Şəxsiyyət
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 17:53 01 yanvar 2016 tarixində əlavə olunmuşdur

Nəsib bəy Yusif (Usuf/Usub) bəy oğlu Yusifbəyli 5 iyul 1881-ci ildə Gəncə şəhərində dünyaya göz açmışdır. Türkcə doğum şəhadətnaməsində bu haqda yazılıb: “…Yelisavetpol quberniyasının və şəhərinin sakini Nəsib bəy Yusif bəy oğlu öz sülbi atasının – Yusif bəy Yusifbəyovun şər’i mənkuhəsi Böyükxanım Böyükağa qızından min səkkiz yüz həştad birimci ilin iyul ayının beşimci günündə təvəllüd edibdir”.

9 oktyabr 1890-cı ildə Gəncə klassik gimnaziyasına girən Nəsib bəy orta təhsilini 10 iyun 1902-ci ildə burada başa vurub.Direktorun ona verdiyi xasiyyətnamədə oxuyuruq: “Gəncə gimnaziyasında bulunduğu bütün 12 il boyunca orta bacarıqla, yüngül əməksevərliklə, sakit, təvazökar davranışıyla seçilib. …Özəlliklə rus dilini mənimsəməkdə çox çətinlik çəkib; riyaziyyata müəyyən həvəs göstərib. Boş vaxtlarını yuxarı siniflərdə Türk və fars dillərində kitablar oxumaqla keçirib. Özünün gimnaziya öhdəliklərini səliqə ilə yerinə yetirib. Şərq fakültəsinin dözümlü tələbəsi ola bilər. Maddi baxımdan aztəminatlıdır.

 Həyat yoldaşı Şəfiqə xanımın yazdığına görə, Nəsib bəy gimnaziyanı bitirdikdən sonra öncə atasının istəyiylə 1900-cü ildə Peterburqdakı Texnologiya İnstitutuna girib.Ancaq bu fakt özünü doğrultmur, çünki bu vaxt o, hələ gimnaziyanı bitirməmişdi.

Peterburq şəhərindən 25 iyul 1902-ci ildə Odessa Novorossiya Universitetinin rektoruna yazdığı ərizəyəəsasən, Nəsib bəy sentyabrda həmin universitetin tibb fakültəsinin 1-ci kursuna qəbul edilib və 1903-cü ilədək orada oxuyub. 1903-cü ilin sentyabrında bu fakültədə təhsilini davam etdirmək istəmədiyinə görə hüquq fakültəsinə dəyişilib. Bu fakültədə onun həmyerliləri də oxuyurdu: Əli bəy Fətəli bəy oğlu Şahmalıyev, Məhəddin bəy Fətəli bəy oğlu Şahmalıyev, İsmayıl bəy Nəsrullah bəy oğlu Şahmalıyev və b. Universitetdə onun Nəriman Nərimanovla mənhus tanışlığı da başlayır. 11 yaş böyük olan N.Nərimanov bundan sonra onu həyatının ən sonunacan təqib edib…

N.b.Yusifbəyli hüquq fakültəsində 3 semestri başa vurub, ancaq 1905-ci ilin payız yarımilinin təhsil haqqını ödəyə bilmədiyinə görə 4-cü semestrdə universitetdən çıxarılıb.Onun təhsilini davam etdirmək imkanı bir də 1907-ci ildə yaranıb, ancaq inqilabi hərəkatla ilgili olaraq həmin il Novorossiya Universiteti müvəqqəti bağlandığına görə Nəsib bəy 23 fevral 1907-ci ildə Universitetin rektoruna ərizə yazaraq Xarkov Universitetinə köçürülməsini xahiş edib.Həmin ilin 16 martında Xarkov Universitetinin İdarə Heyəti də köçürülməyə öz razılığını verib.Bundan sonra Nəsib bəy təhsilini Xarkov Universitetinin hüquq fakültəsində davam etdirib.

