Şəxsiyyət
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 18:28 01 yanvar 2016 tarixində əlavə olunmuşdur

Nəsib bəy Bağçasarayda ailəsiylə birgə yaşasa da vaxtının əsas hissəsini doğma Gəncədə keçirir, bu şəhərin mədəni həyatında fəal iştirak edirdi. Gəncədə onun ruhuna ən yaxın olan ocaqlardan biri, 1905-ci ildə yaradılmış və Axund Hüseyn Pişnamazzadənin nazirliyi (müdirliyi) altında fəaliyyət göstərən Ruhani Mədrəsəsi idi. Bu təhsil ocağında İstanbul Universitetini bitirmiş Abdulla Sur və onun yaxın dostu, Azərbaycanın dahi şairi Hüseyn Cavid, Azərbaycan Cümhuriyyəti Parlamanının gələcək üzvü Rza bəy Qaraşarlı… kimi görkəmli şəxsiyyətlər dərs deyirdi. (Mədrəsənin 1905-1912-ci illər vinetkasında bu müəllimləri birgə görmək mümkündür).

Mədrəsədə dərslərin necə keçirildiyini öyrənmək üçün 1911-ci ildə burada təftiş aparılıb. Bu haqda xəbər verən “Yeni Həqiqət” qəzeti yazır ki, qonaqları müdir Pişnamazzadə, valilik qazısı Qazızadə, Şəhər İdarəsindən Ziyadxanov, Əliəkbər Rəfibəyov, doktor Həsən bəy Ağayev və hüquqşünas Nəsib bəy Yusifbəyov qarşıladılar. Bu şəxslərin hamısı dərslərdə oturub. Rza bəy Qaraşarov köhnə dərsi müzakirə edib. Şagirdlərin rus dilini zəif bilməsinə irad tutulduqda tərcüməçi N.b.Yusifbəyli bildirib ki, uşaqlar bu dili yalnız mədrəsədə eşidirlər.

Nəsib bəyin Gəncə həyatının bu dönəmi onun “Təslim” hekayəsində təsvir olunub. Hekayədə yeni məktəbin qayğılarına, müəllimlərin həyatına da mühüm yer verilib. Əsərdə yeni üsuli-cədid məktəbi köhnə mədrəsə ilə toqquşur.

Şəhər əhalisi arasında daha nəslinə görə deyil, artıq xalq arasında rəğbət qazanmış əməllərinə görə hörmət yiyəsi olmuş Nəsib bəyi 1912-ci ildən Cümhuriyyət qurulanadək Gəncə Şəhər İdarəsinin və Gəncə Şəhər Dumasının üzvləri arasında görürük.

Elə həmin ildən o, Şəfiqə xanımla uşaqlarını götürüb Gəncəyə gətirib. Burada Nəsib bəylə Şəfiqə xanımın arasında anlaşılmazlıq baş verib. (Bu işdə Şəfiqə xanımın qayınanasının da təqsirinin olduğu dilə gətirilib). Bundan bir qədər keçmiş – 1913-cü ildə N.b.Yusifbəyli mənşəcə Volqa tatarı olan Aynülhəyat Baişeva (1886-1959) ilə molla nikahı ilə evlənib. Şəfiqə xanım da qadın hərəkatı fəallarından olan Aynülhəyatı çox yaxşı tanıyırmış və hətta yaxın rəfiqəsi kimi onu Nəsib bəylə özü tanış edibmiş…

Bir müddətdən sonra Şəfiqə xanım uşaqlarını da götürərək Krıma qayıdıb. 1916-cı ildə onunla Nəsib bəyin yolları ayrılıb.

