Sol gözümə çöp düşüb
Min ömür də sənsizliyi toplasam,
bir saniyə sənli anım düzəlmir.
Şəhadət də gətirməyi unutdum,
səni düşünməsəm, yuxum da gəlmir.
Göylərin də ulduzları yox olub,
bircəciyi görünməyir bu gecə.
Bağışlanma fürsəti var, yubanma,
yuxuma gəl, günahını yu gecə.
Hər adamın əli çatmır ölümə,
quyu dərin, lap dibinə ip düşüb.
Bu təkliyin bir adı var - məhəbbət!
Ağlamıram, sol gözümə çöp düşüb.
Yusif Nazim Ərəbsoy