Səsinin sehri
Səsinin sehrinə düşmüşəm sənin...
Səsinlə açılır, qapanır günüm.
Səsin həzin musiqi tək qulağımdadı,
Dupduru bulaqdan süzülən su tək
dodağımdadı,
Düşünən beynimdə, görən gözümdə
Deyilən sözümdə, bütöv özümdə,
Səsin nəfəsimdə, səsin dilimdə,
Səsin otağımda, yatağımdadı.
Hərdən sinəmdə ürək yerinə
səsinin səsini eşidirəm mən,
Bu səsin ritmiylə döyünür qəlbim,
Biləyimdə vuran nəbzin adı da –
səsindir sənin!
Səni tanıdığım çox az müddətdi...
Amma bu nə sirdi, bu nə qüdrətdi?
Elə bil səsinlə doğulmuşam mən,
Sanki səni tanıdığım o günə qədər
mövcud deyilmişəm, yoxuymuşam mən!
Danış! Qoy səsinlə yaşayım sənin,
Səsin mənimkidi, cismin özgənin...
Qoy səsin evimin divarlarında,
Qoy səsin beynimdə, qulaqlarımda
səslənsin, titrəsin, lap hiddətlənsin,
Təki səsin gəlsin!
Mən sənsiz olsam da, səssiz olmayım,
Mən özündən doydum, səsdən doymadım...
Səsinlə qovuşdum, təninlə deyil,
Səsinlə xoşbəxtəm, səninlə deyil!