Ər-arvad anlaşmazlığının kökündə nəyin durduğunu kimsə bilə bilməz. Belə hadisə vəzifəsindən, imkanından, əxlaqından asılı olmayaraq istənilən adamın başına gələ bilər və bu zaman qıraqdan baxanların hakimlik etmək istəməsi əsla doğru deyil. Təəssüf ki, Şəfiqə xanımın həyatından kitab yazan Habləmitoğulları bu cür mövqe tutaraq hakimlik etməyə çalışıblar –yazdıqları əsərin bir çox yerində yalnız Şəfiqə xanımın tərəfini saxlayaraq Nəsib bəyə qarşı kəskin ittihamlar irəli sürməklə və yaraşmayan ifadələr işlətməklə onun ruhunu incidiblər. Halbuki olduqca mənəviyyatlı və təmiz əxlaqlı insan olan N.b.Yusifbəyli Şəfiqə xanıma daim hörmətlə yanaşıb və balalarına sonsuz sevgi bəsləyib, onlara ömrünün sonunadək qayğı göstərib.

1917-ci ildə Rusiyada Fevral burjua inqilabı baş verdi – 300 illik Romanovlar sülaləsi devrildi, yerində Müvəqqəti hökumət quruldu. İnqilabın ilk günlərində – martın 9-da Dövlət Dumasının Zaqafqaziyadan olan deputatlarının təşəbbüsü ilə və Müvəqqəti hökumətin qərarına əsasən, Duma üzvlərindən Zaqafqaziyanın İdarəsi üçün Xüsusi Komitə (rusca: “OZaKom”) yaradıldı. Xarlamovun sədrlik etdiyi Komitənin tərkibinə Məhəmmədyusif Cəfərov, Papacanov və Çxenkeli daxil idilər. Bu Komitə 15 noyabr 1917-ci ilədək – Zaqafqaziya Komissarlığının yaranmasınadək mövcud oldu, ancaq onun nüfuzu o qədər zəifdi ki, əyalətlərdə ciddi hakimiyyətsizlik, anarxiya yarandı. Belə ağır dönəmdə hər bir xalq başını salamat saxlamaq üçün öz taleyi haqqında düşünməyə, onu güclü düşmənlərdən qoruya biləcək milli qurumlar yaratmağa girişdi. Bu zaman hər millətin, hər ölkənin, hər şəhərin özünün “Milli Komitə” adlandırılan təşkilatı meydana çıxdı, çoxlu siyasi partiyalar fəaliyyətə başladı.

Gəncədə, bilindiyi kimi, o zaman yerli əhaliyə düşməncəsinə yanaşan ermənilər də yaşayır və 1905-ci ildə olduğu kimi indi də milli qırğın törətməyə çalışırdılar. Onlar silahlı olduqlarına və daim ruslardan dəstək aldıqlarına görə şəhərin müsəlman əhalisinə ciddi təhlükə törədirdilər. Bu təhlükəni önləmək üçün Gəncədə də Müsəlman Milli Komitəsi yaradıldı.

Burjua inqilabından heç bir ay ötməmiş, 1917-ci ilin mart ayında Gəncədə qabaqlar “Difai”ni yaratmış Gəncə Milli Komitəsinin aparıcı şəxsləri – Həsən bəy Ağayev, Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməhəmmədli, Şeyxzamanlı qardaşları və başqaları Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında Azərbaycan tarixində keyfiyyətcə yeni, Avropa mədəni dəyərlərinə söykənən bir partiyanın – Türk Ədəmi-Mərkəziyyət Firqəsinin əsasını qoydular. Bu partiya Rusiyanı federativ şəkildə qurmaq və onun tərkibində Azərbaycana muxtariyyət vermək uğrunda mübarizə aparırdı. Yeni partiya xalqı öz proqramı ilə tanış etmək üçün şəhərin Şah Abbas məscidinin həyətində böyük mitinq təşkil etdi. Bu mitinq: “Yaşasın demokratik cümhuriyyət!”, “Yaşasın Azərbaycan muxtariyyəti!”, “Yaşasın Türk Ədəmi-Mərkəziyyət Firqəsi!” şüarları altında başa çatıb.

