Şeytanın yazıçısı
ŞvartsMan tərəfindən "Hekayə" bolməsinə 19:22 30 iyul 2016 tarixində əlavə olunmuşdur

Şeytan   Allahdan  daha  maraqlı  gəlir  insanlara.

Şeytan  sənin  gözünü  açdı.

   

    Şeytanla  bağlanan müqavilənin 6 qaydası:

    1.Mənim  haqqımda  kitab ya hekayə  yazacaqsan.. Adımı və  simvollarımı  təbliğ  edəcəksən.

    2. Dini  tənqid  edəcəksən, Allahla  məni  eyni  səviyyə  qoyacaqsan, müzakirə  edəcəksən..

    3.Kim  sənə  desə  ki, satanistsən,  cavab verərsən ki,  şeytana  inanmıram, o   yoxdur...................................................................................................

    4. Məni  tərifləmə, yalnız  olanı  de  və  yaz. Mənə  inanlara  sən inanma.

    5. Mən  üsyankarlığın, müxalifliyin  simvoluyam, Tanrı  isə  itaətkarlığın.

    6. Şeytan  sənin   həqiqi  tanrındır.

    Şeytan  uzun  qırmızı  dırnaqlı  barmağını  sarımtıl  köhnə  kağıza  uzadıb  imza  yerini  göstərib dedi: “Bütün  bu  qaydalara  əməl etsən, məşhurlaşacaqsan  və  istədiyini  əldə edəcəksən.” Satani  lələyin ucu ilə  şəhadət  barmağını  deşib  qanıyla  imza  qoydu. Bununla  da aralarında  bağlanmış  müqavilə  təsdiqləndi.

   

    Satani  həyəcanla  yuxudan  oyandı. Qorxulu  yuxu  görmüşdü  və  dərindən nəfəs  alıb   güc  toplayıb  sevindi  ki,  yuxudur. Tez  əl-üzünü  yudu  soyuq  suyu  üzünə  çırpa-çırpa...və  birdən  şəhadət  barmağından  qan   gəldiyini  gördü..

   

    Satani kasıb tələbə  oğlan  idi. Kirayədə  qalırdı, kartof  soyutması  və  yumurta  yeyirdi, batmaqda  olan  şirkətdə  adi  işçi  idi. Həyatında   maraqlı  heç  nə  yox idi-təkcə  yazmaqdan   və  kitablardan  başqa. Uğursuz  yazıçı  idi. Uğur  ondan  aslandan  qaçan  antilop  kimi   qaçırdı. Uğursuz  və  istedadsız  tanınmayan yazıçı. Oxunmayan  və  adi  hekayələr  yazan  cavan  oğlandır. Fiasko  sözü  elə  bil  onunçün  fikirləşilmişdi. Ciddi  bir şey  yazdığını  düşünür, amma  gülünc  çıxırdı. Duyğusal  sözləri  şablon  idi. Mənasız  mövzulu  hekayələr  yazırdı. Ümidsizlik  və  uğursuzluq  onu  ruhdan  salmışdı. Fikirləşirdi  ki, bu  yazarlığın daşını  atmaq  lazımdır, pis  yazır, ondan  heç  alınmayacaq.Buna görə özünə qapandı. Özü  haqqında  düşünürdü  ki, yaradıcı  adam  deyil  və  qarışqa  kimi  işləməkdən  başqa  heç  nə  əlində  gəlmir. Adi  insancıqdır.