Nə yazıqlar ki, həmin universitetin Sovet dönəminədək olan bütün arxivi 2-ci cahan savaşı illərində məhv olduğuna görə Nəsib bəyin bu universitetdə təhsilinin gedişi haqqında əldə heç bir sənəd qalmayıb, bu üzdən də onun Xarkov Universitetində guya 4-cü kursdan təhsilini yarımçıq qoyması haqqında yanlış fikir ortaya çıxıb. Bu fikirlə ilk dəfə Mövsüm Əliyevin yazısında qarşılaşırıq: “1908-ci ildə N.Yusifbəyli öz təhsilini Xarkov Universitetinin hüquq fakültəsində davam etdirmişdir. Lakin yoxsulluq üzündən N.Yusifbəyli ali məktəbi dördüncü kursdan atmışdır”. Bu müddəa indiyədək Nəsib bəylı bağlı bütün əsərlərdə təkrarlanmaqdadır. Məsələn, dəyərli araşdırıcımız Nazif Qəhrəmanlı yazır: “Rusiyada 1905-1907-ci illər inqilabı Nəsib bəyə öz təhsilini tamamlamağa imkan vermədi”.

Doğrudur, arxivin məhvi üzündən əlimizdə N.b.Yusifbəylinin diplomu, yaxud diplomunun surəti, ya da hər hansı təsdiqləyici sənəd yoxdur, ancaq onun 1909-cu ildə hələ Xarkovda oxuması haqqında bəlgələr var – Xarkov Universitetinin prorektoru həmin ilin aprelində xahiş edərək Novorossiya Universitetindən Nəsib bəyin gimnaziya attestatının əslini gətizdirib.Attestat universitetə, çox güman ki, diplomun verilməsi ərəfəsində lazım olmuşdu.

Nəsib bəyin ali təhsilini başa vurmasını üç amil tam təsdiqləyir. Birincisi, “Yeni Həqiqət” qəzetində 1911-ci ildə getmiş bir xəbərdə Nəsib bəy “hüquqşünas” adlandırılıb.Diplomsuz şəxsin bu cür adlandırılması mümkün deyildi. Deməli, N.b.Yusifbəyli ən geci 1911-ci ildə diplom alıb. İkincisi, əlində diplomu olmasaydı onu təhsil naziri qoymazdılar. Üçüncüsü, Məhəmmədəmin Rəsulzadə yazır: “Nəsib bəy… ali təhsil görmüşdü”.

1905-ci ildə Novorossiya Universitetindən çıxarıldıqdan sonra N.b.Yusifbəyli 1907-ci ilədək vaxtının çoxunu Gəncədə və Krımda – Bağçasarayda keçirib.

Əqidəcə sosial-demokrat olan və xalqın taleyini düşünən, onun ağır həyatını rifaha qovuşdurmağın yeganə yolunu maariflənmədə görən Nəsib bəy ona əslində Rusiya tələbələri mühitində aşılanmış və daha çox nəzəriyyələr üzərində qurulmuş siyasi görüşlərini Azərbaycan, Türk mühitində tədricən təkmilləşdirə-təkmilləşdirə milliyyətçilik yolunu tutdu. Bu vaxt maarifçilik yenə onun başlıca ideya silahlarından biri idi. Hər nəylə məşğul olsa son nəticədə soydaşlarının, yurddaşlarının savadlanmasını, maariflənməsini başlıca hədəf götürürdü. Ancaq o dönəmin Gəncə mühitində yeni düşüncələri qəbul etdirmək heç də asan deyildi. Bunu 1904-də Şəfiqə xanıma yazdığı bir məktubdan da görürük: “Bizimkilər acından ölür, fəqət çalışmaya getməzlər. Dədəsi bəy olmuş, özü işçimi? …Mən bugünlərdə bir mövzudan bir mövzuya dəlilər kimi atılıram. Keçənlərdə bir toplantıda çocuq təhsilinin nə qədər önəmli olduğu üzərində durdum. Zavallı atamın bu görüşləri bəyənmədiyi, oğlundan yolunu azmış birisi kimi bəhs etməsi (necə olurmuş, qadınların avropalı qadınlar kimi olmaları mümkünüymüşmü?), avropalının yalnız pis tərəflərini görüb yaxşı tərəflərini görməmələrinə çaşıram”.

