SƏNLƏ TANIŞ OLAQ BİZ QANUN ÇƏRÇİVƏSİNDƏ.
Yazaq gəl, ordan- burdan,soraq arada əhval,
"İşim var" deyəndə də deyək "Nolar, biraz qal".
Nə səndə can qalmamış,nə də gülüm,məndə hal,
Sənlə tanış olaq biz qanun çərçivəsində.
Maddə-madə oxuyum səndə nizamnaməni,
Eşqim günah olarsa verginən qətnaməni.
Vur qoluma qandalı, dəyişəmməz ki, məni ,
Sənlə tanış olaq biz qanun çərçivəsində.
Ömürlük iş kəs mənə, olum sevdana məhkum,
Alnından öpəcəyəm qapat gözlərini, yum.
Cinayətə yolunda sevə-sevə qol qoyum,
Sənlə tanış olaq biz qanun çərçivəsində.
Məhkum eylə qəlbinə əff etmə məni amma,
Duyğuların hökmünü ağırlaşdır daima,
Gözlərini qarovul eylə mənim yanıma,
Sənlə tanış olaq,biz qanun çərçivəsində.
Seymur narazı deyil ,hökmü sənin dilində,
Əlimi qandallayıb saxla öz əllərində,
Ömürlük cəzamı kəs ömrünün illərində,
Sənlə tanış olaq biz qanun çərçivəsində.
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
10.09.2017