    Hər  şey  beləcə  monoton  davam  edirdi  ki, bir  gecə  hər  şey  dəyişdi  həyatında. İşdən çox  yorğun  gəlmişdi  və  tez   yatağa  otağına keçib  yatdı. Və  qəribə  bir  yuxu  gördü: qəribə  yerdəyəm. Qorxudan  üşüdüm. Meşə və  səma qaranlıqdır. Göydə  qarğalar  uçur  və  qarıldayır.  Bilmirəm  niyə  və  necə  gəlmişəm  bura. Qarşımda  4  metr  hündürlüyündə  qəribə  naxışlı  dəmir darvaza   var. Onun  da  arxasında  böyük  və  vahiməli  görünən  geniş  həyəti  olan  qotik  qəsr. Elə  bil  Şeytanın  katedralına  bənzəyirdi..və  darvazadan  içəri  daxil  oldum  və  onun səsi  ətrafa  exo  verdi. Hava soyuq  və  bir az  küləkli  idi. Düşündüm  ki, göydəki  qarğalardan başqa  heç  kim burda  yaşamır. Lap  özümü  Edqar Ponun  qorxulu  hekaylerində  hiss elədim. Qəsrə  yaxınlaşıb  qapının  keçi  başlı  dəmir toxmağını  döydüm  və  gözlədim.. amma  qapı  açıq  imiş.. İçəri  ehtiyatla keçdim  və  qəsrə  baxmağa  başladım.Ətraf  heykəllər  və  tablolarla  dolu idi. Bu  nəsə  mənə  orta   əsrləri  xatırladırdı, amma  elə  bil  yeni  tikili  təsiri  bağışlayırdı. Mən  səsləndim  ki, burda  kimsə  var, cavab verən  olmadı. Tablolardakı  kişilərin və  qadınların  gözləri  Mona  Lizanın  gözlərinə  bənzəyirdi: hansı  tərəfdən baxırdımsa  elə  belə  bil  mənə  baxırdılar. İki-üç  dəfə  də  səsimi  yüksəltdim, səsim  soyuq  divarlara  dəyib  özümə  qayıtdı  bumeranq  kimi. Hara  gedəcəyimi  bilmək  üçün yol axtarırdım, tablolardakı adamların gözləri  məni  yuxarını  göstərdi, ağ pilləkanlarla  yuxarı  çıxmağı. Mən  çıxmağa  başladım  tablolara  baxa-baxa. Qalxdıqca  hər  mərtəbədə  hansısa  çılpaq  heykəllərə  rast  gəlirdim.Kişi  cinsi  orqanlarının  müxtəlif  formaları, qadın  bədəninin  incəliklərinin  təsvirləri...çılpaq  uşaqlar  və  keçi  heykəlləri...beləcə  davam  edirdi. Və  axırda  mərtəbələr  tükəndi  və  qarşımda  böyük  qara  qapı  göründü. Ehtiyatla  yaxınlaşdım  qapıya. Arxama  bir  də  baxdım  ki, birini  görərəm deyə  bu  ölü  səssizlikdəki  tənha  qəsrdə. Və  üzümü  çevirdim  ki  qapını  açım, birdə  qarşımdakı  hündür  bir  cavan oğlan  gördüm. Qorxub  arxaya  yıxıldım. Bu, şeytandı.  

    -Qalx, qorxmaq  lazım  deyil. Buna  vaxt  yoxdur, –keçi  saqqalı, qırmızı  gözləri  olan və  qara-qırmızı  geyimli  bu  yaraşıqlı  oğlan  işgüzarlıqla  dilləndi. Mən  də  tez qalxdım qəribə  itaətkarlıqla. Cənab  Şeytan  kabinetinə  keçdi  və  məni  səslədi  ki, arxasınca  gəlsin. Mən  hələ  də inana  bilmirdim  ki, şeytanla danışırdım. Şokdaydım.Bəlkə  də  vampir  idi  bilmirəm. Keçdim  kabinetə  və  onun dediyimi  kimi qapını  arxadan bağladım.

    İş  masanına  keçdik  və  mənə  yer  göstərib  özünün köhnə  antikvar  kreslosunda  əyləşdi  və  birinci  danışdı.

    -Hə..bilirsən  də  nə  üçün  burdasan? –maraqla  üzümə  baxdı. Elə  bil  nəsə  önəmli bir  şey deyəcəkdim. Ya da  ki, mənim  hər kəlməm  onun  üçün  önəmliydi. Amma  mən  cavab verdim  ki, yox.

    -Onda  mənə  nə  sualın  var?  Nə  istəyirsən?

    Fikirləşməyə  başladım. Mənə  dedi  ki, istəyirsən  bir  otağa  göz  gəzdir. Gözlərimi  onun hipnotik  gözlərindən  çəkib  qalxıb  otağa  diqqətlə  baxmağa  başladım. Amma  eyni zamanda  da  onun  arxamda  olması  məni  ürküdürdü. Oğlanın aurasında  və  otağın  atmosferində  qəribə  enerji  vardı. Nə  neqativ  idi, nə  pozitiv. Ya  da hər  ikisi  idi. Klassika  idi kabinet. Kitabxana, rəsmlər, heykəllər, içkilər.

    -Sən  şeytansan? –birdən  tablolara  baxaraq  düşündüyüm  sualı  verdim.

