Bəli, hər şey elə burdan başladı. Leylanın facebook hesabında mesaja gələn bu cümlədən. Sanki illərdən bəri axtardığını tapmışdı o mesajda Leyla. Amma gecikmişdi onu oxumağa. Çünki,evli idi artıq. Onu sevən bir əri vardı. Buna baxmayaraq, o mesajı açmaq istəyi daha böyük idi.
Ən pisi isə, bu mesajı göndərən Murad da artıq iki il idi ki, evli idi. Onları bu mesaja bağlayan nə idi, bax, bunu hər ikisi özlüyündə düşünürdü...
Evli olmalarına baxmayaraq, hər ikisi bir-birini izləməyə davam edirdi və bu, onlar arasında doğmalığı daha da artırırdı. Heç nəyə baxmayaraq, Leyla nəhayət ki, o mesajı açır. Və özündən asılı olmayaraq “bəli, olar” cavabını yazır. Özü də bilmədən ürəyini dinləyib, tələsən barmaqları ilə yazır. Yazdığı mesaj da cavabsız qalmır. Və onlar beləcə “dost” adı ilə yazışırlar.
Artıq xeyli zaman keçmişdi. Bir-birlərindən xəbərsiz Leyla və Murad sevgisi yaranmışdı. Gizlin və dəli sevgi idi bu. Xəbərsiz görüşmək haqqında düşünürdülər. Və elə bu zaman Leyladan “görüşəkmi?” təklifi gəlir.
Görüşürlər dost kimi... Hər ikisi yazar olduğu üçün kitablara sevgisi böyük idi. “İlk görüşümüzdə sənə kitab hədiyyə edəcəyəm” demişdi Leyla. Onu görmək üçün bəhanəsi bu idi. Ona hədiyyə edəcəyi kitab isə Mark Levinin “Bir-birimizə demədiyimiz sözlər” kitabı idi...
Leyla düşünür ki, öz dililə hisslərini desə, ərinə xəyanət etmiş olar. Və gizlin sevgisini bu kitabla deməyi ən doğru hesab edir. Kitabı hədiyyə edərkən ilk səhifəsinə bu sözləri yazır: “Mən bir gün varam, bir gün olmaya bilərəm. Amma bu kitab hər zaman məni sənə xatırladacaq...”
...Leyla elə ilk görüşdə onun gözlərində azıb qalmışdı. Evə döndüyündə elə o baxışları axtarırdı hər yerdə. Ona dəyər verən ərini düşünməyə yer qalmırdı ürəyində. Düşüncələri ona çox əzab verirdi. Hər gün gözlədiyi bir mesaj vardı: “Sizə yazmaq olarmı?” Bəzən cavab verməz, özünü cəzalandırar, bəzənsə tələsən əllərilə saatlarla yazardı...
Amma sonucda hər ikisi bir-birinə çox gecikmişdilər. Sadəcə qəbul eləmək istəmirdilər.
Növbəti görüşə hazırlaşırdılar. Bu dəfə təklif Muraddan gəlir. “Leyla, sənə kitab vermək istəyirəm” - görüş üçün bəhanəsi bu idi...
Bu dəfə onlar dəniz sahilində görüşdülər. Uzun söhbətdən sonra Murad ona verdiyi “Sənsizlik”adlı kitabın son səhifəsinə bu sözləri yazmışdı: “Əvvəl dəniz ləpələnməyə başladı. Dalğalar insan boyu qədər olmasa da, sonucda su idi. Dəniz, göy və onun gözləri. Və bu üç şeyin ortasında onlara doğma olan tək mən idim. Bir məsum səmaviliyin gözündə əksimi gördüm. Dönüb bir də baxdım. Həqiqətən əlinin çatacağı qədərdir. Bulvarda sıra ilə düzülmüş oturacaqlar var: İllər sonra sən gəldiyində mən də orda olacağam”.
Hiss eləmişdilər sanki: bu, onları ayıracaq sonuncu kitab idi və bu kitabın ən doğma cümlələri elə bu oldu...
Növbəti görüşü təyin etsələr də, onlar nə görüşdü,nə də “sizə yazmaq olarmı?” mesajını aldılar. Bəlkə də artıq hər ikisi öz düşüncəsində anlamışdılar bir-birinə aid olmadıqlarını...
Və o gündən sonra bir-birindən xəbərsiz profillərini izləyər, özlərinə aid olan paylaşımlarda unudulmadıqlarını anlayırlar. Leyla sadəcə ağlamaqla, Murad isə içməklə təsəlli tapır. Edə biləcəkləri ən son şey bu idi, təəssüf ki...