Sevgilim mənim
meyxoş abdullah tərəfindən "Hekayə" bolməsinə 17:40 12 noyabr 2018 tarixində əlavə olunmuşdur

                                                                  Sevgilim mənim…

                 … Gözlərini açmadan əlini uzadıb gecəlampasının düyməsini basdı. Otaq çəhrayı rəngli işıqselinə büründü. Yarımqapalı gözlərini ovuşduraraq divardakı saata baxdı, saatın əqrəbləri altı tamamı göstərirdi…

           Yataqdan qaıxıb pəncərəni açdı. Səhər hələ açılmamışdı. Göydə təkəm-seyrək ulduzlar gözə dəyirdi. Açıq pəncərədən içəri dolan soyuq hava axını bədənini ürpəşdirdi. Xəfifcə əsən külək gözləriini yaşartdı.

           Havadan neftqoxulu şəhər havasının iyi gəlirdi. Ağzını geniş açıb, acgözlülüklə sinədolusu nəfəs aldı. Aldığı nəfəsi bir müddət ciyərlərində saxladı. Duza qoyulmuş balıq iyi verən, bu neftqoxulu havanın, elə bil ki, ömrüboyu həsrətindəymiş.

           Bir müddət beləcə dayanıb qaldı. Sonra pəncərəni örtüb hamama keçdi, əl-üzünü yudu. Çaydanı doldurub qaz pilətəsinin üstünə qoyanda fikrindən daşındı. Düşündü ki, naharı gözləsə yubana bilər. Çünki hava bir azdan işıqlaşacaqdı.

           Özünə söz vermişdi, bu gün onu çox gözlətməyəcəkdi. Onsuz da, nə vaxt getsəydi onu sahildə gözləyən görürdü…

             Üzünü qırxdı, paltarını geyinib güzgünün qabağında dayanaraq özünə baxdı. Qocalırdı. Qocalıq öz nişanələrini ağ saçlarında, sir-sifətinin qırışlarında, artıq göstərməkdəydi. Bircə, ürəyi həminki ürək idi, alovlu, ehtiraslı…

                 Yataq otağına keçdi, üzüqoylu yatan həyat yoldaşının üstündən sürüşüb, düşən adyalı sahmanlayıb çölə çıxmaq istəyirdi ki, arvadı astaca:

         - Durmusan?!

            - Hə?..

            - Ağrımırsan ki?!

            - Yox, indi babatam.

            - Yenə ora gedirsən?!

          - Hmm…

            - Ürəyin doludu yəqin? Darıxırsan?!

            - Hə, yaman darıxıram…

            - Sizin söhbətiniz bitib, dükənmədi? Axı, görənlərdən ayıbdır?

            - Əzizim, sən ki, mənə söz vermisən, bu işdə bizə mane olmayacaqsan, düzdür?

            - Hə, elədir! - deyə arvadı arxasıüstə dönərək, əllərini başının altında daraqlayıb gülümsədi. - Düz deyirsən, söz vermişəm. Di, get, mane olmayacağam sizə.

             Sonra nə fikirləşdisə:

            - Heç olmasa, əynini qalın edəydin, axı, xəstəlikdən təzə ayılmısan. Gözəlçən naxoşladıb yenə göndərəcək ha, səni üstümə.

            - Narahat olma, əzizim, bir-iki saata qayıdıram. – deyə kişi gülümsəyərək, əlini arvadının qıvrım saçlarına çəkib otaqdan çıxdı.

            Həyat yoldaşı dərindən kök ötürərək ərinin arxasınca:

            - Kaş, məni də onun kimi sevə biləydin, onda heç dərdim olmazdı. İnsanın nə boyda sevgisi olarmış, ilahi? – deyə o, dərindən köks ötürdü. Sonra öz-özünə gülümsəyib:

           - Allah sənə ağıl versin, yaşlansan da, ağlın uşaq ağlı kimidir. - dedi.

           Bir müddət olardı ki, onlar görüşmürdülər. Azacıq xəstələnməsi, onu evdən bayıra çıxmağa imkan verməmişdi. Bu gün isə, bir az yaxşılaşmışdı və axşamdan özünə söz vermişdi ki, səhər sübh tezdən onu görməyə gedəcəkdir.

           Onu çox sevirdi. Ürəyi doluydu. Qəlbini sıxan, heç kəsə demədiyi sirrini ona açardı. Yaşlandıqca bir az da kövrək olmuşdu, danışdıqca, elə hey danışmaq istəyirdi. Yaşlı adamlar danışmağı çox sevirlər. İllahki, onlara qulaq asan ola, sözlərini kəsməyələr.

