İnsanlar var ki, səssizlikləri ilə danışarlar. Aqil şəxsiyyətlər üçün onları dinləmək, anlamaq, duymaq çox da çətin olmaz. Dünyanın bu, ağır və həyacanlı zamanında səssizlik, qarmaqarışıq səslər içində daha aydın, daha səlis duyulur.
Qocalar evinə atılan ağbirçək ananın qapiya dikilən baxışlarındakı dərin hüzün çox şeyləri anladar səssizliyində. Nankor övladının gəlişinə ümid edər, ağ saçlı ana, ağsaqqal ata. Gələcəklərinə inanmasa belə, qəlbində bir təsəlli işığı alovlandırar. Bu, ixtiyarların danışmasına ehtiyac qalmaz. Səssizlikləri çox mətləblərdən agah edər, aqil olan insanları. Anasını tərk etmış atasını axtarar baxışları ilə, bəzi fidanlar. Danışmasalar da, məsum gözlərinin dərinlikləri çox şeylər söylər. Onların səssizliyinə qulaq versən, səslərinin sehrinə düşərsən. Onlar üçün bu, dünyada ata və ana qədər şirin heç nə yoxdur. Atalarını hamıdan güclü bilər, ancaq, atasızlıq onları çox incidər. Səssizliyi ilə danışar, onu tərk edən atası ilə. Qəlbində bir ümid alovu yandırar. Atasının bir gün geri dönəcəyini, onu bağrına basacağını xəyal edər. Bir boynu yoğun, gönü qalın məmurun zülmünə düçar olan fağırın susqun, çarəsiz çöhrəsinə nəzər sal. Məzlum baxışların dərinliyində Rəbbinə giley – güzarı var. Həyasız məmurun qalın, xırıltılı, anlaşılmaz səsi qarşısında həyasına qısılıb səssizliyi ilə danışır. Dinlə, diqqətlə qulaq as, gör necə can yandıran sözlər deyir, necə fəğan edir. Həyatını tənhalıqla bağlayan, cansız kitablarla daha yaxşı anlaşan, küçələrdə ömür – gün keçirən dünənin alimi, bu günün qəmgini. Bir ona da, diqqət yetir, nəzər sal. Oxuduqlarını içindəki səssizliyi ilə paylaşır. Ayaqlarının yanına uzanmış köpək dostlarından daha sadiq, daha etibarlıdır. Sahibinin elm adamı olmasından sanki iftixar hissi duyur. Sahibi ilə səssizliklərinin səsi ilə çox gözəl anlaşırlar.
Qarğa bazarında susub başlarını çiyinlərinə sıxmış bülbüllərin səsini eşidirsənmi? Səssizlikləri belə, onların gözəlliklərinə kölgə salmır. Səssizlərin səsinə qulaq ver, onların səslərində bir mənalı aləm var. Zatən qarışıq olan, qışqırıq basan dünyada, sənə ən çox xoş gələn elə, səssizliyin səsi olacaq...