    -Hə,  şeytanam. Tarixdə  ən  çox  lənətlənmiş  varlıq. Qaranlıq  şahzadəsi. Şərin  tanrısı. İlk  üsyankar.

    -Və  Tanrının  düşməni! -əlavə  etdim.

    -Yox,  elə  deyil. Bunu  hamı  deyir, sən  də  təkrarlayırsan. Tanrı  mənim  düşmənim deyil. İnsanlar  da  mənim düşmənim  deyil. Sadəcə, siz  məni  özünüzün   düşməninə  çevirdiniz. Tanrıya qarşı  çıxdım, düşmən oldum. İnsana  baş  əymədim –düşmən oldum. Mən  Tanrını  inkar  etmirəm, amma  insana  da baş  əymirəm. Mən  oddan  yaranmışam, siz  torpaqdan. Mənim  bu  sözümü  sənin  müqəddəs  adlandırdığın kitablarda  təkəbbürlük, eqoislik  kimi veriblər. Amma bu  öz  dəyərini  bilməkdir. Şeytan  öz  dəyərini bilir, kor-koranə  itaət  etmir, hər  şeyi  sorğulayır. Mənm  adımın  mənası “üsyankar, müxalif, qarşıçıxan”  deməkdir. Mən  insanları  Tanrıdan daha yaxşı tanıyıram.  İnsanlar  Tanrıya  qarşı  vəfalı  və  sadiq deyillər. Yaşayış  vəziyyətləri  yaxşı olduqda  həmişə  onun tərəfində  olacaqlar, ona  yalandan  inanacaqlar. İşdir  birdən başlarına  fəlakət, bədbəxt  hadisə  gəlsə, ac  qalsalar, onda onları  görəcəm  sadiqliyini  və  inamını. Və  Tanrı  mənə  şans  verdi  bu  baxımdan   və  mən də  bunu  sübut  etdim.

    -Dediklərində  haqlılıq  payı  çoxdur, amma  yenə  də insanlar  üçün doğru  örnək  deyilsən, nümunə  deyilsən, onları  pis yola  çəkirsən, -mən  onun dediklərini  qəbul  etmək  istəmədim.

    -Gəl, belə  danışaq. Birinci, nümunə  olmaq  yaxşı  bir  şey deyil sən düşündüyün kimi. Bu, standartlaşdırmadı. İnsanlara  nümunə  göstərirsən  ya  tapırsan  və  insanlıq  üçün örnək  yaradırsan. Bu  qeyri-demokratikdir. Diktaturadır. İnsanları  kopyalamaqdır. Bir də  nümunənin  nə  qədər  obyektiv  və  doğru olduğu  sual  işarəsidir. İkincisi  isə, o  sənin  müqəddəs  kitablarında  deyildiyi  kimi, mən  yoldan çıxardanam. Bunu  düz  deyirlər. Mən  yoldan çıxardanam. İnsan  əsrlərlə  səhv  yolnan  gedir  və  mən  onları  bu  yoldan çıxardıram  ki, getməsinlər. Əgər  hamı  eyni  yolnan  gedirsə, bil  ki, bu  yol  yaxşı  yerə  aparmır. Sən ətrafında  baş  verənləri  görmürsən, baxırsan, amma  görmürsən. Hamı  eyni  şeyi  edir. İstəyirəm  sən  yoldan  çıxardan  olasan, nəinki  yola  gətirən. –bunu deyib  valı  qrammafona  qoydu. Otağa qəribə  musiqi  səs  dalğaları  yayıldı.

    Çox  məntiqli  danışırdı. İllərdi  heç  kim  tərəfindən  eşitmədiyim  sözləri deyirdi. Və  müdrikcəsinə  həyasız  gülümsəməsi vardı .Elə  bil  hər  şeyi  bilir, mənsə  yanında balaca  uşağam.

    -Bu  nə  musiqisidir, kim  bəstələyib? –çox  xoşuma  gəldiyi  üçün  soruşdum.

    -Tartininin “Şeytanın  Trilleri”dir. Amma  bunu  mən  yuxuda  onun  üçün ifa  etmişəm. O  da  yadda  saxlayıb və yuxudan ayılan kimi  nota  köçürüb. Və  beləcə  məşhurlaşıb. Hər  yerdə  isə  məni  yuxusunda  gördüyündən danışır. Amma  bəziləri  həqiqətən  inanır, bəziləri  yox. İstəyirəm  sən  də  onunla  eyni  taleyi  bölüşəsən. Bu  sadəcə  təklifdir.

