, bir gün anlayacaqsan – həyat gözlədiyin həyəcanlar qədər maraqlı deyil !

 

  

 

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+10=
Hesaba giriş
Müəllif

Seymur ORUC
Haqqında
Yaxında dərc ediləcək "Roman Azərsoy" kitabının müəllifi
Əlaqə
Tel.:
(+994 77) 270-10-20
E-mail:
symr.rc@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.028 saniye