Sevilməyən adam
ŞvartsMan tərəfindən "Hekayə" bolməsinə 17:31 08 iyul 2016 tarixində əlavə olunmuşdur

Əsgər  yoldaşım  Əlizadə  Ümidə

2012-ci  il  dekabrın 30-u. Eskişehirdən  İstanbula  lisey  dostum  Ceyhunun  dəvəti  ilə  getmişdim. Ceyhun dedi  ki, Yeni  ili  gəl  birlikdə  qeyd  edək. Heç nə. Avtobusa  oturdum. Kamilkoçla (avtobusun  firma  adı) İstanbula  hərəkət  etdim. Saat  axşam  altı  kimi  İstanbula  çatdım. Avtobusdan  düşdüm  ki, hələ  Ceyhun  gəlməyib. Tez  ona  zəng  elədim. Dedi  ki, on-on beş  dəqiqəyə  gəlirəm. Həmişəki  kimi   yenə  yalan  danışırdı. Bildim  ki, gec  gələcək, ona  görə  bir  dönər  və ayran  sifariş  elədim. İstanbul-Essenler  şəhərlərarası  avtobus  terminalı  o  qədər  adamla  dolu  idi  ki, Ceyhunun  hayandan, hansı  tərəfdən  gələcəyini  bilmirdim. Yeməyimi  yeyəndən  5-10  dəqiqə  sonra  oturduğum  yerdən  qalxıb 5 türk  lirası  ödəyib  çölə  çıxmışdım  ki, bu  səfər  Ceyhun  doğurdan  gəlmişdi. Elə  sağa  çevrildim  ki, onu  gördüm. Öpüşüb görüşdük, hal-ehval  tutduq. Klassik  azərbaycan  gənclərinin  salamlaşıb-görüşüb,  hal-ehval  tutmaq  tərzi  deyək  buna. Aşağı-yuxarı  nə  demək  istədiyimi  başa  düşdüz. Xülasə, Ceyhun  dedi  “getdik  evə”.  

Avtobusa  oturduq. Avtobus hərəkət  edəndən  sonra  Ceyhun  fikrini  dəyişdi. Dedi, “Vaxtımız  var,  yolu  uzadaq”. Və  Karaköyə  istiqamətləndik. Karaköyə  çatandan  sonra  Mərmərə  dənizindən  gəmiylə  Eminönüyə  keçdik. Ordan  tramvaya  minib, Zeytunburnuna  hərəkət  elədik. Nəysə,  gəlib   evə  çatdıq. 4 mərtəbəli  evin  3-cü  mərtəbəsinə  qalxdıq. Qapını  döydük. 19-20  yaşlarında  qıyıq  göz  bir  oğlan  qapını  açdı. Bizi  içəri  dəvət  elədi. Keçdik  içəridə  oturduq. Sonra  həmin  oğlan  mənimlə  dialoq  qurmağa  başladı. Türkmənistandan  olduğunu  dedi. Daha  sonra  incə  və  ürkək  səsi  ilə  harada  oxuduğunu  dedi: öyrəndim  ki, İstanbul  universiteti  arxeoloji  fakültəsinin  birinci  kursunda  oxuyur. Mənim  harada  oxuduğumu və  bir  neçə  sual-cavabdan  sonra  mənim  nə  içmək  istədiyimi  soruşdu. Oğlanın adı  Dövlətdir.  Bir az  sonra  çay  gətirdi. Çay  içib  İstanbuldan, Türkmənistandan, Azərbaycandan danışmağa  başladıq. Söhbətdən  sonra  dedi  ki:

-Abiler, sizə  yemək  bişirim, varmı  istədiyiniz  bir  yemək?

Dedik  ki,”yok, güzel  kardeşim, gönlünden  ne  geçiyorsa  onu  yap”.

Gülümsəyərək  mətbəxə getdi. Sonra  Ceyhunla  danışmağa  başladıq. Dedim:

-Alə, bu  qaqaş  hardan  çıxdı?

Ceyhun da  gülümsəyərək:

-Hamı  hardan, o da  ordan  çıxdı...