 1917 ci ilin aprelində Ümumqafqaz Müsəlmanlarının 1-ci Qurultayı Bakı şəhərində keçirilib. Yusifbəylinin rəhbərliyi altında Gəncədən olan yenilikci siyasətçilərin fəallığı bu toplantının siyasi ab-havasını müəyyənləşdirib. “Azərbaycan ideyasını siyasi bir tələb” kimi aydınlaşdıran konkret proqramlı Ədəmi-Mərkəziyyət Firqəsi öz məramına özəlliklə müsavatçılar arasında çoxlu tərəfdar toplayıb.

N.b.Yusifbəyli 1-11 may 1917-ci ildə Moskvada keçirilən Ümumrusiya Müsəlmanlarının Qurultayına da qatılıb və partiyanın mövqeyini müdafiə edib. Müsavat Partiyasının sədri Məhəmmədəmin Rəsulzadə (1884-1955) də bu qurultayda federalizm tezisini dəstəkləyib.

Sözügedən qurultayların ikisinə də sədrlik etmiş Əlimərdan bəy Topçubaşovun (1862-1934) eyni mövqedən çıxış edən partiyaların birləşdirilməsi tövsiyəsinə əsasən1917-ci may ayının axırlarında hər iki təşkilatın birləşərək “Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat” adlandırılması qərara alınıb. İki təşkilatın rəsmi surətdə qovuşması iyunun 20-də birgə Mərkəzi Komitənin yaradılması ilə başa çatıb. Həmin Mərkəzi Komitəyə Ədəmi-Mərkəziyyətdən Nəsib bəy Yusifbəyli, Şəfi bəy Rüstəmbəyli, Həsən bəy Ağazadə (Ağayev) və Mirzə Məhəmməd Axundov, Müsavatdan isə Məhəmmədəmin Rəsulzadə, Məhəmmədhəsən Hacınski, Mustafa ağa Vəkilov, Xudadad bəy Rəfibəyov daxil olublar. Beləliklə, Nəsib bəy həm Mərkəzi Komitənin üzvü seşilib, həm də partiyanın Gəncə təşkilatının başçısı olub.

26-31 oktyabr 1917-ci ildə Bakıda Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavatın 1-ci qurultayı keçirilib. 26 oktyabrdakı ilk yığıncaqda Gəncə təşkilatının təmsilçisi Nəsib bəy deyib ki, çin olan iki yuxu görmüşəm. Birinci yuxum Ümumqafqaz Müsəlman Qurultayı, ikincisi isə partiyanın bu qurultayıdır. Mən üçüncü yuxu da görürəm və umudvaram ki, o da çin olacaq – bu, ürəyimizdəki ən məhrəm istək və diləklərimizə yetişməkdir. Elə bu istək və diləklərə yetişmək üçün Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat“Azərbaycana muxtariyyət” şüarı altında geniş milli hərəkat başlatdı.

Həmin dövrdə Gəncədə Nağı Şıxzamanlı (1883-1967) və Sarı Əliəkbərin rəhbərliyi altında şəhərə nəzarət eləmək üçün yerli əhalidən silahlı polis təşkilatı yaradılmış və qisa bir müddətdən sonra “Turkiyədən gələn mücahidlərin yardımı ilə genişlənərək Milli Komitəyə çevrilmişdir. Bu komitənin rəhbərliyinə Nəsib bəy Yusifbəyli seçilmişdir. Onun göstərişi ilə Gəncə şəhərində giriş və çıxış yolları nəzarətə alınmışdır. Beləliklə, bir müddətdən sonra Gəncə tamamilə  Milli Komitənin nəzarəti altına keçmişdir”.

1917-ci il sentyabrın 1-də Bakıda Müsəlman Komitəsinin yığıncağında Kiyevdə 21-28 sentyabrda keçiriləcək Rusiyanın əsarətdən qurtulmuş xalqlarının qurultayına Gəncədən Nəsib bəy Yusifbəyli və Həsən bəy Ağayevin, Bakıdan Fətəli xan Xoyskinin göndərilməsi qərara alınıb. Burada Rusiya xalqlarının öz müqəddəratını federatif-demokratik əsaslarla təyin etməsi başlıca müzakirə mövzusu olub.

