Göydələnin damında əyləşən adam təlxəkdən başqası deyildi. Yenə boyalı siması və rəngarəng geyimi ilə şəhəri seyr edirdi. Əlinin altındakı pişik balasından sığallarını əsirgəmirdi.
Zaur idi adı. Oğlu Kamranı öz əlləri ilə ana torpağa tapşırmışdı göz yaşları arasında boğula-boğula. Onun müalicəsi üçün lazımi məbləği tapa bilmədiyindən özünü dünyanın ən alçaq, vicdansız, əclaf insanı sayırdı. Bilmirdi kimi, nəyi lənətləsin. Kasıb olduğundan özünü, yoxsa o qədər pul tələb edən dərmanları, həkimləri, müalicələri, xəstəxanaları?! Dünyanın ədalətsizliyindən, insanların ikiüzlülüyündən, həyatın qısalığından bir daha əmin olmuşdu canından, qanından birini əbədi itirincə. Həyat yoldaşı Cəmilənin intiharı dünyasını daha da qaraltmışdı.
Təbiət adamı olduğundan içkilərə, narkotiklərə, küçə qadınlarına qurşanmamışdı. O, özünü təbiətdə tapırdı. Möhtəşəm olduğu qədəri ilə sirrli olan təbiət Zauru uşaqlıqdan məftun etmişdi. Təbiət sadəcə müxtəlif rəngləri özündə cəmləşdirmir, eyni zamanda emosiyaların kulminasiya nöqtəsidir. Təbiətdə hər şey mükəmməl görüntüyə malikdir. İnsan eqosundan tamam fərqlidir.
Zaur pişik balasını əllərinə alıb yuxarı qaldırdı. Bəlkə də doğrudan da pişiklər yaponların iddia etdikləri kimi “nyan-nyan” səsini çıxardırlar? Ya da bir lətifədə deyildiyi kimi. Həmin lətifədə iki pişik miyoldayır, biri “miyo” edirsə, digəri “mihaho” edir ki, bu da, sən demə, yaponsayağı miyoldamaqmış. Amma Zaur üçün bunun elə də bir fərqi yox idi. Bildiyi tək şey bundan ibarət idi ancaq: Siçanlar pendir yeyər, pişiklər süd içər, təlxəklər isə...
Səyyar sirkdə özünə iş tapdıqdan sonra sanki içinə rahatlıq kimi duyğu əbədi qonaq gəlmişdi. Hiss edirdi ki, ulduzların birində oğlu ilə anası ona baxırlar, gülümsəyirlər, bəlkə də sevinirlər. Əvvəlki peşəsindən qətiyyən utanmırdı, qəbirqazanlığın nəyindən utansın ki? Sadəcə Kamran və Cəmilənin qarşısında daimi vicdanın səsi var idi ki,onu daimi təqib etdikləri kimi eyni zamanda özünü güvəndə hiss etməsinə səbəb olurdu. Demək ki, düzgün yoldadır. Onlara təşəkkürünü necə edəcəyini bilmirdi. Hara gəldi səpələnən ulduzlara baxarkən gözləri dolurdu. 5 yaşlı oğlunun əlindən tutduğunu görürdü, onunla sonu görünməyən yola çıxdığını görürdü, Cəmilənin onun qoluna girdiyini görürdü, bir ailəni görürdü, əvvəlki xoşbəxtliyini görürdü. Dodaqlarını yandıran göz yaşlarını silmədən özünü orada görürdü. Xarizmatik gülümsəməsi ilə ailəsini dünyanın şərindən qoruyurmuş kimi görürdü özünü.
Yalnız tək qalanda həqiqətən özünü görürdü. “Biz” deyil, “mən”in varlığı daha ürküdücüdür. İstənilən təlxək dəbdə olan sosial “biz”ə qarşı çıxır, eynən Zaur kimi. Hər bir insanın öz həyat yolu olduğu kimi, istənilən təlxəyin də hekayəsi özünəməxsusluğu ilə seçilir. Və bu hekayənin mərkəzində “biz”dən qopma və “mən”i dərk etmə prosesləri bütün çılpaqlığı ilə gözlər önünə sərilərək özünüdərkin başlanğıcı deyil, son nöqtəsi qoyulur. Heç kim ölümü və sevgini paylaşa bilmir, heç kim. Heç bir ideologiyanın hesablamadığı iki şey...
Zaurun yadına bir hadisə düşdü. Qızına sevgisini büruzə verməyən kimyaçı atanın gözləri korlaşmağa doğru gedərkən həyatındakı ən böyük səhvini anlayır və ölüm yatağında qızından əfv diləyir. Qızı isə onun həyatını məhv edən atasını bağışlaya bilmir. “Sabah atam doğulacaq və mən illərdir “ona nə alım?” sualından məhrumam” deyə bilir sadəcə.
Pişik balasını qucağına alaraq pilləkanları enməyə başladı...