sevgi mektubları
Samir Kərimov tərəfindən "Digər yazılar" bolməsinə 09:21 11 mart 2015 tarixində əlavə olunmuşdur

Bu gün...

Heç nə deməmək qərarını verdim. Və bu qərar məni bir anlığa olsa da rahatlatdı. Nədənsə özümü xoşbəxt hiss etdim. Amma üstündən heç bir dəqiqə belə keçməmiş yenə sıxıntı basdı canımı. Bəzən bilməmək ən yaxşısıdır. Son zamanlar ürəyimdə yaranan problemi daha ağır formada hiss etməyə başlamışam. Bəlkə də bu problemi mən özüm yaratmışam. Məni məhv etməsi üçün... Axır ki nə zəhrimardısa cox incidir. Ürəyim sanki dayanır bir neçə anlıq. Dərdimi burda yazmaqdansa həkimə desəydim bir çarə tapardı yəqin, yəqin ki...

Sabahkı gün...

Bu gün ürəyimdəki narahatçılığa gözlərimdəki narhatçılıq da əlavə olunub. Gecə çox yuxu görmüşəm, bəlkə də buna görə gözlərimdə ağrı var. Yenə axmaqlamağa başlamışam. Son vaxtlar doğrudan da bir həkimdə əməlli başlı yoxlamadan keçməliyəm. Yoxsa ki mənim həkimim tamam başqa bir şeydir. Tamam başqa bir məxluqdur. Hərhalda nəsə edib özümə biraz fikir verməliyəm. Bu qədər ki sağlığımdan şikayət edirəm. Özümü lap əldən düşmüş qoca kişilər kimi aparıram. Susmaq heç bir halda yaxşı bir şey deyil. Gərək nəsə deyəsən və bu ``nəsə`` gərək ki mənalı bir şey olsun...

Təzə ayın ilk günü...

Yalansız həqiqət – bu mənim sənə duyduğum hissdir. Sevgi hissi... Bunu nə qədər gizli saxlasam da səni bir o qədər çox istəyirəm. Sənə çoxlu gözəl sözlər demək istərdim. Amma bu sözlər şablon sözlər deyil. Hardansa əzbərlənmiş sözlər deyil. Sənə olan hisslərim – ürəyimdən gələn sözlərdir. Bunu o qədər də bacarmasam da sənə ürəyimdən keçənləri demək istərdim...

Bir neçə gün sonra...

Axır vaxtlar işıqfor kimi dəyişən əhvalım məni lap bezdirib. Dünən axır ki təklikdən darıxmağımı etiraf etdim özümə. Ən gözəli də elə bu deyilmi, özün özünə etiraf edirsən. Deyəsən dünən sənə vurğunluğumu da etiraf etmişəm, yenə özümə. Hətta buna aid bir poeziya da yaratmışam. Və orda sənin adını da yazmışam. Amma nə olsun, yenə də susuram. Belə susmağa davam etsəm sonunda lal ola bilərəm. İndi də laldan fərqim yoxdu ki... Məncə insan danışmağı bacarırsa danışmalıdır. Lal insanlar məni görüb söyə bilərlər ki, ey axmaq, sən ki danışa bilirsən, niyə danışmırsan? Bu gedişlə kar olmasam da yaxşıdı...

Ən pis günlərimdən biri...

Amma yəqin ki bu hələ ən pis günüm deyil. Və bununla mən özümə təsəlli tapıram. Amma nə qədər təsəlli tapsam da bu mənim əhvalımı düzəltməz. Ürəyimdəki narahatçılıq artaraq davam edir. Bəzən elə fikirləşirəm ki, gəbərib getsəydim bəlkə daha yaxşı olardı. Olmasayadı da qoy olmasın, təki sizin canınız sağ olsun! Mənim olmasa da olar. Bu gənc yaşımda demək olar ki, hər şeydən əlimi üzmüşəm. Bunu bəzən özümə heç yaraşdırmıram. Doğurdanmı yaşamaq eşqini bu qədər tez itirdim?! Ya da ki bu eşq özü məni tərk edib getdi? Yoxsa ki o heç vaxt məndə olmayıb?

Bir neçə dəqiqə sonra...

İndi sözü verirəm yenə də ürəyimə - Səni görəndə əllərim əsməyə başlayır. Sonra bu əsinti ayaqlarıma qədər enir. Onda mən qoca kişilərə bənzəyə bilərdim. Amma xarici görünüşüm hələ buna imkan vermir. Nəysə, həmişəki kimi yenə susuram və deyəsən həmişə susacam və bəlkə həmişəlik susacam... Görəsən bir gün bu qaranlıq adadan çölə çıxmağa cəsarətim çatacaqmı?! Yoxsa hələ mən üzməyi öyrənməliyəm. Ya üzməyi öyrənib çıxıb getməliyəm, ya da bu adada qalıb burda da ölməliyəm. Görünür elə də çox seçimim yoxdu. Bu cəhətdən yenə özümə təsəlli tapa bilərəm. Bəlkə hətta mən xoşbəxtəm...