25 oktyabr (7 noyabr) 1917-ci ildə Peterburqda Leninin başçılıq etdiyi bolşeviklər Müvəqqəti hökuməti silahlı üsyanla devirib hakimiyyəti ələ aldılar. Zaqafqaziyadakı Xüsusi Komitə Sovet hakimiyyətini tanımadı və 11 (24) noyabr 1917-ci ildə Tiflisdə Müstəqil Zaqafqaziya hökumətinın yaradılması haqqında qərar qəbul edildi və noyabrın 15 (28)-də Zaqafqaziya Komissarlığı – üç milləti təmsil edən birləşmiş Zaqafqaziya hökuməti təşkil edildi. Sədri Y.P.Gegeçkori olan 12 komissardan (nazirdən) ibarət hökumətdə Azərbaycanı 4 komissar təmsil edirdi: Fətəli xan Xoyski (xalq maarifi), Məhəmmədyusif Cəfərov (ticarət və sənaye), Xudadad bəy Məlikaslanov (yollar), Xəlil bəy Xasməhəmmədov (nəzarət). Bu komitə Müəssislər Məclisinin çağırılmasınadık mövcud olmalıydı.

Rusiyanı idarə etmək üçün 1917-ci ilin noyabrında Müəssislər Məclisinə seçkilər keçirildi. Nəsib bəy Yusifbəyli də seçilənlər arasındaydı. Müəssislər Məclisi 5 (18) yanvar 1918-ci ildə Moskvada toplandı. Məclis Sovet hakimiyyətini və 2-ci Ümumrusiya Sovetlər qurultayının dekretlərini tanımadıqda Lenin onu qovdu.

Komissarlıq 12 (25) yanvar 1918-ci ildə Zaqafqaziyanın qanunverici orqanı olaraq Zaqafqaziya Seymini yaratmaq haqqında qərar qəbul etdi. Seym Müəssislər Məclisinin Zaqafqaziyadan seçilmiş deputatlarından ibarət olmalı idi. Seymin ilk iclası 10 (23) fevral 1918-də Tiflisdə keçirildi.

Seymə Zaqafqaziya Mərkəzi Müsəlman Komitəsindən Müsavat partiyası və partiyasızlar qrupu fraksiyasına 30 nəfər seçilmişdi: M.Cəfərov, Ə.b.Topçubaşov, M.Rəsulzadə, N.b.Yusifbəyov, H.b.Ağayev, X.b.Sultanov, Q.Ə.Məhəmmədbəyov, M.Mahmudov, M.Seyidov, A.Qardaşov, Ş.b.Rüstəmbəyov, F.x.Xoyski, X.b.Xasməhəmmədov, C.b.Hacınski, C.b.Məlikyeqanov, M.b.Hacıbababəyov, H.M.S.Axundzadə, M.b.Axicanov, X.b.Məlikaslanov, L.b.Behbudov, F.b.Köçərli, M.b.Hacınski, Ə.b.Mahmudbəyov, K.V.Mikayılov, İ.a.Vəkilov, H.b.Şahtaxtinski, Ə.b.Qulubəyov, R.a.Vəkilov, Y.Əfəndizadə, M.C.Yusifzadə. Göründüyü kimi Nəsib bəy bu siyahıda 4-cü yeri tutur. 20 fevralda bu siyahıda dəyişikliklər edildi və bəzi deputatlar başqaları ilə əvəzləndi. 

Müsəlman fraksiyasının sədri Məhəmmədəmin Rəsulzadə, onun müavinləri Nəsib bəy Yusifbəyli və Məhəmmədyusif Cəfərov, katibləri Mustafa Mahmudov və Rəhim ağa Vəkilov ildilər.

Zaqafqaziya Seyminin 18 komissiyası vardı. Bunların hamısı fraksiyalar üzrə tərtib edilmişdi. Xalq maarif naziri N.b.Yusifbəyli millətlər komissiyasında Müsavat partiyasını təmsil edirdi. Bu partiya isə Azərbaycan xalqının mənafeyini Seymdə müdafiə edən qüvvə idi. Onun bütün deputatları erməni və gürcülərin kəskin təzyiqinə müqavimət göstərir və əks-hücuma da keçirdilər. Seymin 16 fevral 1918-ci il tarixli 4-cü iclasında isə onlar kollektiv güc göstərdilər.

