Fikrəti Adanadan Donetskə aparan yol, digər xarici tələbələr kimi yalnız təhsil almaq, elmin ağuşuna atılmaq deyildi. Bu, bir türk övladının eşqi uğrunda verdiyi mücadilə idi. Fikrətin Alesiyaya olan dəlicəsinə sevdası onu, Türkiyədən Ukraynaya çəkib gətirmişdi. Üç il fasiləsiz sosial şəbəkədə virtual yaşanan eşqi, nəhayət ki, Fikrət reallaşdıra bilmışdi. Adananın “Məcnun” una çevrilən bu gənc, öz Leylisinin uğrunda hər şeyi gözə almış, Vətəndən çox uzaqlarda qərar tutmuşdu. Universitetə də, məhz Alesiyanın eşqi naminə qəbul olunmuşdu. Fikrətin rus-dilinə olan marağı, ona çox fayda vermişdi . Hər kəs, bu türk övladının, bu cür yüksək səviyyədə rusca danışmasına valeh olmuşdu. İxtisasları başqa olsa da, eyni təhsil ocağında oxuyurdular. Zaman keçdikcə, Fikrət və Alesiya məhəbbəti bütün Universitetə yayılmağa başladı. Bu iki növcavanın dili, dini, adət - ənənələri fərqli olsa da, onları birləşdirən bir müqəddəs səbəb vardı – Eşq.
İki il sonra Fikrət qürbətdən doğma şəhəri Adanaya getdi. Ailəsinə ilk və son sevdası Alesiya barədə danışdı. Atası və əmiləri öncə bu izdivaca qəti etiraz etsə də, zaman keçdikcə Fikrətin dəlicəsinə olan bu sevgisi qarşısında duruş gətirə bilmədilər. Növbəti ilin yay tətilində, Fikrət Alesiyanın valideyinlərindən izin alıb, öz Leylisini Adanaya apardı. Adanada Fikrət və Alesiyanın möhtəşəm qarşılanma törəni oldu. Şəhərin sayılıb - seçilən insanları, nüfuzlu əşirət ağaları, hətta Fikrətə orta məktəbdə dərs demiş sevimli müəllimləri də, Həsən ağanın imarətinə toplanmışdı. Ən çox sevinən isə, Fikrətin anası Tutu Bikə xanım idi. Alesiya öz gözəlliyi, öz zəkası ilə hər kəsi məftun etməyi bacardı. Ötən üç il ərzində Fikrət Alesiyaya türk dilində danışmağı belə öyrətmişdi. Alesiya həyatı boyunca Türkiyədə olmasa da, artıq Fikrətinin sahəsində bir çox adət - ənənələrə vaqif olmuşdu. Fikrət və Alesiya tam 15 – gün Adanada qaldı. Bu zaman ərzində, Fikrət onu doğma məmləkətinin ən səfalı yerləri ilə tanış etdi. Həsən ağa, oğlu Fikrətin seçimindən məmnun qalmışdı. Tutu Bikə xanım isə, gələcək gəlini olacaq Alesiyanı Fikrəti üçün Allahın bir lütvü kimi qəbul etdi.
Universiteti bitirmək üzrə idilər. Cəmi bir il qalmışdı, həsrətin – vüsala qovuşmasına. Hələ Adana səfəri zamanı qərara alınmışdı ki, gənclər təhsilini başa vurduqdan sonra, nigahlanıb dünya evinə girsinlər. Bu qərara Alesiyanın ailəsi də razılıq vermişdi. Fikrətin ailəsi yaxın zamanlar üçün Donetskə gəlməyi planlaşdırsalar da, Ukraynada baş verən son hadisələr üzündən bu xeyir iş bir az yubadılmışdı. Ukraynadakı son olaylar isə , Fikrəti çox əndişələndirirdi. Hər kəs tikan üstündə idi. Ölkədə baş verən dəyişikliklər, Kiyevdə tökülən günahsız qanlar ölkənin dört bir yanına sirayət etmişdi. Donetskdə isə, vəziyyət daha da çətinləşmişdi. Bu şəhərdəki bəzi qüvvələr, yeni iqtidarla hesablaşmaq istəmirdi. Günlər keçdikcə vəziyyət daha da ağırlaşırdı.