    Düşündüm  bir az. Axı  mən  uğursuz  adamam. Bir arzum  var-yazıçılıq. Yaxşı  yazmaq  və   oxunmaq, tanınmaq  istəyirəm. Bəlkə  bu  mənim  yeganə  şansımdır. Allaha bu  qədər  dua  elədim, mənim  vəziyyətimi  görürdü, amma  kömək  etmədi. Son  ümid  Şeytana  qaldı.

    -Qəbul  edirəm  təklifini, -tam  əminliklə  desəm  də,  özümə  güvənmirdim.

    Şeytan  sehirli  gülüşüylə  cavab verdi  ki:

    -Nə  istədiyini  bilirəm, Satani.

    Təəccübləndim: -Satani?

    -Hə, Satani. – sözünə  davam etdi. –Bu  sənin  təzə  adın olacaq. Təxəllüsün. Bu adla  yazacaqsan  hekayələrini. Və  hamı  oxuyacaq, sevəcək. Tanınmış  yazar  olacaqsan. Buna  görə  müqavilə  imzalamalıyıq.

    -Nə  müqavilə?

    -İkimizin  arasında  qeyri-rəsmi  müqavilə. Yalnız  ikimiz  arasında. Şərtləri  də  var. Mən  sənə  istədiyini  verəcəm, sən də  müqavilədəki  şərtləri  əməl  edəcəksən.

    -Müqaviləyə  baxa  bilərəm? –ehtiyatlı  tərpəndim. Masaya  yaxınlaşdı  Şeytan  və  masanın  çəkməcəsindən  köhnə  qalın  sarı  kağız  çıxartdı  və  mənə  uzatdı. Oxudum 6  şərti  və  qəbul  etdim. Şeytan  azca  nəzakətlə  gülümsədi  və  mənə  dedi:

    -Divardakı  o  əcaib   rəsmi  görürsən? –nəsə  qeydlər  apararaq  məndən soruşdu.

    -Hə, hə.. bayaq  baxdım..yaman  yöndəmsiz,  qorxulu  görünən, iyrənc  şəkildir. Balaca  əjdaha şəkilinə  oxşayır. Nə  şəkilidir  ki  elə?

    -Codex  Gigas. Kitaba  çəkilən  mənim  illüstrasiyam,- güldü  bir az. – Satanius  adlı  bir  rahib  günah  işlədərək  ölüm  cəzasına  məhkum edilmişdi. Və  özünün  böyüklərinə  söz  verdi  ki, öz  günahını  bir  gecə  də  yazacağı –“Şeytanın  İncili” kitabı  ilə  yuyacaq. Və  şərtləşir. Mənim  köməyimlə  səhvsiz  və  mükəmməl  kitab  ərsəyə  gətirir.Tək 1  gecəyə  bunu  bacarmazdı  heç  vaxt. Mən  ona  yardım  etməsəydim  çoxdan  edam olunmuşdu. O  mənim  ən  sevimli  keşişim  oldu.

    -Deməli,  yaşamaq  üçün  ruhunu  sizə  satıb?

    -Mən  ona  həyat  bəxş  elədim, amma  Tanrının  keşişləri  “qaydanı  pozub günaha  batdı”  adıyla  öldürəcəkdilər. Dörd  divarda  ona  heç  Tanrı  da kömək  etmədi. Mən  ona  dəyərli bir şey verdim –həyatını. Ruhu  saxla  o  biri  dünyaya -əgər  inanırsansa.

