ŞƏHVƏTİN HÖKMÜ (hekayə)
Elşən İsmayıl tərəfindən "Hekayə" bolməsinə 21:26 29 noyabr 2016 tarixində əlavə olunmuşdur

Sahilə vuran al günəşin şüaları tez-tez irəli-geri hərəkət edən dənizin dalğalarının islatdığı, ağ, olduqca gözəl, baxdıqca insanı xəyallara qərq edən, ayaqlarını yerdən üzən möhtəşəm bir bədənin heyrətamiz görünüşünə daha fərqlilik, daha da ecazkarlıq qatırdı. O elə bir bədən idi ki, orada bir şair olsaydı dərhal ona bədahətən bir poema yaza bilərdi. Bir rəssam o bədənə tamaşa etsəydi həməncə ilhamlanıb şah əsərini yaradardı. Bir heykəltəraş şedevr edərdi, bir andaca dünya şöhrətli sənətkara çevrilərdi. Əgər bir lal oraya gəlsəydi, bir neçə dəqiqə içində dili açılar, hətta bir mahnı da oxuyardı. Kor görər, şikəst sağalar, ən ağır xəstə belə dirçələrdi onun yanında olsaydı...

 

Sanki mavi göy sırf ona xoş görünsün deyə güləşin al şüalarını həməncə udmuş və çox füsunkar görünürdü. Bir tək həzin musiqi əskik idi o gözəlin möhtəşəmliyini çatdırmağa...

 

23 yaşlı füsunkar gözəl Ameli Fransanın Marsel şəhərində yaşayırdı. Hələ 12 yaşından – bədənində qadınlıq cizgiləri bəlli olan anlardan (məktəbdə oxuyarkən) demək olar ki yaşıdlarının bir çoxu (qarşı cins) ona olduqca diqqətlə yanaşırdılar. Ətrafında onun bir sözünü iki etməyən oğlanlar çox idi. Hər an ona hər işində kömək edirdilər və bu da çılğın, yeniyetmə Amelinin çox xoşuna gəlirdi. Belə götürəndə nəinki oğlanlar hətta qızlar da bəzən onun ay parçası üzünə, möhtəşəm bədən quruluşuna qarşı qoya bilmir, elə hey onu düşünürdülər. Ameli isə 15 yaşına kimi heç kimə məhəl qoymadı. Amma 15 yaşında ilk oğlan dostu ilə tanış oldu.

 

Pyer nisbətən incə bədənli, sadə görünüşlü bir oğlan idi. Humanitar fənlərə marağı olan Pyer Ameli ilə ilk dəfə elə ədəbiyyat dərnəyində tanış olmuşdu. Və eyni şeiri hər ikisi əzbərləmişdi:

 

Toi et moi.

Comment les jours merveilleux ont eu nous vecu.

Sachant que ces jours ne dureraient pas.

Une amitie gentille pendant des peu de-semaine-vacances.

Pendant les nuits travaillees au noir, sous les arbres.

Dans les bras de la solitude nous causerions…

 

Tərcüməsi :

 

Səninlə mən.

Nə qədər gözəl günlər yaşamışdıq birlikdə.

Bilirdik ki, bu günlərin sabahları olmayacaq.

Bir neçə həftəlik istirahət günlərində səmimi dostluq.

Aylı gecələrdə, ağacların altında,

Yalnızlığın qollarında söhbət edərdik.

 