Tam üç gün idi ki, Fikrət Universitetin tələbə yataqxanasının həndəvərindən kənara çıxa bilmirdi. Çox az sayda xarıcı tələbə qalmışdı. Donetskdə hadisələrin gərginləşdiyi ilk günlərdən xeyli tələbə şəhəri tərk etmişdi. İki gün idi ki, Universitetdə dərslər tamamilə dayandırılmışdı. Gecələr ara - sıra şəhərdə eşidilən silah səsləri, nəinki xarici tələbələri, hətta yerli sakınləri belə vahiməyə salmışdı. Fikrət iki gün idi ki, Alesiya ilə əlaqə yarada bilmirdi. Rabitə sistemi iflic vəziyyətdə idi. Nə yolla olursa – olsun Fikrət tələbə şəhərciyindən çıxmalı, Alesiyagilin Aeroport yolunun üstündə yerləşən evlərinə baş çəkməli idi. Dünən gecə, bir -neçə dəfə cəhd etsə də, otaq yoldaşları onu buraxmamışdılar. Fikrəti indi yalnız Alesiya və onu ailəsinin taleyi narahat edirdi. Axşama doğru Fikrət tələbə şəhərciyibdən çıxdı. Hələ ki, şəhərdə sakitlik hökm sürürdü. Lakin bu sükut daha çox fırtınadan əvvəlki sakitliyə bənzəyirdi. Nə yazıq ki, az sonra olacaqlardan xəbərsiz idi, Fikrət. Sakitliyin toruna düşən Adanalı “Məcnun” alovlu sevdası uğrunda hər şeyi gözə almışdı. Öncə mərkəzi yola çıxımaq və orada bir taksi tapıb getmək istəsə də, sonra fikrindən vaz keçdi. Kəsə yolla, “Qələbə” parkının içi ilə, piyada getməyi qərara aldı. Bu yolla Alesiyagilin yaşadığı həyət evlərinə təqribət 35 - 40 dəqiqəyə çatmaq olurdu. Yazda , may ayında çox zaman Alesiya ilə, əl - ələ tutuşub bu yolla ötürərdi Fikrət, sevgilisini evlərinə. İndi isə, o zamanların xiffətini çəkirdi. Fikrət səssizcə , fəqət yeyin addımlarla parkın içi ilə Alesiyagilə gedirdi. Yarım saat sonra, sevgilisinin hasarının dibində idi. Hava tam qaralmamışdı. Qapını döymədən öncə, Fikrət hasara dırmandı, içəri boylandı. Qarşıdakı otaqların işıqları yansa da, səssizlik idi. Fikrət iki dəfə fışqırıq çaldı. Bu səs, Alesiyaya tanış olduğu üçün belə etdi. Köhnə aşiq - məşuq parolu. Çox keçmədən sərvi boylu, mavi gözlü Alesiya qapıya çıxdı. Aşiqlər bir - birlərinə dəlicəsinə sarıldılar. İki günün həsrəti, iki il kimi gəlmişdi, bu - eşq divanələrinə. Fikrət Alesiyanın əlindən tutub, onu bir az kənara, parkın qurtaracağında qurulan və “ sevgililər oturacağı” adı verilən daxçaya tərəf apardı. Bura, digər sevgililər kimi, onların da, müqəddəs eşq məbədləri idi. Əyləşdikdən sonra, bir xeyli bir-birlərinə baxdılar. Baxışlar danışırdı, dilin, dodaqların demədiyi çox şeylər deyirdi, o məsum, o məzlum baxışlar. Birdən, qəfil açılan atəş səsləri onları çaşdırdı. Alesiya yerindən dik atılıb Fikrətə sarıldı. Fikrət Alesiyanın əlindən bərk tutdu və sonra parkın çıxışına doğru var gücləri ilə, qaçmağa başladılar. Artıq gec idi, həm də, çox gec idi. İçkinin təsirindən gözləri dönmüş separatçılar onların iki addımlığında idi. Üzü hava limanına doğru hücum əmri verilmişdi. Qarşıya çıxan hər nə varsa, istər hərbiçi, istər mülkü, hər kəs separatçı komandirin tapşırığı əsasında məhv edilməli idi. Aramsız yağdırılan mərmilər öncə Fikrətin köksünü dəlib keçdi. Alesiya yıxılmaqda olan Fikrəti qollarının arasında saxlamaq istəsə də, az sonra özü də, aldığı güllə yaralarından yerə yıxıldı. Həyatda olduğu kimi, son nəfəslərində də, bir - birlərinə sarılaraq soyuq torpağa düşdülər. Son nəfəslərində belə, baxan baxışlarda bir eşq, bir yarımçıq sevda alovu vardı. Qara torpaq, yavaş- yavaş iki sevdalının isti qanlarını canına çəkirdi. Ruhlar eşq dərgahında təcalla etsə də, cansız bədənlər hələ də, torpağın qoynunda idi...