Pis sandığım günün səhəri günü...

Əslində dünən heç də pis gün olmadı. Yəqin ki, bir şeyin yaxşı yoxsa pis olmağını bilmək üçün biraz gözləmək lazımdı. Dünən mən fikirlərimdə tələsdim, amma günün sonunda sənlə birlikdə yol getməyim mənim əməlli başlı əhvalımı düzəltdi. Hər şeydən əlimi üzəndə, hər şeydən bezəndə sənlə özümə sadəcə təsəlli tapmıram, sanki bütün həyatım normallaşır. Sənlə daha çox vaxt keçirmək, daha çox danışıb söhbət etmək istərdim. Sənə çox tez isinişirəm mən, həm də səni çox bəyənirəm. Elə olduğun kimi, elə sənin kimi. Kaş ki belə sözləri özünə deyə biləydim, bu işi çox da bacarmasam da ürəyimin sənə qarşı səmimi hisslərini deyərdim. Kaş ki...

Qadınlar bayramı günü...

Dünən yənə səninlə birlikdə yol getməyim məni o qədər sevindirdi və həyəcanlandırdı ki, bu sevincim və həyəcanım hələ də keçməyib. Hələ də əllərim əsir, ürəyim də ki elə hey döyünür. Yoxsa ki ürək döyünməlidir. Amma daha bütün bədənimi silkələyəcək formada yox. Yenə də mən ürəyimin bu cür döyüntüsünə normal baxıram. Çünki səni görəndə əldən ayaqdan getməmək mümkün olan bir şey deyil. Yaxşı ki yanında gedəndə büdrəyib yıxılmıram. Bu çox gülməli görünərdi, həm də axmaqcasına. Bir gün bir çılğınlıq edib sənə eşqimi etiraf etsəm yəqin həmin an ürəyim yerindən qopacaq. Amma yəqin ki, onu yerə düşmədən havada tuta bilərəm...

Kitablar...

Səni tapandan sonra mən özümü də tapdım. Səni tanıdıqca özümü də tanımağa başladım. Yenə kitablarıma qayıtdım, yenə özümə qayıtdım. Səni tanıdıqca kitablarımı da tanımağa başladım. İndi yanıma F.M Dostoyevskinin seçilmiş əsərləri olan kitabını qoymuşam. Bilirəm ki onun tutqunusan. Amma bu kitabı ona görə oxumuram ki, o sənin xoşuna gəlir, ona görə ki, bu ikimizin də xoşuna gəlir. Bu incə saqqallı kişi, bunun nəyinə vurulmusan, başı da keçəldi biraz. Amma sən ona diqqət ayırmısansa, deməli bu boş yerə deyil. Çünki sənin fikirlərin mənim üçün çox dəyərlidir...

Yollar...

Bu yolların çox hissəsi tozlu, palçıqlı, daşlı-kəsəkli olsa da mən səninlə birlikdə bu yollarda gedərkən tozlar qızıla, palçıq mərmərə, daş-kəsəklər isə bər-bəzəyə çevrilir. Mən isə tam bir axmağa çevrilirəm. Sənin yanında lap ağlımı itirirəm. Yaxşı ki təkcə ağlımı itirirəm. Birdən elə olar ki, səni itirərəm... Onda özümü də itirərəm. Bu yollardan, birdəfəlik ya da həmişəlik. Amma bu dəfə bədfikirli olmaq istəmirəm. İnanıram ki, biz birlikdə olacağıq. Və buna mən inanmaqda davam edəcəm. O vaxta qədər ki, inancımı tamam itirəcəm. Və onu bir daha tapmaq istəmiyəcəm...

Xəyalpərəst...

Bəlkə də bu ən yaxşı bacardığım bir işdir. Xəyal qurmaq. Bunu mən filmə baxmaq kimi təsəvvür edirəm. Bu filmin baş qəhrəmanı sənsən, bir də mən. Bu film dram janrındadır, baxdıqca lap kövrəlirəm. Nə deyirsən, birlikdə kitab oxumağımız maraqlı ssenari deyilmi? Özü də lap şam işığında, soyuq bir qış axşamında. Yox, gecəsində... Hər yer qarla örtülüb, hər yerdə işıqlar sönüb. Biz isə öz yerimizdə uzanıb şam işığında kitab oxuyuruq... Sən Dostoyevski, mən isə Nitşeni... Sobanın istisi isə bizi bu soyuq qış gecəsində daha da xoşhal edir... və sonra... Sonrasını yazmıyacam... hələ ki...