İlk üç il çox maraqlı və gözəl anlarla keçmişdi. Amma sonrakı illər yamanca sıxırdı Amelini. Çünki Pyer əsgər gedəndən, qayıdandan sonra Amelini sanki unutmuş, bir dəfə də olsun zəng etməmiş, mesaj yazmamış, kiminləsə xəbər göndərməmişdi. Halbuki Ameli əsgərlik zamanı ona sadiq qalmış, daim onu düşünmüş, ona çoxlu məktublar yazmışdı. Bir müddət xəbər ala bilməyəndən sonra Ameli Pyeri unutmağa qərar vermiş, yeni dost-tanış axtarışına çıxmışdı. Amma heç vaxt Pyerlə keçən o son üç ilin gözəl anlarını unuda bilmirdi. Bəlkə istəmirdi unutsun. Çünki hər xatırladığı hər an, hər xırda detal onun ay parçası üzündə bir günəş nuru yaradır, o dəniz qədər gözəl gözləri çılğın dalğalar kimi coşur, təravətli, təzə çiyələyə bənzər dodaqları nəmlənir, bəzən quruyurdu. Bəzən də Ameli onları dişləməklə Pyerlə keçən xoş günlərin uzaq bir həzzini duyurdu yenidən. Amma hər şey daha arxada qalmışdı. İndi yenidən həyata tutunmaq, yeni macəralar axtarışına çıxmaq zamanı idi...

 

Pyerdən sonra dalbadal 3 sevgilisi oldu Amelinin. Amma nədənsə heç biri ona Pyer qədər xoş, təravətli, cənnət həzzi bəxş edən bir ilahi qüvvə kimi gəlmədi. Sadə, bəsit, darıxdırıcı kişi cinsəlliyi...

 

Ameli nəhayət 22 yaşına çatanda sanki həyatının eşqiylə, ömrünün sahibiylə rastlaşmışdı. Bir kitabxanada işləyən Ameli öz “şahzadəsini” kitab satışı zamanı görmüşdü. Elə hər ikisi bir-birinə o andaca aşiq olmuşdular. Bir müddət sonra da nişanlanmağa qərar verdilər.

 

Əhəd ərəb olsa da uşaqlıqdan Marseldə, Avropa mühitində böyüdüyü üçün xarici görünüşü də demək olar ki aropalaşmış, fransızlaşmışdı. Bircə dərisinin siyah rəngi onun ərəb olduğunu xatırladırdı. Digərlərindən fərqli olaraq o həqiqətən də düşüncəsi, intellektual səviyyəsilə mədəni, asil duruşlu bir avropalı idi. Və Amelini həyatından çox sevirdi...

 

Bu gün bu sahilə isə evlənmək təklifi üçün gəlmişdi bu gözəl, xoşbəxt cütlük. Bir il idi ki tanışdılar, bir evdə yaşamalarına baxmayaraq nəhayət qərar verdilər ki evlənsinlər. Elə ona görə bu gün, bu vaxta qədərki bütün gözəl anları yeniləməli, cütlüyün həyatında yeni bir çağ açmalı və yeni xoşbəxt anların möhürünü vurmalı idi. Amma hər şey planlaşdırıldığı kimi getmədi. Pyerə sadiq qalan Ameli nədəndir bilinməz amma öz şəhvət hissinə, dəli ehtirasına məğlub oldu. İstəsə də istəməsə də hər şey çox gec idi, çünki o Əhədə xəyanət etmişdi. Şəhvətin hökmü çox ağır olmuşdu.

 

Əhəd sürpriz hazırlamaq üçün öncə maşınıyla Amelini dəniz sahilinə gətirmiş. Ona rahatlaması üçün hər şərait hazırlamış. Özü isə müəyyən digər hazırlıqlar üçün şəhərə doğru yola düşmüşdü. Ameli də bir az qəlyanaltı etdikdən sonra bir az dənizdə üzmüş, sonra qaralmaq, günəş vannası qəbul etmək üçün uzanmışdı. Elə bu an gözlənilməz bir hadisə baş verdi. Gözlərini yuman, günün təsiriylə mürgüləyən Amelini bir tanış əl tumarlamağa başladı. Ameli gözlərini açmamış da bu əlin sahibini tanıdı. O Ameliyə üç ən xoşbəxt il hədiyyə etmiş Pyer idi. Ameli onun necə, haradan peyda olmasını düşünmürdü, düşünmək istəmirdi. Çoxdan Əhədi də unutmuşdu. İndi o içini yeyib-dağıdan ehtirasın, bütün bədənini ələ keçirmiş şəhvətin hökmündəydi. Onun heç də böyük günahı yox idi. Axı qarşısındaki adam ona üç il ərzində heç vaxt pislik etməmiş, həyatın ən gözəl anlarını bəxş etmiş, cənnət həzzinin nə olduğunu anladmışdı, ən əsası onu ilk qadın edən kişiydi. Ona görə onunla mübarizə edə bilmir, hətta bunu mənasız sayırdı. Gözlərini isə ona görə açmırdı ki, həm bu ani hadisənin yuxu olduğuna inandırmaq istəyirdi özünü, gözlərini açsaydı yuxunun bitəcəyindən qorxurdu, həm də beləcə günah hissindən, xəyanət düşüncəsindən uzaqlaşırdı Ameli, gözəl, çılğın, füsunkar Ameli...