Seymin bu yığıncağında Türkiyə ilə sülh müqaviləsi bağlamaqdan danışılır və Türkiyənin başına “ağıl qoyulur”, ona qarşı şərtlər irəli sürülürdü (bu vaxt hələ Zaqafqaziya Osmanlı Ordusunun zərbəsini ciddi dadmamışdı). Bu zaman Müsavat fraksiyasının üzvləri: M.Rəsulzadə, H.b.Ağayev, N.b.Yusifbəyli, Hacınski, C.b.Məlikyeqanov, M.b.Hacıbababəyov, Mahmudbəyov, H.b.Şahtaxtinski, Y.Əfəndizadə, H.M.S.Axundzadə, M.C.Yusifzadə və Ş.b.Rüstəmbəyov Seymə bu cür sorğu verdilər: “1) Zaqafqaziya Hökumətinə və xarici işlər komissarına bəllidirmi ki, ingilis və fransız hərbi qərargahları öz agentlərinin şəxsində Tiflisdə müharibənin davam etməsi üçün açıqca təşviqat apararaq Türkiyə ilə sülh bağlanılması işinə hər cür əngəl törədirlər?;

2) Bəllidirsə əcnəbi dövlətlərin Zaqafqaziya Hökumətinin daxili işlərinə qarışmasının qarşısını almaq üçün hansı tədbirlər görülür?”.

Seymin 13 (26) mart 1918-ci il tarixli 17-ci iclasında Baş nazir Y.P.Gegeçkori özünün hökumət kabinəsini elan edib: azərbaycanlılardan N.b.Yusifbəyli maarif, X.b.Məlikaslanov yollar, F.x.Xoyski ədliyyə, Məhəmmədhəsən Hacınski ticarət və sənaye, Lütfəli bəy Behbudov poçt və teleqraf naziri, İ.b.Heydərov dövlət nəzarətçisi.

Seymin bir neçə aylıq mövcudluğu müddətində gördüyü ən mühüm işlərdən biri Osmanlı dövləti ilə Zaqafqaziya hökuməti arasında Trabzon və Batumda gedən sülh danışıqlarına yön verməsi oldu. Bu danışıqların mahiyyəti nədən ibarətdi?

15 dekabr 1917-ci ildə Almaniya, Avstriya, Türkiyə və Rusiya arasında Brest-Litovsk müqaviləsi imzalandı. Bu müqavilə ilə Qars, Ərdəhan, Batum və Artvin sancaqları Türkiyəyə verildi. Zaqafqaziya hökuməti bu müqaviləni tanımadı. 3-cü Osmanlı Ordusu həmin sancaqları müharibə yolu ilə geri qaytarmağa başladıqda Zaqafqaziya hökuməti Osmanlı hökuməti ilə sülh danışıqları aparmağa məcbur oldu. Bundan ötrü Zaqafqaziya Seymi gürcü, müsəlman və erməni deputatlardan ibarət sülh nümayəndə heyəti yaradaraq Trabzona göndərdi. Zaqafqaziyanın Brest-Litovsk müqaviləsini tanımaması, Türkiyənin isə həmin müqavilədə sadalanan sancaqların dinc yolla qaytarılmasını və Zaqafqaziyanın müstəqilliyinin elan edilməsini tələb etməsi nəticəsində danışıqlar dalana dirəndi. Zaqafqaziya Türkiyəyə müharibə elan etdi. Osmanlı Ordusunun yeni hücumları nəticəsində daha çox torpaq itirən Zaqafqaziya artıq Batumda yeni danışıqlara başlamalı oldu, ancaq bu dəfə o, Brest-Litovsk sülhünü tanısa da, Zaqafqaziya Demokratik Federativ Cümhuriyyəti şəklində öz müstəqilliyini elan etsə də çox gecikmişdi – Osmanlı hakimiyyəti haqlı olaraq Türk əsgərinin qanbahası kimi yeni əraziləri tələb və işğal etdi. Buna görə də cəmi bir ümumi toplantısı olmuş Batum konfransı da yarımçıq qaldı və 26 may 1918-ci ildə Federasiyanın və Seymin dağılmasından sonra danışıqlar yeni yaranmış müstəqil Azərbaycan, Gürcüstan və Ermənistan Cümhuriyyətləri ilə ayrı-ayrılıqda davam etdirildi. Osmanlı dövləti onların hər biri ilə ayrılıqda müqavilələr bağladı.

