Tanınmış şərqşünas və tərcüməçi, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu İran filologiyası şöbəsinin müdiri Məsiağa Məhəmmədinin “Şəhriyar və zəmanəmiz” adlı yeni kitabı çapdan çıxıb.
Report xəbər verir ki, kitaba alimin dahi söz ustadı Məhəmmədhüseyn Şəhriyar (1906-1988) yaradıcılığına dair müxtəlif illərdə yazdığı məqalələri, eləcə də şairin Mövlana Cəlaləddin Rumiyə həsr olunan irihəcmli şeirinin fars dilindən filoloji tərcüməsi daxil edilib.
Kitabda Şəhriyarın fəlsəfi dünya duyumunun əsas aspektləri, çağdaş dövrün mahiyyəti və səciyyəsi ilə bağlı özünəməxsus görüşləri açıqlanıb, onun XX əsr İran şeirində müstəsna yerini şərtləndirən amillər müəyyən edilib. Şəhriyar poeziyasının tərcüməsi məsələləri də kitabda geniş yer tutub.