    Eşit, Satani. Mən olmasaydım, səmavi  dinlər  məzari  dinlər  olacaqdı. Onların yaşaması  üçün  mən  lazımam  onlara. Mən  olmasaydım, nə  adı  ilə  insanları  öldürəcəkdilər? Düşünən,  azad  və  başqaları kimi  olmayan  insanları  “şeytan”  adlandırdılar. İnkivizisiyada  “kafir”, “şeytan”deyib  Cordano  Brunonu  yandırmadılarmı? Dinlərin  tarixi  qanla  yazılıb. İnsanların  beynindəki  din  pərdəsini  cırıb  bakirəliyini  pozanlara  “əxlaqsız”, “kafir”, “şeytan” dedilər. Agnus Dei. Hııı (ironik  şəkildə).. Tanrının  quzusu! “Mən  çobanam,  siz  də  mənim  qoyunlarım”-belə  dedi  Xilaskar. Amma  anlamadı  ki, əlində  silah  olmadan  bunu  demək olmazdı. Axırını  gördünüz: Qoyun  dedikləri  elə  onun  özünü  qoyun  kimi  çarmıxa  çəkdilər. Amma  Məhəmməd  daha  ağıllı  çıxdı  ondan. İudaizmdən  kopyaladığı  İslam  dini  uğrunda  əlinə  qılınc  götürdü, müharibə  apardı, qan  tökdü. Heç  kimə  qoyun  demədi, amma  sürünü  yaxşı otardı. Epileptik  idi  və  ona  və dinə  qarşı  çıxanlarıöldürtdürürdü. Heç  bir  din   humanist  olmayıb, çünki  insanlar  humanist  deyildi. İnsanlara  ilahi  Tanrı, əbədi lənətlənmiş  Şeytan  və  ölü  dinlər  yalnız  və yalnız  hakimiyyətləri  üçün  lazım  idi. İnsanları  idarə  edəcəkdilər  ki, özləri  idarə  edə  bilsinlər, yaxşı  yaşasınlar. Dinlə  bağlı  çox  şey  sənə  yaxşı  göstərilib. Sən  düşünməmisən, ancaq  inanmısan. Həyatda  ən  sevdiyim  müqəddəs  söz –ŞÜBHƏdir. O  həqiqəti  üzə  çıxarır, əgər  həqiqət  deyilən  bir  şey varsa...

    Tanrı  olan  yerdə həmişə  mən  varam. Mən elə  özüm  də bir  vaxtlar, qədimdə  tanrıydım. Mənə  hörmət  edirdilər. Amma  adım  Şeytan deyildi.Qədim  Yunanıstanda  Pan, qədim  Misirdə  Set  idim. İkisində  də   tanrı  idim. Bu  lənətə  gəlmiş  monoteist  dinlər  məni  alçaltdılar, kölgədə  qoydular. Bütün  peyğəmbərlər  əsrlərlə  eyni  sözləri  çeynədilər, bağırdılar. Hamısı  şizofrenik  idilər. İnsanlar  əsrlərlə  onları  eşitdilər –kreslosunda  oturub keçmişi  vərəqləyərək  sakitcə  danışırdı, görünür  hər  şeyə  öyrəşmişdi  əsrlərlə  və  müdrikləşmişdi. – Mən bağırmadım, asta  danışdım  deyə  heç  kim  eşitmədi məni. Danışma, özümü  müdafiə  haqqımı  belə  əlimdən aldılar. Mənə  qalansa  susmaq  və  tənhalığa  çəkilmək  oldu. Amma  yenə  insanlara  olan inamımı  itirmədim.İnsanları  Tanrıdan da  yaxşı tanısam  da, onun  kimi  diktator  və  kar-kor  deyildim.Deyəsən, çox  danışdım? Hamısı  tənhalıqdandır...

    Mən  dedim  ki, yox, çox  danışmadız, başa  düşürəm  sizi. Sonra  müqaviləyə  diqqətlə  baxdım, arxa  tərəfində  çərçivədə  bu  sözlər  yazılmışdı:

    “Mən  həyatı  təmsil  edən  qırmızı  şeytanam. Sizin  içinizdəyəm, ruhunuzam  və  qəlbinizin  dərinliyindəki  qəfəsdəyəm. Məndən  nə  qədər  qorxsanız  da, nifrət  etsəniz  də, pisləsəniz də  mən  sizə  Tanrıdan  daha  çox  yaxınam. Mən  sizin  damarlarınızdakı  limfa  və  beyninizdəki  neyronlardayam”.

