Sərxoş
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 22:50 26 may 2023 tarixində əlavə olunmuşdur

Susdum...

Sən gülümsə,

Heç nə demə, sadəcə

Susaq sənlə baş-başa

Sən heç narahat olma,

Mən isə gülüşünlə

Azca rahatlıq tapım...

Nə qədər çətin imiş

Ümidsiz bir arzudan

Təsəlli hazırlamaq

Bir az yalan və xoşluq,

Bir azca da alkoqol

Sonra da xatırlamaq

İnancsız olduğunu

və inana bilməmək

qurduğun yalana da...

Başqa çarə bilmirəm

Bir sükut var əlimdə,

Bir də sənin yoxluğun

Bir də ki, mənasızlıq...

Hər şey incidir məni,

Bir söz də ağır gəlir

Yüz vərəqlik kitabdan…

Bircə aman versələr,

Ətrafımda fırlanan

Sükutuma qəsd edən

Bu ikiüzlü dostlar,

Bu müştəbeh doğmalar

və xatırlatdıqları

Bütün sığma-boğmalar...

Sıxıb yaddaşlarını,

Çıxarıblar həvəslə

İllərlə yığdıqları

Xoşbəxtlik borclarını

Başıma qaxmaq üçün

Düzülüblər sırayla,

Dəyir bir-bir başıma

Bilmirəm neçəncisi

Mənimçün indi hamı

Təmənna dilənçisi...

Mənsə xatırlamıram,

Çünki yoxdur yaddaşım

Kin saxlaya bilmirəm,

Amma gəl ki yalandan

Bir təmənna naminə

Nə təsəlli vermirəm,

Nə də sevə bilmirəm...

Sevə bilməkçün məni

Məndən yüz cür sevimli,

Gözəl büt düzəltdilər

Xəyallar yüklədilər

Arzular bəzətdilər

Bütdənsə səs çıxmadı,

Yıxdılar, devirdilər...

Təmənna güdənləri

Sevə bilmirəm daha

Bütün tellər qırılıb,

Bütün yollar tıxanıb...

Nə Allah, nə doğmalar,

Nə dost, nə də bir həmdəm

Təmənna güdülməsə,

Heç birinin zərrəcə

Vecinə də deyilsən...

Hamı saxta, tələbkar

Bir sürü dərd yığını

Hamısı varlığını

Ən dəyərli, ən mühüm

Sırımaqdadır sənə

Bircə sükut həminki,

Tanıdığım sükutdur,

Bir də ki tənhalığım...

Önümdə də boylanır

Yalan dolu bir şüşə

Görən nə qədər içsəm

ya da sussam durmadan

Bəs eləyər bilmirəm…

Çox da həris deyiləm,

Mənə kifayət edər

Mənlə yaşıd əzabım

bitə biləcək qədər

Yaddaşım ya da ağlım

itə biləcək qədər

Bu halım əzab verir,

Bəlkə də üzülürsən,

Çox həssasam, bağışla,

Bir qadın gülüşündə

itə biləcək qədər...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+10=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0359 saniye