Bu ümumi bilgidən sonra yenidən Trabzon konfransına dönək. Oradakı sülh danışıqları 1918-ci ilin 14 martından 5 aprelinədək davam etmişdi. Konfransda Zaqafqaziya sülh nümayəndə heyətinə A.İ.Çxenkeli başçılıq edirdi. Müzakirələrdə onunla birlikdə tam hüquqlu 10 nümayəndə (mürəxxəs) iştirak edirdi: Heydər Abaşidze, İbrahim bəy Heydərov, Georgi Qvazava, Məhəmmədhəsən Hacınski, Ruben Kaçaznuni, Georgi Lasxişvili, Miryaqub Mehdiyev, Xəlil bəy Xasməhəmmədov, Aleksandr Xatisov və Əkbər ağa Şeyxülislamov. Bunlardan başqa, Zaqafqaziya Seymindəki müsəlman fraksiyasının başçısı Məhəmmədəmin Rəsulzadə müşavir, Seym üzvü Əhmədcövdət Pepinov isə katib kimi nümayəndə heyətinə daxil edilmişdilər.

Seymin 8 aprel 1918-dəki birləşik toplantısında alınan qərara əsasən, xalq maarif komissarı Nəsib bəy Yusifbəyli və Seym katibi Əli xan Kantemirov da Trabzon konfransına göndərilmişdilər. Onlar Seymin artıq Brest-Litovsk sülhünü tanıdığını və sülh müqaviləsi bağlamaq üçün Zaqafqaziya hökumətinin danışıqları davam etdirəcəyini Osmanlı nümayəndə heyətinə rəsmən bəyan etməliydilər.

Osmanlı dövləti Zaqafqaziya hökumətindən tələb edirdi ki, sülh müqaviləsinə bir dövlət kimi imza ata bilmək üçün Zaqafqaziyanın müstəqilliyi elan edilsin, ancaq ruslardan da qopmaq istəməyən gürcü və ermənilər bunu əsla qəbul etmək istəmir, müsəlmanlar isə, əksinə, bu təklifi qızğın dəstəkləyirdilər. Beləliklə, hökumətdə və Seymdə ciddi ikitirəlik yaranmışdı.

20 aprel 1918-də Seymin Azərbaycandan olan deputatları (“Hümmət” xaric) yığışaraq qərara aldılar ki, Zaqafqaziya müstəqil elan edilməlidir, əks təqdirdə müsəlman fraksiyası Azərbaycanın müstəqilliyinin elan edilməsini gündəmə gətirəcək. Nəsib bəy Yusifbəyli bu fikirdə idi ki, hökumətə və menşeviklərə ultimatum verib Zaqafqaziyanın müstəqilliyinə nail olmaq lazımdır. Müstəqilliyin elan edilməsi Bakı Sovetinə qarşı mübarizəni sürətləndirə bilər.

Azərbaycandan olan deputatların bu cür mövqeyi, əlbəttə, Seymin fəaliyyətinə ciddi təsir göstərirdi.

