Sevgidən kor qalanlar
Əli Məhərrəmli tərəfindən "Hekayə" bolməsinə 14:01 13 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Gecənin soyuğunda titrəyən vücudunu küləkdən gizlətmək üçün dayanacağın bir kənarına çəkilib avtobus gözləyirdi. Ara - sıra yoldan keçən maşınları saxlatmaq istəsə də bunu etməyə utanırdı.
Bir neçə dəqiqədən sonra bu yoldan keçən tək marşrut avtobusu gəlib çıxdı. Avtobusa qalxanda orta yaşlı gülərüz sürücünün "Qardaş deyəsən soyuqdan donmusan axı? Yaman ağır-ağır hərəkət edirsən?" sualına sadəcə gülümsünərək cavab verməklə keçib əyləşdi.
Avtobusda yerlərin çoxu boş idi. Ön sırada qara eynəkli yaşlı kişi və yanında yeniyetmə bir qız oturmuşdu. Yəqin ki, nəvəsi idi. Dizlərinin arasına sıxılmış əsa və yanındakı qızın kişinin əlindən tutması qocanın kor olduğundan xəbər verirdi.
Uzun müddət davam edən səssizliyi yaşlı kişinin gileylənircəsinə və yüksək səslə dediyi sözlər kəsdi: "Allah canınıza dərd verməsin. Dərd çox pis şeydir. İnsanın həyatını zəhər edər. Həyatda ən dəyərli şey can sağlığıdır, dünya nurunda salamat yaşamaqdır. Allah hər kəsə sağ can nəsib eləsin. Can sağlığından dəyərli heç nə yoxdur".
Avtobusda oturanlar bir söz deməsələr də başlarını tərpətməklə kişinin sözlərini təsdiqlədilər.
- Var! Arxa oturacaqdan boğuq bir səs eşidildi. Avtobusdakılar çevrilib səsin haradan gəldiyinə baxdılar. Lap arxa sırada orta yaşlarında və yaşından çox ahıl görünən üzündə dərin qırışlar olan bir kişi başını dikəldib bir daha "Var!" deyib yenə susdu. Kişinin üzündə dərin bir yorğunluq hiss olunurdu.
Kor qoca isə geri çevrilmədən hər kəsin eşidə biləcəyi səslə və bir az da əsəbi şəkildə "Nədir o elə"? soruşdu.
Azadlıq! O, Azadlıqdır! Sahib olduğumuz ən dəyərli şey Azadlıqdır deyib sözlərinə davam elədi.
- Əmi gözlərin doğuşdan kordur, ya sonradan itirmisən?
- Qoca kişi bu sualı gözləmədiyi üçün təəccüblü halda: "Sonradan itirmişəm oğul. Ehtiyatsızlıqdan. Niyə soruşdun ki?".
- Bax əmi gəl təsəvvür edək ki, zamanı gözlərini itirdiyin günə geri qaytarmaq mümkündür. Sənin də həmin günü ehtiyatlı davranıb gözlərini qorumaq şansın var, amma bir şərtlə...
-Qoca "Nə şərti?" deyib kişinin sözünü sualla kəsdi.
- Gözlərini itirməyəcəksən, lakin o, gündən sonra geridə qalan bütün ömrünü qaranlıq zindanda, həbsxanada keçirməli olacaqsan. İndi de mənə razı olarsan buna? Əgər belə bir seçimin olsaydı qəbul edərdin?
- Yox. Əsla etməzdim!
"Bax indi görürsənmi sən də sağlamlığına görə, azadlığından keçmədin. Azadlığını indiyədək ən dəyərli bildiyin sağlamlığından üstün tutdun deyib daha uca səslə sözlərinə davam elədi. "Əmi azadlığımız həm də ona görə, bizim üçün dəyərlidir ki, biz onu itirəndə onunla birlikdə sevdiklərimizi, bizim üçün dəyərli olan insanları itirirk". Bunları deyərkən kişinin xırıltılı səsi daha da boğulur, sanki danışmaqda şətinlik çəkirdi.
- "Bu həyatda kimisi gözlərindən kordur, kimisi isə azadlığından və sevdiklərindən. Sənin bu halında belə yanında əlini tuta biləcək bir kimsənin olması bilirsən nə deməkdir?! Sən sevgidən kor deyilsən, sadəcə dünya işığını görə bilmirsən" :deyib susdu.
Kişinin susqunluğu cəmi bir neçə saniyə çəkdi. Arxadan sürücüyə uca səslə "Qəbristanlıq yolunda saxlayarsız": deyib yerindən qalxdı və önə doğru irəlilədi. Sürücüyə çatanda qırış və üstü döyməli əllərini cibinə salıb çıxardığı pulu sürücüyə uzatdı.
Kor qoca avtobusun qapısı açılanda kişinin düşəcəyini hiss edib soruşdu. "Bəs azadlıq dediyin nədir?".
- Kişi avtobusda oturanlara baxıb başını aşağı saldı və asta səslə "Doğulduğun torpaqlarda azad ölə bilməkdir, ölərkən sevdiklərinin gözünə baxıb son kəs gülümsəməkdir": deyib maşından düşdü.
Qocanın hər gün öz nəvəsi ilə gedib-gəldiyi bu yol həmin gün sanki daha uzun və daha səssiz idi.

Əli Məhərrəmli
13.10.2015


... dəfə oxunub
Qiymət: 5/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+10=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0482 saniye