Sevgi nağılı
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 02:52 23 iyul 2017 tarixində əlavə olunmuşdur

Bir sevgi nağılı yazacağam mən
Ağlayan olmasın, küsən olmasın
Mənfi olanları pozacağam mən
Çiçəklər solmasın, güllər solmasın

Sonunda ayrılıq, hicran olmasın
Qovuşsun sevənlər öz yarlarına
Oxuyan heç kəsin gözü dolmasın
Qayıtsın səyyahlar diyarlarına

Yox. Niyə dolmasın? Bir azca dolsun
Nağılı oxuyan hər kəsin gözü
Ancaq sevincin göz yaşı olsun
Dillərdən düşməsin xoşbəxtlik sözü

Axırıncı səhifədə son söz yazmasın
Oxuyan itirsin vərəqin sayın
Namərd mərdin önünə quyu qazmasın
Dost mənimsəməsin dostunun payın

Arzular bir anda gərçəyə dönsün
Bir daha əlvida deyən olmasın
Qəlblərdə həsrətin alovu sönsün
Analar, bacılar saçın yolmasın

Düşməsin üç alma göydən əlimə
Kiminlə paylaşım axı onları?
Ruzi və bərəkət gəlsin elimə
Doyursun gözü tox, ac insanları.

 15.08.2015

Müəllif: Tural Rəhmanlı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+34=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0248 saniye