Nəsib bəy Seymin ümumi iclaslarında cəmi bir dəfə çıxış edib. 5 mart 1918-ci il tarixli 14-cü iclasda ermənilər və gürcülər ağız-ağıza verərək “Seymdə xəyanətkarlar var” deyir və bu zaman müsəlmanları nəzərdə tuturdular. Doğrudur, müsəlman deputatlardan Şəfi bəy Rüstəmbəyov, Əli xan Kantemirov, Mustafa Mahmudov, Bağır Rzayev, Aslan bəy Səfikürdski, Camo bəy Hacınski onlara layiqli cavab veriblər (Sultanməcid Qənizadə isə, əksinə, özümüzünküləri tənqid edib), ancaq Nəsib bəy Yusifbəyli də öz sözünü deyərək həm erməniləri, həm də gürcüləri kəskin tənqid edib. Onun çıxışının mətni:

“Vətəndaşlar, Seym üzvləri. Daşnaksütyun partiyası sədri məni təəccübləndirmir – başa düşürəm ki, İrəvan vilayətində baş verməkdə olan cinayətləri indi ört-basdır etmək gərəkdir, orada törədilmiş biabırçılıqlara indi haqq qazandırmaq gərəkdir: bütöv kəndlərin əhalisi qılıncdan keçirilib, sakinləri qovulmaqla süni şəkildə ərazilər yaradılıb. Ancaq məni menşevik nümayəndələrin (gürcülərin – Ə.T.) buradakı çıxışları təəccübləndirir. Mən düşünürdüm ki, bu, özbaşına çıxışlardır və gözləyirdim ki, indi kimsə duracaq və deyəcək ki, bu, özbaşına çıxışdır və biz tam başqa cür düşünürük, ancaq, təəssüf ki, bu səsi mən eşitmədim.

Vətəndaşlar, bizi çoxdan ittiham edirlər. Bizi doğramamışdan öncə ittiham ediblər – buna öyrəncəliyik. Qorxuram ki, bizi yenidən doğramaq istəsinlər. Buna görə də hökumətdən xahiş etmək istəyirəm ki, Ərdəhana komissiya göndərsin ki, qoşun göndərilməsinə və o əhalinin qırılmasına əngəl olsun. Bu əhalini xəbərdar etmək gərəkdir, çünki onlar üçün dəhşətli təhlükə var: qadınları da, uşaqları da, kişiləri də – hamını orada doğrayacaqlar”.

Seymin 13 (26) aprel 1918-ci tarixli 25-ci iclasında yeni Baş nazir A.Çxenkelinin kabinetinin tərkibi elan edilərək təsdiqlənib. Azərbaycandan olan nazirlərin 5-i də bir ay öncəki – 13 (26) mart 1918-ci il tarixli Y.P.Gegeçkori kabinetindəki vəzifələrində qalıb. Başqa sözlə, Nəsib bəy Yusifbəyli yenə maarif naziri kürsüsündə əyləşib.

Təəssüf ki, Nəsib bəyin Zaqafqaziya maarif naziri olduğu zaman gördüyü işlər haqqında bu gün əlimizdə bilgi və bəlgələr yoxdur, çünki onların hamısı Gürcüstan arxivlərindədir.

Qeyd etmək gərəkdir ki, istər hökumətdə, istərsə Seymdə həlledici vəzifələri əllərinə keçirmiş gürcü və ermənilər müsəlmanlardan iki dəfə çox olduqlarına görə müsəlmanlar (onların həlledici qismi Azərbaycandandı) daimi basqı altındaydılar. Seymdə müsəlmanların istək və tələblərinə dırnaqarası, “xalaxətrinqalmasın” baxılır, Seym üzvləri arasında müsəlmanlarla bağlı güclü məqsədyönlü şayiə yayılırdı.

Seymdə də, hökumətdə də üç aparıcı millətin hərəsinin öz marağı olduğuna və hərə közü öz qabağına çəkdiyinə görə istər hökumət, istərsə də Seym çox ağır durumdaydı. Özəlliklə Türkiyə ilə münasibətlərdə maraq fərqləri daha qabarıq şəkildə ortaya çıxırdı – Trabzon konfransında tam məğlubiyyətə uğramış gürcü və ermənilər Osmanlı dövlətinə qatı düşmən kimi yanaşırdılarsa müsəlmanlar onun simasında öz xilaskarını görürdülər.

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+20=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.034 saniye