Səni yad etməyənə sevginin qüruru qənim
Qaralıb sən gedəli gözlərimin nuru mənim,
Çalınıb üstümdə İsrafilin suru mənim
Qulağımdan nə silinməz, nə də uzağa gedər
Necə dözsün bu fərağa axı sənsiz bu şəhər?!
Elə getdin, hələ də anlamıram baş verəni
Dolu qəlbdən yayınıb əxz elədin boş verəni
Niyə boş vermir ürək, söylə, onu boş verəni?!
Hara qaçsam da yaxınsan mənə bir arzu qədər
Necə dözsün bu fərağa axı sənsiz bu şəhər?!
Səni əqlim məndən yan eləyib, qoymamışam
Hələ səndən gerçək bir xəyala uymamışam
Elə bil, təkcə sənin varlığına oynamışam
Həyatın püşkünü də indi gedibdir o hədər
Necə dözsün bu fərağa axı sənsiz bu şəhər?!
Məni boşdan belə bədbin havada sanma ki, çün
Üzümün rüsxəti yox sənsiz ikən gülmək üçün
Tutunub bir ümidə bir də səni görmək üçün
Nə qədər yol dolanardı boşa Lazım küçələr
Necə dözsün bu fərağa axı sənsiz bu şəhər?!