Milləti yalnız savadın, maarifin xilas edəcəyinə inanan Nəsib bəy özü də şəxsən bu yolda çalışıb, müəllimlik edib, maarif işinə şəxsi töhfəsini verməyə can atıb. 1904-də Şəfiqə xanım Qaspıralıya yazıb: “Bu arada başım qarışıqdır, səhərdən axşama qədər uşaqları məktəbə hazırlayıram, cəmi 13 uşaqdır. Bir çoxları mənə şübhəli davranırlar – necə olur da bu qədər vaxtımı qarşılıqsız olaraq sərf edirəm, anlamırlar”.“Sözdə hamımız qəhrəmanıq, ancaq işə gəlincə beş qəpiyə dəymərik”.

Savad yaymağın kitabsız mümkün olmadığını gözəl bilən N.b.Yusifbəyli kitab ticarəti və nəşrinə də üstünlük verib. O, qardaşı Həmid bəylə birgə, atasının himayəsi və yardımıyla Gəncədə dəyərli bir “kitabxana” yaradıb. “Yeni İrşad” qəzetində həmin “Mədrəsə” kitabxanasının elanı diqqəti cəlb edir: “Kitabxanamızdan türkcə, farsca, ərəbcə kitab almaq mümkündür. Qafqasiyada basılmış hər qisim məktəb kitabları küllüyyətləmövcuddur. Bu kitablar Gəncə Ruhani Mədrəsəsi Heyəti-müəllimini ilə şəhər Məktəblər Komisyonu və müəllimləri tərəfindən qəbul olunub, Qafqasiyanın bir çok məktəbləri tərəfindən dəxi dərs proğramına daxil edilmişdir. İbtidai məktəblər üçün hər qisim rus kitabı və ləvazimati-təlimiyyə külliyyətlə mövcuddur. Елисаветполь, Усуббеку Усуббекову”.

Buradan üç mətləb aydınlaşır: 1) elandakı “kitabxana” terminini “kitab mağazası” kimi başa düşmək gərəkdir; 2) mağazanı Yusif bəy idarə edib və ən mühümü: 3) bu mağazada satılan bütün kitablar xalqın maariflənməsinə, savadlanmasına kömək edən əsərlərdir və mağaza ümumən məktəblərin dərs vəsaitiylə təmin olunmasında mühüm rol oynayır.

N.b.Yusifbəyli Gəncədə mövcud olan Müsəlman Xeyriyyə Cəmiyyəti, Müsəlmanlar Arasında Maarif Yayan Cəmiyyət, Aktyorlar Cəmiyyəti və b. kimi bir çox ictimai qurumların fəaliyyətində yaxından iştirak edib.

 “Tərəqqi” qəzeti Gəncə aydınlarının Nizami Gəncəvinin məzarını bərpa etdirməkdən ötrü çalışdıqlarını, vəsait yığmaqdan ötrü 1908-in dekabrında tamaşa göstərdiklərini qeyd edib. Əliəkbər Rəfibəyov, Aslan Səfikürdski, Əliəsgər Xasməhəmmədov bu işin icraçılarıdır. Onların əməyi nəticəsində 300 manat pul toplanıb. Aradan bir az keşmiş – 7 yanvarda onlara yeni həvəskarlar: Nəsib bəy Yusifbəyli, Məhəmmədbağır Şıxzamanov, M.H.İsmayılzadə, İsr. Atakişiyev və başqaları da qoşulub.

N.b.Yusifbəyli Bağçasaraya ilk dəfə 1902-nin dekabrında Novorossiya Universitetinin Türk tələbələriylə birgə, ikinci dəfə isə 4 may 1903-də – “Tərcüman”ın 20 illik yubileyində gedib. Bağçasarayda o, “Tərcüman” qəzetinin redaktoru, görkəmli jurnalist, ictimai və siyasi xadim İsmayıl bəy Qaspıralının (1851-1914) qızı Şəfiqə xanımla (1886-1975) tanış olub. Onlar 1903-cü ildə nişanlananda Şəfiqə xanım 16 yaş yarımdaydı. Ancaq onlar arasındakı fərq yalnız yaşlarında deyil, həm də dünyagörüşləri arasındaydı – Şəfiqə xanım atası kimi sırf türkçü, Nəsib bəysə solçu – sosial-demokratdı. (Zaman keçdikcə İsmayıl bəyin təsiri altında Nəsib bəy də millətçi oldu).

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+26=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0312 saniye