Şər mələyi
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 22:38 16 yanvar 2016 tarixində əlavə olunmuşdur

10 iyul 1846-cı ildə Prussiyanın Ryökken vilayətində lüteran kilsəsinin keşişi Karl Lüdviq Nitsşenin ailəsində bir qızcığaz, Elizabet dünyaya gəlir. Elizabet qardaşı Fridrixdən iki yaş kiçik idi. İki yaşında atası Karlı itirən balaca Elizabet anası, xalaları və gələcəyin böyük filosofu olacaq qardaşı Fridrix Nitsşe ilə birlikdə yaşamalı olur.Kiçik Elizabet xalq məktəbi adlanan ibtidai təhsil müəssisəsinə gedir. Sonralar o, gənc qızlar üçün nəzərdə tutulan gimnaziyada təhsil alır.Burada oxuduğu zaman yəhudi əsilli bir oğlanla tanış olur və qısa vaxtda onların arasında sevgi münasibətləri yaranır.Günlərin birində sevdiyi oğlanın başqa bir qızla öpüşdüyünü görən Elizabet həyatı boyu unutmayacağı dəhşətli bir zərbə alır. Bu xəyanət gənc qızın qəlbini sevdiyi oğlana, onun ailəsinə, sonralar isə yəhudi millətinə qarşı dəhşətli nifrət və qəzəb hissi ilə doldurur.Elizabet özünü təhqir edilmiş sayır, bu duyğuları beynində inkişaf etdirdikcə, qatı bir antisemitə çevrilir. Həyatının bu dönəmində antisemit hərəkətlərinə görə məktəbdən qovulmuş keçmiş müəllimi Bernard Försterlə yaxınlığı gənc Elizabetin antiyəhudi düşüncələrini daha da gəlişdirir. Förster xanım Nitsşeyə ari alman millətinin  bəşəriyyət üzərindəki fövqəltəsirini həyata keçirəcək şəxslərdən biri kimi baxır. Düşüncə və ideyaları eyni olduğundan, onların arasında getdikcə isti münasibətlər yaranmağa başlayır və onlar 1885-ci ildə evlənirlər.Bu illərdə Elizabetin böyük qardaşı Fridrix Nitsşe imzası ilə artıq yavaş-yavaş parlamağa başlayırdı. Nitsşe yaradıcılığının ilkin dönəmlərində proqressiv millətçi kimi görünsə də, sonralar həmin düşüncələrindən imtina etdi. Dahi filosofun bacısı ilə münasibətləri də məhz, bu dönüşdən sonra kəskinləşməyə başladı. Fridrix antilokalist, Elizabetlə əri isə qatı millətçi idi.
  Elizabet bütün həyatı boyu qardaşını izləmiş, onun intim həyatından tutmuş, yaradıcılığına qədər hər şeyə müdaxilə etmişdi. Antisemit dünyagörüşü, onu irqçi nasional-sosialist partiyasının fəallarından biri kimi tanıtdı. Qardaşının şizofreniyası gücləndikdən sonra, Elizabetin əlinə böyük fürsət düşdü. O, böyük filosofun bir çox əsərlərini və məktublarını saxtalaşdıraraq, onları nəşr etdirdi. Nitsşeşünasların indiyədək üzərində mübahisə apardığı, aşkara çıxardığı və hələ də qaranlıq qalan bir çox şübhəli məqamlar var. Almaniyada faşizmin ideoloji qaynağı kimi Nitsşenin əsərləri əsas götürüldü. Fridrix Nitsşenin fövqəlinsan nəzəriyyəsi alman irqçi nasional partiyasının hərəkətverici qüvvəsinə çevrildi və kütlələr arasında sürətlə yayılmağa başladı. Çox sonralar üzə çıxacaqdı ki, alman faşizminin ideloji bazası Fridrix Nitsşenin yox, onun əlyazmalarına təcavüz edən bacısı Elizabet Nitsşenin ideyaları əsasında formalaşmışdı.
  1886-cı ildə Elizabet Nitsşe əri Bernardla birlikdə cənubi Amerikanın geridə qalmış ölkələrindən birinə, Paraqvaya mühacirət edir. Ər-arvad Paraqvayda yaşayan on dörd alman ailəsinin qarşısında birgə alman koloniyası yaratmaq və vahid təsərrüfat qurmaq ideyası ilə çıxış edir. İqtisadi gerilikdən, aclıq və xəstəliklərdən əziyyət çəkən yerli almanlar ümumi vahid təsərrüfat ideyasına can-başla razılıq verirlər. İlkin hərəkətə başlamaq üçün hər alman ailəsindən müəyyən məbləğdə vəsait də toplanır. Lakin Paraqvayın qeyri-məhsuldar torpaqları, ölkədə səhiyyə və təhsilin sıfır vəziyyətində olması Försterlərin məqsədlərini puça çıxarır. Bernard və Elizabet arzuladıqları təsərrüfat birliyini qura bilmirlər. Həmvətənlərindən yığdıqları pulları səmərəsiz cəhdlərə qurban verən, bundan sonra özünü uğursuz və təhqir olunmuş sayan Bernard 1889-cu ildə intihar edir.Ərinin ölümündən sonra Elizabet yenidən Almaniyaya qayıdır.