Dedim:-Alə, məzələnmə, hardan  tapmısan bunu?

-Heç  nə. Universitetdən  çıxırdım, gördüm  ağacın  dibində  bir  oğlan  oturub. Hava  soyuq  idi. Fikirləşdim, bu  soyuq  havada  niyə    oturub   ki?! Elə  yaxınlaşdım  ki,  soruşum, kitabları yerdə, bağları  açıq  ayaqqabısı, dizlərini  qucaqlamış, burnunun  suyunu  içəri  çəkərək, başını  qaldırıb  mənə  baxırdı. Dedim  ki,  soyuqda  burda  niyə  oturmusan? Həmişəki  titrək  səsi  ilə  “abi, ev  arkadaşlarım  beni  evden  kovdular” dedi, “benim  kendime  yetecek  kadar  param  var, ama  tekbaşına  bir  ev  tutamayacağım  için,  ikinci  gündür  ki, dışarıdayım”. Heç  nə  demədim. Təkcə  dedim, “dur  getdik  bizə”. Daha  sonra  150 TL  kirayə  pulu  verdiyini  öyrəndim. Ona  dedim  ki, mənim  evimdə  qalarsan, təkcə  kommunal  xərcləri  verərsən (kommunal  xərclər  təxminən 100-120 TL  çıxırdı). Sevinərək  razılaşdı. Elə  o  gündən  buyana  mənim  evimdədir. Yemək  bişirir, evi  təmizləyir, səliqə-sahmana  baxır.

Nəysə, Ceyhunla  söhbətimizi  bitirdik. Bu  arada  Dövlət  türkmən  plovu  bişirib  gətirdi. Doğurdan da  plov  çox  ləzzətli  idi. Yedik-içdik, yatdıq. Səhər  açılanda, yəni  ayın 31-i  durdum  gördüm  ki, Dövlət  evdə  yoxdur, Ceka  yatır. Stolun  üstündə  səhər  yeməklik  hər  şey  var. Dövlət hər  şeyi  hazırlamışdı. Özü  də  dərsə  getmişdi. Ceyhunu  oyatdım. Oturduq  səhər  yeməyi yedik,  çıxdıq  şəhərə. Günorta  saat 15:15  radələrində  Ceyhuna  dedim  ki: “ Ceka,  canını  yeyim, zəng  elə  Fatih  universitetindəki  tanıdığın qızlardan  çağır  da, axşam  yeni  ildir”. Elə  Ceka  dərhal  zəng  elədi. Danışdı, təşkil elədi. Daha  sonra  Dövlətə  də  zəng  elədi. Dövlət  artıq  evdə  olduğunu  dedi. Ceyhun  evdə  nə  çatışmadığını  soruşdu. Dövlət  evdə  hər  şeyin  olduğunu  və  “abi, sizler  yeni  yılı  nasıl  karşılıyorsanız, ona  göre  tedarik  yapın”.

Nəysə, Ceyhunla  mağazaya   girdik,  lazım  olan  şeyləri  alıb  çıxdıq. Saat  altı  idi, evə  gəlib  çatdıq. Elə  çatmışdıq  ki, Dövlət  bizim  üçün  çay  qoymuşdu. Bayırda  yetəri  qədər  soyuq  var  idi, çay  içdik, söhbət  etdik. Sonra  növbəylə  çimdik. Saat axşam  9-un  yarısı  idi. Qapı  döyüldü. Gözlədiyimiz  “Şərqi  Avropa  küləkləri”  qapıdan bir-bir  içəri  girdilər. Əvvəlcə  estoniyalı, sonra  moldovalı, sonra  isə  litvalı  gülümsəyərək  içəri  keçdilər. Ceka  və  mən  “xoş  gəlmisiniz”  deyib  onları  salona  dəvət  etdik. Bayaqdan  bizimlə  salonda  oturan  Dövlət  gələn  qonaqları  salamlamadan  öz  otağına  keçmişdi. Biz  də  azərbaycanlı  düşüncəsi  ilə  üç  oğlana  üç  qız  deyə  təşkil  etmişdik, amma  Dövlət  sözün  əsl  mənasında  “diktator”  dövlət  çıxdı.