Günün sonu...

Yenə sənsizliyə gömüləcək bu gecəm də... Amma necə ki bütün günü səni düşünmüşəm, gecə də səni düşünəcəm. Necə ki bütün günü xəyalınla yaşamışam, gecə də səninlə bağlı çoxlu xəyallar quracam. Axı xəyal qurmaq mənim ən yaxşı bacardığım işdir. Bir gün bu xəyallar gerçəyə çevrilsə, ah! Bir gün dediyim nə vaxtsa deyil, çox uzaq deyil, bu yaxınlarda olsaydı... Çox yaxında... Kitab oxumaqdan başqa biz həm də kinoya da baxa bilərik, ikimiz, yan yana... İkimizi də xoşladığı bir dram filminə baxarıq. Kinoya sakitcə baxarıq, amma bəzi yerlərində müzakirə də edə bilərik. Deyəsən xəyallarım həddini çox aşır. Axı sən hələ mənim sevgilim belə deyilsən...

Ürəyim o qədər doludur ki... bunu yazmaqla bitirə bilmirəm. Sənə də deyə bilmirəm. Hələ ki görünür əllərimin üstünlüyü daha çoxdur. Sən məni həyəcanlandırandan sonra ürəyimdəki narahatçılıq da düzəlib. Yəni ki qəfil ağır döyüntülər keçib. İndi daimi ağır döyüntülərlə əvəzlənib. Bu gün Dostoyevski ilə dostlaşmışam.Artıq mən ona Dosto deyirəm. Özü buna icazə verib. AX, deyəsən yenə sərsəmləyirəm,artıq gedim. Bu gün səni görməmişəm, çox darıxmışam. Sağ ol, gecəmi yenə xəyalınla keçirəcəm. Yanlız sənlə, sənin xəyalınla...

Qarlı səhər...

Ah, bu səhərin açılması üçün bilsən nə qədər gözləmişəm. Gecələr çox uzun imiş, səhər heç açılmaq bilmədi. Axı dünən də səni görməmişəm mən. Darıxmışam yaman. İndi qəlbimi qəribə sevinc qarışıq həyəcan bürüyüb. Səni görmək həyəcanı... Bu səhər vaxtı, qarlı səhər vaxtında bu həyəcanla birlikdə ürəyimdə bir narahatçılıq da var. Görəsən axşam yenə birlikdə yol gedə bilərikmi?!? Son zamanlar həyatdan əlimin üzülüşməyi də hiss edirəm ki, keçib gedib. Çünki artıq nəyəsə can atıram, sənin üçün nəsə etmək istəyirəm və elə bilirəm ki, edirəm də. Amma daha çox şey etmək istəyirəm. Sənin üçün...

Vəfalı dostum...

Bu gün səndən də ayrıldım. Düz 5 il mənimlə oldun, sağ ol. Tələbəlik vaxtımda əsgərlik dövrümdə və indiyə qədər, bəlkə də məni çox yaxşı tanıdın sən – mənim telefonum – mənim köhnə dostum. Və bu gün mən səni tərk etdim. Sən məni bağışla mənim köhnə dostum – mənim telefonum. Artıq ürəyim dözmür, əslində bilmirəm nəyə, yox, bilirəm, bu yanlızlığa, bu təkliyə. İş o yerə çatıb ki, artıq səni də tərk etdim, mənim vəfalı dostum – mənim telefonum. Hiss edirəm ki artıq mən özümü də tərk edirəm...yavaş yavaş...

Özümə nifrət etdiyim gün...

Bu gün sənlə pis rəftar etdiyimi anladım. Görəsən çoxmu kobudam, yoxsa ki, çoxmu incə olmaq istəyirəm. İnsan gərək nə cür varsa elə də olsun. Bu gün sadəcə biraz əsəbi idim. Bu iş mənə əzab verir. Mənə elə gəlir ki, ürəyimdəkiləri heç vaxt sənə deyə bilməyəcəm. Mən elə beləcə təklikdə gəbərib gedəcəm. Heç kimə görə əsəbi deyiləm, sadəcə özümədir acığım. Mən axı deyəsən xəyal qurmaqdan da başqa bir şey bacarmıram. Elə bacardığım bircə budu. Görəsən çoxmu şey istəyirəm mən, əslində yox, çox şey istəmirəm. Amma çox dəyərli bir şey istəyirəm, səni...

F.M Dostoyevski...

