Solaxaylıq xəstəlik deyil
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 18:30 25 dekabr 2014 tarixində əlavə olunmuşdur

6 yaşına təzəcə qədəm basan Aydının sol əlini dəsmalla bağlayan anası işini bitirdikdən sonra oğlunu masa arxasına əyləşdirdi. Qarşısına kağız , rəngli qələmlər qoyub gərgin səslə dedi:
-Bax indi çəkə bilərsən.
Aydın bir anasına, bir kağıza, bir də dəsmalla bağlanmış sol əlinə baxdı.
-Ana, əlimi yenə bağladın?
-Lənətə gələsən!-acıqlı səslə çığırıb yumruğunu stola vurdu.-Hə, yenə bağlamışam, yenə, yenə! Sağ əlini işlətməyənədək sol əlinn bax elə vəziyyətdə qalacaq, həmişəlik! Eşitdin?
-Axı niyə?-Aydının gözləri doldu.
-Çünki belə lazımdır.
-Axı mən bu əllə bacarmıram, olmur. Aç da dəsmalı, nə olar,-çənəsindən süzülən göz yaşları stola damcılanırdı.
-Olmaz dedim! Eşitmirsən məni? Ol-maz!!! Sağ əli işlədəcəksən.
-Ana...-uşağın yalvarışlı səsi getdikcə daha da qüvvətli tona minirdi.
Ana ayağa qalxıb zaldan çıxdı. Açıq eyvanda əlləri ilə dayaq verib soyuq qış havasını ciyərlərinə hopdurmağa başladı. Gözlərini qapadıb başını ağır-ağır tərpətdi.
Zala qayıdıb Aydına nəzər saldı. Uşaq bərk-bərk düyünlənmiş dəsmalı açmağa çalışırdı. Gözlərini anasına zilləyib ondan kömək ummağa başladı. Bu baxışlara tab gətriməyən ana iri addımlarla mətbəxə keçdi. Əlinə bıçaq alıb soğan doğramağa başladı.     
Aydın balaca barmaqları ilə düyünü hər nə qədər çözmək istəyirdisə, səyləri puç olurdu. Birdən ağlaşma səsini eşitdi. Səs mətbəxdən gəlirdi. Tələsik stuldan düşüb oraya qaçdı. Anası döşəməyə çökmüşdü. Əlləri ilə üzünü qapadaraq ağlayırdı.
-Ağlama, ana. Söz verirəm ki, yaxşı oğlan olacam. Sənin sözünə qulaq asacam. Ağlama, ana.
Aydın anasına sarılanda qadın əllərini üzündən çəkib oğlunu bağrına basaraq bərk-bərk qucaqladı. Üz-gözündən öpərək tələsik dəsmalla bağlanmış sol əli açdı.Aydın sol əlinə sevinclə baxıb barmaqlarını tərpətdi. Oğlunun barmaqlarını bir-bir öpən ana onun sol əlini öz yanağına yapışdırdı.
-Get ürəyin istəyən qədər şəkil çək.
-Bu əllə?
-Hə, mənim balam, sol əlinlə.
-Yaxşı,-deyib sevincək anasını öpərək zala qaçdı...
FAKT:Sağ ələ keçmə solaxay uşaqlar üçün əsl stressdir.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+28=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0259 saniye