 

    Şeytanla  bağlanmış  müqavilədən  sonra  həyatı  dəyişir. Hər  cümə  gecəsi yuxuda  şeytanla  söhbət  edir, şeytan  ona  hekayələri  üçün  sujet  xətti, mövzular, nəyi  necə  yazmağı  haqqında  köməklik  edir. Yuxudan  oyanan  kimi  tez  deyilənləri  kağıza  köçürür, qeydlər  aparır. 1  həftə  hekayənin üzərində  işləyir. Beləcə  hər  həftə  yeni  hekayələr  yazır. Qəsrin  arxasında  dindarlar tərəfindən  öldürülən  insanların  sümüklərindən, şeytanın  gənc  qıza  aşiq  olmasından, rahiblərin  intim  həyatından, magiyadan  və  qadınlardan  yazmağa  başlayır.       Hekayələr  elə  qeyri-adi, sehirli  alınır  ki, onun  hekayələrini  oxuyanlar  hipnoz  olurdular. Qızlar –qadınlar  “onun  hekayələrinə”  aşiq  olmuşdular. Hamı  onun  hekayələrindən, kitabından danışırdı. Bir  müddətdən sonra  ona  qara  camaat “hekayə  sehirbazı”  deməyə   başladılar. Amma  onun  bu cür  tanınmağı  və  varlanmağını bəziləri   qəbul etmirdi  və deyirdilər  ki, bu  oğlan  bu  hekayələri yaza  bilməz, o  səviyyədə  deyil, hardansa  kopyalayır.

    Hekayələrinin hər  biri  şedevrə  çevrilən  gənc  yazar  Satani  Şeytanla  bağlanmış  müqavilənin  şərtlərinə  uyğun  olaraq  Şeytanın  sevimli  sözlərini, simvollarını  işlədir,  onu  gözəl  mələk  kimi  təsvir  edir, dinin  içüzünü  göstərib tənqid  edirdi. Şeytan  kimi  çənəsində  saqqal  saxlamışdı, Bu, şeytanın  əlamətiydi. Hekayələri  və  özü  demək  olar  ki, “şeytani  inqilab”  idi. Ondan  satanist  olub-olmadığını  soruşanda  gülüb cavab verirdi  ki, xeyr  satanist  deyiləm, şeytana  inanmıram, o  yoxdur!  Qısacası  hekayələrində  və  geyim  tərzində  şeytanı  təmsil  edirdi  və  hamı  ondan bir  az  çəkinir  və  arxacınca  danışırdı. Dinin  təsiri altına  düşmüş  tələbələrin ondan zəhləsi  gedirdi. Buna  baxmayaraq  o, tanınmış, varlı  bir  yazara  çevrilmişdi, əvvəlki  həyatından  əsər  əlamət  yox  idi. Sayca  66-cı  hekayəsi  olan  “Şeytanın  yazıçısı”  hekayəsindən  sonra  ona  “Şeytan  yazarı” deməyə  başladılar. Bəziləri də  onu  Anti-xrist, yəni  Dəccal  adlandırmağa  başladı...

    “Şeytanın yazıçısı”  hekayəsi  onun  son  hekayəsi  oldu. Daha  artıq  yuxusunda  şeytan  ona yeni  hekayələr  göndərmədi. Amma  Satani  istədiyini  onsuz  da   əldə  etmişdi; Qızlar, pul, yeməklər  və içkilər. Bununla  belə  daha  heç  nə  yazmadı  və  ona qəribə  gəldi ki, noldu  şeytana, hara  yoxa  çıxdı? Niyə  onunla  danışmır  artıq  2  həftədir? Nigaran qalmışdı. Hekayələrini  yazanda  elə  bil  kimsə  onun qulağına pıçıldayırdı, amma  indi  heç bir səs  eşitmir. Düşünürdü  ki, bu münasibət  və  hekayələr  sonsuza  qədər  davam   edəcək. Görünürdə  bu belə  olmadı. Ona  qarşı  təzyiqlər, qadağalar  başladı. Çoxlarının   ona qarşı  münasibəti  dəyişmişdi. Kimə  desəydi  də  ki, yuxuda  şeytanla  müqavilə imzalayıb  heç  kim  inanmazdı. Həmçinin   heç  kim  belə  bir  müqavilənin  mövcudluğunu  təsdiq  edə  bilməzdi. Elə  bununla  da  şeytanın  əleyhinə  heç bir  dəlil-sübut  qalmırdı. Kimə  desəydi, dəli deyəcəkdilər, bəlkə  də  inanardılar, bilmək  olmaz. Nəticə  etibarilə, tək qalmışdı  Satani. İstədiyini  əldə  etmiş, amma   tez  bezmiş  və  tək qalmışdı. Uzun  müddət  şeytandan səs-soraq  çıxmadı. Əbədi  cəhənnəm sükutu  Satanini  bürüdü..və  düşünməyə  başladı  ki, bəlkə  Tanrı  məni  sınayırdı, yaxud  kömək  üçün şeytan cildinə  girmişdi? Axı  Tanrı  niyə  belə bir  şey etsin ki? Açıq-aşkar  edə  bilərdi. Nəsə  məntiqli deyil. Bəlkə  də  hər  şey  yuxudur? Şeytan  yoxdur. Mən havalanmışam, ağılımı  itirirəm. Tanrı,Şeytan, mələklər, cinlər –bunlar  mifik-dini varlıqlardır. Real deyillər, uydurmadılar. –bir  anlıq  bu cür  düşünməyə  başladı. Amma  bir  dəfə  şeytanla  etdiyi  söhbət  yadına düşdü. Ona  demişdi  ki, bəlkə  sən yoxsan? Şeytan da  cavabında  bu  sözləri demişdi:

    -Məni  inkar  edirsənsə, allahı  inkar  etmiş  olursan. Çünki  məni  də  allah  yaradıb. Yaradılanı  inkar  etmək  elə  yaradıcını  inkar  etməkdir. Sən  öz  hekayələrini  inkar  etsən, özünü  inkar  etmiş  sayılarsan. Desən  ki, hekayələr  yoxdu, deməli  sən  yoxsan. Amma  bilirsən  hekaylərin də  var  və  onları  kimsə  yazıb. Bilirsən  ki, onlar  yaradılıb,  sən  isə  yaratmısan.

    Satani  çox  gözlədi  Şeytanı  ki, onunla  nə  vaxtsa  yenə  danışacaq, yuxusuna  gələcək, yeni  hekayələr  üçün  mövzular  verəcək. Lakin  bu  olmadı. Uzun  müddət  gözlədi, gözlədi, amma  heç  nə  olmadı. Şeytan  qeybə  çəkilmişdi. Yenə  də  ona  istədiyini  vermişdi. Şikayətlənmədi. Sadəcə  yeni  hekayələr  olmadı. Şeytanın  onu  tərk  etməsindən  sonra  nəsə  yazmağa  cəhd  etsə  də  alınmadı.Yazdıqları  da  onsuz da  Şeytanın  hekayələri  idi. 

    Satani sonda   anlayır  ki, bəlkə  də  şeytandı, allahdı, mələkdir-bunlar  boş  şeylərdi, röyadı, uydurmadı  onun  hekayələri  kimi. Məşhurluq, qızlar, pul, -heç  biri  ona  xoşbəxtlk  gətirmədi, onlardan  bezdi  tezliklə. Onlar  sadəce, həyatını  dəyişdi, özünü  yox. Arzularına  çatdı, başqa  həyatlar  gördü,  bu  daha  da  onu  tənhalaşdırdı. Gördü  ki, insanlar  saxtadılar, mənəvi  heç  nə  yoxdur, hamı  nədənsə  qorxur, hər  şeydən  beziblər. Həyatın  mənasız  olduğunu  anlayır, əvvəl  isə  hər  mənasızlıqda  məna  axtarırdı. Başa  düşdü  ki,  insanların sevgiləri  üfürülüb  şişirdilmiş  şar  kimidir: bir iynəli  söz  onu  partlatmağa  yetər.Amma  bunu  da  unutmamışdı  ki,heç  kim  kömək  etmədiyi  halda  ona   yalnız  şeytan  kömək  elədi.

    Son  gecə  şeytanın  sevimli  içkisindən –tünd  qırmızı  şərabdan  içib  səhəri  yox  oldu. Bir  müddət  axtarıldı, yada  salındı, ondan danışdılar. Tezliklə  də  unuduldu, amma  onun  haqqında  guya  şayiələr  yayıldı  ki, kimsə  onu  görüb, ona  bənzəyən birini. Üz  cizgiləri, bədən quruluşu  və  xarici  görünüşü  çox  oxşardı. Məşhur  olan saqqalını da  qırxmışdı –belə  deyirdilər. Amma  bu tam  həqiqət  deyildi. Sadəcə  yalnız  o  məlum  oldu  ki, Satanini  bir də  heç vaxt  heç kim  görmədi. Yaddaşlarda  “hekayə  sehirbazı”  kimi qaldı  və  sehirbaz  kimi  günlərin  birində   yoxa  çıxdı.

29  mart,  2015


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+16=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0295 saniye