Dahi filosof Fridrix Nitsşe “Bacım və mən” adlı avtobioqrafik əsərində Elizabet haqda ağlasığmaz faktlar təsvir edir. Bacısını “şər mələyi” kimi xarakterizə edən Nitsşe, onunla uşaqlıqda və yeniyetməlikdə oynadığı intim oyunlar haqda təəssüratları təsvir edib.Daha sonra baş verənləri bütün çılpaqlığı ilə təsvir edən Nitsşe, Elizabetin onun sevgi həyatında heç bir qadına rol vermədiyini, vurulduğu qadınları daim onun ətrafından uzaqlaşdırdığını yazırdı.
  Nitsşenin filosof Paul Re və intellekt təcəssümü sayılan xanım Lu Salome ilə dostluq münasibətlərini həzm etməyən Elizabet, onların üçlükdə təşkil etdiyi intellektual fəlsəfə qrupunu “əxlaqsız yuva” adlandırır və dostları qrup sekslə məşğul olmaqda  ittiham edir. Qardaşının Salomeyə vurulduğunu hiss edən Elizabet bütün mümkün vasitələrlə onu Nitsşenin ətrafından uzaqlaşdırır.Məşhur bəstəkar Vaqnerin xanımı ilə də eyni süjetli ssenari qurulur. Qardaşının xanım Kozima Vaqnerə olan sevgisi Elizabeti özündən çıxarır. O, Nitsşenin Kozimaya heç zaman bildirmədiyi sevgi hislərini duyur və bunu onun əri, ailənin yaxın dostu Vaqnerə deyir. Tezliklə dostların arası dəyir, Vaqnerlər  Nitsşedən uzaqlaşır.
1889-cu ildə Nitsşe ciddi əsəb sarsıntıları ilə psixiatrik xəstəxanaya yerləşdirilir. Burada müalicə aldığı 11 il ərzində Elizabet bir an da olsun, onun yanından ayrılmır. Qırx yaşlarında dəli olan böyük mütəfəkkiri yeganə o, başa düşürdü. (Çünki, onu elə özü dəli eləmişdi.) Eyni zamanda filosofun yazdıqlarını qəddarlıqla “redaktə” edir, lazım bilmədiyi hissələri qaralayır, özündən əlavələr edərək nəşriyyatlara göndərirdi. Nitsşe yaradıcılığının tədqiqatçısı Kristian Nemeyer isə belə bir iddia irəli sürdü:
“Təkcə 1909-cu il ərzində Nitsşenin adına çap olunan 505 mətnin yalnız 60 dənəsi orijinal mətndi. Qalan mətnlərin məzmunu qismən, yaxud tamamilə dəyişdirilib. Çap edilənlərin içərisindəki 30 mətn isə ümumiyyətlə, onun tərəfindən yazılmayıb.”Nitsşeşünas alim tədqiq etdiyi filosofun başına gətirilən bu oyunlara görə faşizmin xaç anası olan Elizabet Nitsşeni günahlandırır.Nitsşe ruhi xəstəxanada müalicə aldığı dönəmdə, Elizabetin “redaktə”sindən çıxmış bir neçə əsərini nəşriyyatlar çap etməkdən imtina edir. Nitsşe fəlsəfəsinə bələd olan təcrübəli naşirlər, əsərlərin Nitsşe tərəfindən yazılmadığından şübhələnirdilər.“Hakimiyyət istəyi” əsərini Nitsşe yarımçıq dayandırsa da, Elizabet əlyazmanın ardını özü yazıb tamamlayaraq çap etdirir. Kitab Avropada böyük sensasiyaya doğurur.
Filosofun məşhur “Zərdüşt belə deyirdi” əsərinin məzmununu Elizabet elə dəyişmişdi ki, kitabda gerçək Nitsşe ideyalarından əsər-əlamət qalmamışdı; qatı rasizm mövqeyi sərgiləyən əsər, Hitlerin “Mənim savaşım” və Rozenberqin “XX əsrin mifi” kitabları ilə trilogiya ab-havası yaradır, III Reyxin ideoloji sütunlarından biri kimi tanınırdı.  Elizabet Nitsşe bütün həyatını və fəaliyyətini alman ari irqinin dirçəlişi və dünyaya hakimliyi uğrunda mübarizəyə həsr etdiyi üçün Hitlerin sevgisini qazanır. Nasional sosialistlərin lideri Adolf Hitler Veymarda “Nitsşe arxivi” muzeyinin açılışında iştirak edərək, xanım Elizabet Nitsşenin Almaniya üçün apardığı mücadiləni yüksək qiymətləndirir və onun əlindən öpür. Sonralar Hiltler həmin muzeyi dəfələrlə ziyarət edir.Elizabet Nitsşe ömrünün sonunadək bu muzeydə çalışır və Nitsşenin adından alman rasizmi ideyalarını təbliğ edir.Adolf Hitler xanım Nitsşenin vətən qarşısındakı xidmətlərini dəyərləndirərək, ona yüksək məbləğdə təqaüd təyin edir.Dahi Fridrix Nitsşenin fövqəlinsan nəzəriyyəsini  təkcə “fövqəlinsan almandır”- cümləsi ilə başdan-ayağa dəyişən Elizabet Nitsşe bu amansız təhrifi ilə bütün Almaniyanı və bəşəriyyəti dəhşətli bir fəlakətə sürükləmiş oldu.
Alman faşist hərəkatının ideoloqu və xaç anası Elizabet Förster Nitsşe 1935-ci ildə, 89 yaşında Veymarda vəfat etdi.

 

 

 

 

 


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
3+27=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0261 saniye