 

Pyer artıq çox irəliləmişdi. Amelinin günəşin al şüaları altında möhtəşəm görünən bədənini oxşamaqla kifayətlənməmiş, onun təravətli, təzə çiyələyi xatırladan dodaqlarını dadmışdı. Aradabir bədəninin əsrarəngiz təzə portağal ətrini duyan, cəsarətlə qoxulayan Pyer artıq Amelinin sanki ruhunu ələ keçirmiş, ona tam sahib olmaq üçün bütün sarsıdıcı zərbələrini endirmiş, son vuruş üçün hazırlaşmışdı.

 

Ameli içindəki çarəsiz qızcığaz və şəhvət dəlisi yetkin qadının mübarizəsiylə qarşı-qarşıya qalmışdı. Bir tərəfdən gözlərini açmaq, var gücüylə Pyeri kənara itələmək, bu hərəkəti etdiyi üçün hətta onu təhqir etmək istəyirdi. Digər tərəfdən isə sanki “müharibədən geri dönmüş qəhrəman sevgilisinin” ağuşunda ərimək, yox olmaq, vücudunun hər zərrəsiylə ona təslim olmaq arzusundaydı. Yavaş-yavaş daralan nəfəsi, üzərinə amasızca saldıran günəş şüaları, olduqca gərilən əzələləri, bədənin bütün eniş-yoxuş hissələri Ameliyə cismən və ruhən məhv olmaq siqnalı verirdi. Dırnaqları sanki iti bıçaq olub öz barmaqlarını kəsir, tükləri bədənin daxilinə batan ox təsiri bağışlayır, vücudunun yarı hissəsini ağuşuna almış dəniz qumu isə onu bir andaca udmaq istəyirdi. Ameli Pyerin bütün hücumlarına məğlub olurdu. Şam kimi əriyir, su kimi buxarlanır, od kimi alışıb yanırdı...

 

Yarım saat sonra Ameli bədənində dərin ağrılar və yorğunluq hiss etsə də həyatının əvəzolunmaz anlarını yaşadığına görə gülümsəyir, sevinirdi. Pyer yenidən – qeyb olmasından xeyli vaxt sonra ona cənnət həzzi yaşatmış və səssiz-səmirsiz, heç nə olmamış kimi, bir şey söyləmədən getmişdi. Ameli gözlərini açdıqda batmaqda olan günəşin al şüalarından, sərin dəniz küləyindən, xışıltılı dalğaların çılğın rəqsindən, aradabir alçaqdan uçan quşların səslərindən başqa heç nə, heç kim yox idi. Hələ də Əhəd gəlib çıxmamışdı, amma Ameli nəinki onuncun narahat olmur, onu artıq unutmuşdu. İndi onun xəyalları yenidən Pyerlə idi. Ruhu ruhunu arayır, cismi cismini özləyir, düşüncələri onu çağırırdı. Ehtirasın dərinliyi Amelini həqiqətən də xoşbəxt eləmişdi. Xəyanət, vicdan, namus isə geridə qalmışdı. Bu yanlış olsa da gözəl idi, şəhvətin hökmünün gözəlliyi...

 

 

Elşən İsmayıl

11 iyul 2016


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+14=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
Tel.:
055 626 96 64
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0264 saniye