Səhərə  kimi  qızlarla  yedik-içdik, əyləndik. Cekanın  çoxdan  qalan  playstation-1-ni  o  gün  istifadə  etdik. Daha  sonra  rumın  əsilli  moldovalı  qız – hansı  ki onun  adı  Ramona İoneskudur- məndən türkcə  soruşdu  ki, “o  üçüncü  ev  arkadaşımız  nerede?” Mən  onun  yetəri qədər  dindar, namaz  qılan, utancaq, soyuqqanlı, nəticə  etibarilə, özünəqapanıq, qaynayıb qarışmayan  adam  olduğunu  dedim.

Gecə  saat  bilmirəm  neçə  idi. Litvalı  gənc, gözəl  Lilya  Kolsh  ilə  balkonda  siqaret  çəkməyə  başladıq. 5-10  dəqiqə  ərzində  havanın da soyuq  olmasına  görə  içəri  keçdik. Mən  litvalı  gənc  qızla  Cekanın  otağına  keçdik. Orada  bizim  loru  dildə  desək, “min  cür  hoqqadan”  çıxdıq. Xatırladığım  bir  şey  var  ki, şalvarım  heç  vaxt  əynimdən  çıxmayıb. Nə  də  ki, Lilyanın  alt  paltarını  görmüşəm. Elə  Cekanın  otağında  Lilya  ilə  yataqda  yatıb qalmışam.

Oyandığımda  hələ  də  sərxoşluğum  var  idi, saata  baxdım, saat  səhərə  yaxın  4-ə  on dəqiqə  qalırdı. Salonda  Ceyhun, Ramona  və  Kristin  birlikdə  yatmışdılar. Sonra  getdim  Dövlətin  otağına. Yatağı  qızdırıcıya  yaxın  uzanıb  üstünə  bir  adyal  örtüb yatırdı. Yatağının  yanındakı  stolun  üstündə  doğranmış  bir  portağal, iki  mandarin, bir  banan, qarışıq  meyvə  suyu, bir  az  çərəz  və əl  boyda  üzərində  yandırılmamış  iki  şam  olan  balaca  tort  var  idi. Dövlət  yeni  ilə  bax  belə  girmişdi!

Qayıdıb  Cekanın  otağına  Lilyanın  yanında  yatdım. Qısacası,  yeni  ili  belə  qarşıladıq.

Nəysə,  səhər  açıldı. Qalxanda  qızların  heç  birisi  yox  idi. Stolun  üstündə  bizim  üçün  səhər  yeməyi  həmişəki  kimi  hazır  idi.

İnternet  üzərindən  Eskişehirə  geri  dönüş  biletini  hələ  gəlməmişdən  əvvəl  almışdım.  10:45-də  avtobusa  biletim  var  idi. Dövlətlə  sağollaşa  bilmədən  Cekayla  avtovağzalın  yolunu  tutdum. Uzun  sözün qısası, “gənclər  şəhəri”  olan  Eskişehirə  qayıdıb gəldim. Mənim  üçün maraqlı  qalan o  oldu  ki, tam  bir  ay  sonra  Ceyhunla  telefonla  danışarkən  mənə  Dövləti  evindən uzaqlaşdırdığını  dedi. Niyəsini  soruşdum. Mənə  bu  cavabı  verdi:

-Bilirsən  dostum, qaynayıb-qarışmırdı, deyib-gülmürdü, məclislərdən uzaq  qalırdı, varlığı  ilə  yoxluğu  bilinmirdi, sakit  idi, darıxdırıcı  idi. Qısaca, xoşuma  gəlmirdi. Sonra  bir  həftə  ərzində  ona  bir  neçə  dəfə  zəng  elədim  xəbər  tutum ki, necədir? Nömrəsinə  zəng  çatmırdı. Yəqin  ki,  nömrəsini  dəyişmişdi.

3  yanvar 2016

Tovuz


... dəfə oxunub
Qiymət: 6/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+19=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0258 saniye