SEVGİ MƏKTUBU! 22/01/07 (Vətənimə ithaf edirəm)
Günel Fərhadqızı tərəfindən "Esse" bolməsinə 10:23 21 aprel 2016 tarixində əlavə olunmuşdur

Əziz TURANIM, necəsən? Əzizim, son məktubunda məni sevmədiyini, mən tərəfindən unudulmaq istədiyini, məndən ayrıldığını, başqasına qəlbini verdiyini bildirmiş və səni daha narahat etməməyimi məndən xahiş etmişdin…

Yaxşı yadımdadır, sən hər dəfə məni sınamaq üçün belə mətndə məktublar yazar, ayrıldığını bildirərdin, amma bu sınaqlar uzun sürməzdi, sənə olan sevgimi hər dəfə sübut etdiyim üçün səni geri qaytarırdım.

Hər dəfə məndən ayrıldığını söyləyəndə, çox kövrəlir, ağlayırdım, bir gün bu göz yaşlarımı Atan gördü, onu əlləri ilə silib dedi:

“- Əsl kişi ağlamaz, göz yaşı axıtmaz, güclü və iradəli olar, hər şeyə dözər! Bir daha nə olursa olsun, ağlama!”

Bağışla, söz verdim ki, ağlamayacağam, amma sözümün üstündə ilk dəfədir ki, durmuram, məni düz anlayacağına ümid edirəm!

Yaxşı yadımdadır, hər görüşümüz fərqli məkanlarda olurdu, mənim üçün sənlə bağlı xoş xatirələrin yaşadığı, mənim sevdiyim məkanlara səni yenidən çağıranda, sən bu görüşdən imtina edir, görüş üçün daha uzaq məkanlar seçir, yenilikçi olmadığımı mənə qəbahət bilirdin. Bir gün səndən o məkanlar barəsində nə düşündüyünü soruşdum, sənsə dedin:

“- O məkanlar sənin yadında deyil!”

Söylə, Əzizim, onları sən necə unuda bilmişdin?! Mənə xoş olan, əslində hər ikimiz üçün xoş olmalı olan bu yerləri, xatirələri necə unutmuşdun axı?! Onlar sənin üçün necə keçmişdə qala bilərdi?! Bu günündə yaşayıb sabahını düşündüyünü necə dilinə gətirdin?!

Bu dəfə nədənsə, sənin sınaq adlandırdığın ayrılıq çox uzun sürdü, əzab çəkməyə öyrəşdim, bu dövr ərzində… Atıldığımı, unudulduğumu hiss edirəm, sən bu dünyada varkən, mən necə atıla və unudula bilərdim axı?!

Əzizim, səndən çox uzaq olsam da, səni sevirəm! Məni sevdiklərini iddia edənlərin, onların qondarma sevgilərinin əhatəsindəyəm, onların varlıqları da, sevgiləri də qondarmadır… Bağışla, nə qədər çalışsam da, xahişini yerinə yetirə bilmirəm, Mən Onları Sevə Bilmədim, Bilmirəm! Mən Onlara Ancaq Nifrət Edirəm! Necə dilin gəldi, mənə sən yanımda olmadan onlarla xoşbəxt olmağımı mənə dilədin, son məktubunda?!

Tənhayam, Yaralıyam, Əzab çəkirəm, Ağlayıram, sənin isə ya bundan xəbərin yoxdur, ya da ki, bundan xəbərin olduğun halda, biganəsən?! Məni aldat, xahiş edirəm, yenə söylə ki, bu növbəti bir sınaqdır və tezliklə sənə qovuşacağam! Yalanınla məni bu acı gerçək yuxudan oyat, şirin yalan dolu röyana apar!

Əzizim, tək  xatirələrimdə yaşamağını istəmirəm və xəyallarımın səninlə bərabər gerçəkləşməsini istəyirəm, yalan olsa belə!

Əzizim, çox sevirəm səni, geri dön, məni tək qoyma! İnan, əvvəlki gözəlliyim də itib, zaman da tarixin izlərini silib, gözlərimdəki səadəti həsrət acısı əvəzləyib, səni gözləyirəm, özümü aldadıram, sən də məni aldat! Tək sən tək məni xilas et!