           Onun mavigözlü sevgilisi də, bir kəlmə də olsa sözünü kəsməyərək axıra qədər ona qulaq asırdı. Sevgilisinin lal-dinməzliyi ona elə ləzzət edirdi ki… Ürəyinin bütün sirrlərini ona danışırdı. Zamanədən. insanların vəfasızlığından, son vaxtlar ona əzab verən ağrılarından, hətta arvadıyla bəzən sözlərinin düz gəlməyən vaxtlarında, küsüb-barışmalarını da ona açıb deyərdi.

             Neçə müddətdi ki, onunla beləcə qəlbbircandaydı, dərdləşirdi, heç kəsə demədiyi qəlbinin sirrini açıb ona deyirdi. Amma bir dəfə də olsun dediyi sirri, söhbəti, sevgilisi heç kəsə açmamışdı. Bu söhbətlərin hamısı sevgilisinin ümman böyüklükdə qəlbində, quyuya atılan daş kimi sirr olaraq qalardı…

     … Yaşadığı binanın həyətinə düşəndə soyuq payız küləyi onun boyun-boğazını yaladı. Qəfildən üstünə soyuq su çilənən pişik kimi silkindi. Soyuq olmasın deyə, plaşının yaxalığını qaldırdı. Qısa və ətli boynu bir az da görünməz oldu. Əllərini cibinə salıb sürətli addımlarla binadan uzaqlaşaraq sahilə tərəf üz tutdu.

            Hava tam işıqlaşmamışdı. Üfüqdən boylanan, hələ özü görünməyən günəşin qızılı şüaları boz buludların üzərinə düşərək, get-gedə alovlanan iri tonqalları xatırladırdı. Gecə isə mürgülü gözlərini ova-ova əriyib yox olmaqdaydı. Sanki buludların arasında yuva qurmuş qağayılar, bir-bir oyanaraq sübhün bağrını dələn qışqırtılarıyla haray-həşir salmışdılar.

           Saat qülləsinin üstündəki işıqlar hələ də yanırdı. Sahildə barmaqla sayılası adamlar gözə dəyirdilər. Onların çoxunu tanıyırdı, yaşlaşmış idmançılar idi, hər səhər qaçırdılar. Onların arasında bir həkim dostu da vardi, ürəyi xəstə olduğundan hər gün burada idi.

      Onunla salamlaşdı. Həkim addımlarını yavaşıtmadan:

       - Sevgilin gözləyir?!

       - Əlbəttə, həmişəki kimi?

       - Sevgi buna deyərəm e, - deyə həkim gülümsəyərək başını buladı.

       Saat qülləsinin yanından keçib pillələrlə aşağı endi. Həyacanlıydı.

       O, gözləyirdi... Yaxın gəldi. Sahildən düşən işıqseli sevgilisinin çövrəsini, sanki al-qırmızı rəngə boyamışdı. Saçları açıq və qırçınlıydı. Gözləri qapalı olsa da, nə isə pıçıldayırdı. Onun pıçıltısı, sanki bir ovuc çaylaq daşının bir-birinə sürtülərək çıxartdığı xışıltılı səslərə bənzəyirdi.    

         Amma o, bu səsləri delfinlərin bir-birlərini görüşə çağırdıqları zaman göndərdikləri ulturaintim səslərə daha çox oxşadırdı.

         Bir-iki addım da yaxın gəlib dayandı.

           Yeri-göyü qucaqlayıb bağrına basacaqmış kimi qollarını geniş açdı. Qolları havada asılı vəziyyətdə qalsa da, sanki ağuşunda bir gözəlin duzlu-tamlı isti nəfəsini hiss etdi. Sir-sifətinə duman-çiskin qarışıq nəm toxundu. Bu nəmli şeh damlaları onun yanaqlarından süzülüb ağzına dolaraq, ilk dəfə öpülən, naşı qızın dodaqlarının tamını verirdi.

            Hər ikisinin qəlbi çırpınırdı… Bayaqdan sakit görünən dalğalar birdən-birə şahə qalxaraq, özünü sahilə çırpır və bayaqdan yolunu gözlədiyi sevgilisini ağuşuna alamaq istəyirdi.

         O isə, hamının eşidə biləcəyi uca səslə:

       - Salam… Dənizim… Əzizim… Sevgilim mənim ! – deyərək, uşaq kimi sevinirdi.

... dəfə oxunub
Qiymət: 7/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
2+37=
Hesaba giriş
Müəllif

meyxoş abdullah
Haqqında
Meyxoş Abdullah- Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident Təqaüdçüsü, "Doktor Qəzənfər", "Didərgin ruhlar", "Şeytan gülüşü", "Anakonda ovu", "Əsir qadın" və "Qapısı gecə döyülən qadın" kitablarının müəllifi. Evlidir 4 övladı, 8 nəvəsi var.
Əlaqə
Tel.:
0506420309
E-mail:
meyxos.abdullah@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0316 saniye