Hə, Dosto, sən mənim dostumsan. Və səninlə elə səmimiyik ki, sənə Dosto deyə bilirəm. Bəs sən mənə nə deyirsən – Sam, Samka, Sumka, Susma! Eşitdim, sən mənə ``susma`` deyirsən. Amma mən hələ susuram. Bəlkə mənə ``sus`` deyəsən. Bilirsən Dosto, sənin burda bir tutqunun var. O hər dəfə sənin adını eşidəndə siması dəlicəsinə dəyişir. O sənin görkəminə vurulmayıb, amma sən biraz saqqalını qırxıb saçına da biraz əl gəzdirsən o səni bəyənə bilər. O yaxşı qızdı. Onu tanıdıqca mən də onun tutqunu oldum. Amma bu sirr aramızda qalsın, inanıram ki, səndən söz çıxmaz. Dosto, sənə təşəkkür edirəm. Sən yaxşı dostsan...

Mənim mübarizəm...

İndi Hitler məzarından durub məni söyəcək ki, onun sözlərini oğurlamışam. Narahat olma Hitler, heç yerindən də tərpənmə. Mənim mübarizəm sənin mübarizən kimi, dünyanı idarə etmək kimi cılız mübarizə deyil. Mənim mübarizəm mənimlədir, özümlədir. Mənim mübarizəm ruhumladır, mənim mübarizəm ağlımladır, qəlbimlədir. Mənim mübarizəm səninlədir ay Samir! Məni eşit, məni dinlə, ürəkli ol! cəsarət et bicə anlıq, cürət eylə! baxma geri ya irəli, anı yaşa! gör gəlmisən neçə yaşa! cəsarət et, qoyma ki dilin dolaşa! Pahoo! Mən lap şair imişəm ki...

Samirlə söhbətim davam edir...

Mənə bax Samir, qulaq as! Bu yaşına çatmısan nəyin var? İki ay sonra 26 yaşın olacaq, nə etmisən? Yaxşı, bir universitet bitirmisən, ali təhsillisən, əsgərlik etmisən əla! Xarici dil bilirsən, bu da gözəl. Özün də müəllim adamsan, nə yaxşı. Bayaqkı suala yenə qayıdıram, nəyin var? Bir ailən var: atan, anan, qardaşın, bacın. Eviniz var, diplomun var, arasında 8 ədəd alman və ingilis dilindən qazandığın sertifikatlar var, hərbi biletin də yanında, işin var, biraz pulun da var, telefonu bu gün satdın, daha yoxdu, və sairə bəzi şeylərin var. Bəs sənin ürəyin hanı ay Samir???

Samirin cavabı...

Bayaqdan məni tutmusan sorğu suala, saydın tökdün nəyim var nəyim yox. Adını da bilmirəm içimdəki mənsən nə zəhrimarsan. Amma heç demədin ki, mənim həm də çox dəyərli kitablarım var. Sənlə çox danışmayacam ey adını da bilmədiyim axmaq. Amma sənin sualına cavab verəcəm, mənim ürəyim hanı?? Mənim ürəyim bədənimin sol tərəfində, ağciyərimin yanındadır. İndi cavabını aldınsa rədd ol uç burdan! Bir də mənimlə danışmaq üçün gəlsən yaxşı bir nitq hazırla, nə bilim kursa falan get, sonra gəl. Ya da heç gəlməsən daha yaxşı olar, hətta ən yaxşısı elə budur...

Son gün...

Təşəkkür edirəm sənə. Mənə bir neçə vaxt da olsa xoş hisslər yaşatdın. Məni öz bataqlığımdan çıxardın, heç olmasa üst başım təmizləndi. Palçığım təmizləndi. Səninlə üzümə günəşin işığı səpildi. Səninlə qəlbim isindi və səninlə mən qəlb istiliyinin olduğunu anladım. Düzdür, sonunda yenə günəş batdı və mən yenə bataqlığıma qayıdıram. Amma sənə təşəkkür edirəm. Mənə bir neçə günlük xoşbəxtlik verdiyin üçün. Əlvida demək istəmirəm. Sadəcə sağ ol, həmişəlik sağ ol...

Yazmaq üçün fikirləşmək lazım deyil...

Yazmaq üçün əzab çəkmək lazımdır. Əzab çəkmək üçün hiss etmək lazımdır. Ürəkdən hiss etmək lazımdır, həm də lap dərindən. Bunun üçün də əlbəttə dərin, çox dərin bir ürək lazımdır. Yoxsa ki, başqa orqanlar bu işə yaramır, qəti yaramır. Sözlər ürəkdə hazırlanır, orda emal olunduqdan sonra qana qarışır. Sonra ürək sözlərlə dolu qanı vurur damarlar vasitəsilə əllərimizə. Və nəticədə əllər də başlayır yazmağa. Bütün bu proseslər saniyələr içində baş verir. Ürəyiniz nə qədər doludursa o qədər də yaza bilərsiniz. Düşünməyin, sadəcə yazın...

 

 


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+1=
Hesaba giriş
Müəllif

Samir Kərimov
Əlaqə
Tel.:
051 627 36 84
E-mail:
samir_kerimli@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.183 saniye