Məncə, mən sınaqlarından yaxşı çıxdım, amma VƏTƏNİMƏ olan borcumu yerinə yetirmək üçün doğma olan doğma torpaqlarımı qoruyacağımı sənə söylədim, müharibə başladı, biz ayrıldıq, uzaqlaşdıq məkan və zaman daxilində…

Tanış olduğumuz, görüşdüyümüz müddət ərzində narazılıq, mübahisə, anlaşılmazlıq da az olmadı, müvəqqəti ayrılıq, unutqanlıq da daxil oldu sevgi dünyamıza… Amma hər dəfə yeni məkanda yenidən görüşəndə, barışırdıq, çox küsülü qala bilmirdik, bir – birimizə tez – tez qonaq gedirdik, sevincimizi də, kədərimizə də birlikdə paylaşardıq, bir – birimizdən sirrimiz də yox idi, mənə elə gəlirdi. Sonra isə sən son məktubunu da yazdın, dünyamı alt – üst etdin, xəyallarımı dağıtdın, mənsə, səni anlamadım, anlaya bilmədim! Atəşkəs idi məktubunun adı-Atəşkəs! Sən məktubunla sevgimin atəşini kəsdin!

Sonra Siz Bakıya köçdünüz, mənsə, Bakıdan uzaqlarda qaldım, sadəcə olaraq mən digər igidlərimizlə birlikdə vuruşmaq, gənclərimizə kömək etmək, onların qələbəsini görüb sevinmək, onlarla fəxr etmək istəmişdim, sənsə, bunu mənə necə çox gördün?! İndi atəş səslərini hər saniyəmdə, yaşadığım hər anımda eşidirəm, atəşkəs bağlanıb tərəflər arasında, zahirən bu belə görsənir, inan mənə!

Mənim yanıma gələn o yadlar, qondarma varlıqlar, sənin dəyişdiyini və başqalar tərəfindən idarə edildiyini, başqalarından asılı olub, özünü başqalarına bənzədib, süniləşdiyini və ən əsası məni onlara satdığını bildirdilər! Mən onlara inanmıram! Söylə ki, bu növbəti bir yalandır?! Bunu onlar uydurublar?!

Çox zəifləmişəm, tez – tez  xəstələnirəm, işgəncələrə dözürəm, əsir düşmüşəm, həsrət məni boğur, yaşamağım üçün yeganə səbəb – Sənsən – TURANIM!

TURANIM, SƏN GÜCLÜSƏN, ÖZÜNƏ GÜVƏNİRSƏN, ÇOX İRADƏLİSƏN, ÇOX BÖYÜKSƏN, VAHİD OL, BİRLƏŞ, DÜNYANI PARÇALAMAĞA QOYMA! MƏN SƏNİ SEVİRƏM, qara bağın o meyvələrini bir də nə vaxt  birlikdə yeyəcəyik?! – Heç vaxt?! Qara bağında axan bulaq suyunu nə vaxt birlikdə içəcəyik?! – Heç vaxt?! Qara torpağımızda nə vaxt birlikdə gəzəcəyik?! – Heç vaxt?! Qaranlıq gecələrdə göy üzünə nə vaxt birlikdə baxacağıq?! – Heç vaxt?!

Axı, indi nə sənsiz bağımdakı ağaclar bar verir, nə öyünəsi tariximdən nəsə qalıb gələcəyimizə, nə qara torpağımız var, nə də ki, suyum, onlar hamısı qaldı video kadrlarda və foto şəkillərdə, rəsm əsərlərində və bədii əsərlərdə! İndi  ağaclardan bar əvəzinə meyidləri dərmək olar, su əvəzinə axıdılan həmvətənlərimizin qanını içmək olar, torpaq əvəzinə milli qəhrəmanlarımızın və o torpaqların sakinlərinin dağılmış məzarlarında gəzmək olar, hava əvəzinə zəhərlənmiş toz qalıqlarını ağciyərlərimə çəkmək olar, mən belə yaşamağa məhkum edilmişəm! Sən mənə inanırsanmı?!

Mən sənə inanıram, inanmaq istəyirəm! Məni xilas edəcəyinə əminəm, əmin olmaq istəyirəm! Mən sənə görə sənə olan sevgim hesabına yaşayıram, əgər bunu kənardan baxanlar yaşamaq hesab edirlərsə! Bəlkə, sən, həqiqətən də, məni, birgə keçirtdiyimiz anları unutmusan?! Bəlkə, sən,  həqiqətən də, mənsiz xoşbəxtsən, TURANIM?!

Hörmətlə, Sənin QARA BAĞIN – QARABAĞ!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+27=
Hesaba giriş
Müəllif

Günel Fərhadqızı
Haqqında
Maliyyəçi, risk, sərmayə meneceri, təlimçi, köşə yazarı, jurnalist, yazar
Əlaqə
Tel.:
0702021606
E-mail:
e.gunel@azti.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0254 saniye