Son ümid
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 11:43 21 noyabr 2014 tarixində əlavə olunmuşdur

13:35. Və zəng vuruldu.Oğlanlı-qızlı tələbələr universitet binasından çıxıb istiqamətlənməyə start götürdülər. Kimisi kafeyə, kimisi kitab mağazasına, kimisi isə...
Ayan çantasını çiynində rahatladıb addımlarını sürətləndirdi. Xameleon gözləri bənövşəyiyə çalırdı. Açıq qəhvəyi saçlarını at quyruğu yığmışdı.
Dikdaban geyinməyi xoşlamırdı, ayaq ağrılarından şikayətlənirdi. Məcburi şəkildə geyinirdi ki, o da şəraitə baxanda. İdman stilli ayaqqabılar sevimlilər siyahısından düşmürdü.
Gəlib çatdı nəhayətində. Qol saatına nəzər salaraq dərindən nəfəs aldı. Əmin addımlarla içəri daxil oldu.
Yeni dərs ilinin başlanğıcı ərəfəsində olayla rastlaşmışdı Ayan. Gözəl nitq qabiliyyəti olan qıza yeni tələbələr qarşısında çıxış etmək tapşırılmışdı. O da razılaşmışdı. Qovluqda hər şey tamamlanmış durumda yol gözləyirdi. Hər şey hazır idi.
Səhər tezdən durub sıfırdan başlanğıc götürdü. Ağ, qısaqollu köynək və qara, dizə qədər ətək. Saçlarını bir az dalğavari edib bir qismini toplamaqla gerisini açıq buraxmışdı. Minimum makiyaj. Sadə aksessuarlar. Qovluğu son dəfə açıb yoxladıqdan sonra çantasına yerləşdirdi.Qısadabanlı ayaqqabılarını hazır edib masa arxasına keçid etdi. Ata-anası qızlarına baxaraq qürur hissi keçirirdilər. Qəlyanaltısını bitirib valideynlərini öpdü. Səssizcə zala daxil olub kompyuterdə bütün gecəni işləyib sonra divanda yatan 2 yaş böyük qardaşının yanağına öpücük bəxş edərək ayaqqabılarını geyinməklə tamamlandı. Aynadan özünə tamaşa edərək təbəssüm etdi. Atası ilə birgə evdən çıxdı. Bugün qızını metro basabasına buraxmaq niyyyətində deyildi Ələmdar kişi.
Ayan 2 il əvvəl tələbəliyinin ilk günlərini xatırladı birdən. Kino kimi gözlərinin önündə canlandı. İzdiham. Universitet rəhbərlərinin danışığı. Qrupla tanışlıq. Sənubərlə davalı başlayan dostluqları. Müəllimlər. Dərslər.Və digərləri...
Universitetin filologiya fakültəsində oxuyurdu. Təqaüd almırdı. Əlaçı yaxud zərbəçi deyildi. Amma bacardığı qədər oxuyurdu. Bircə qəpik də olsun pul vermirdi. Hətta ən çətin 2 imtahanları özü uğurla verərkən müəllimlər arasında yaranmış nüfuzu daha da yüksəldi. Sinif nümayəndəsi Elnarə digərlərindən iri-iri məbləğlər qoparda bildiyi halda Ayandan çəkinirdi.Özünə əminliyi ilə seçilirdi Ayan.
Atası maşını kənara çəkib Ayanın yanaqlarına sığal çəkdi. Atasına təşəkkürünü bildirib maşından düşdü. Uzaqdan universitet binasının arxa görüntüsünə xəfifcə  gülümsəmə ilə tamaşa edərək irəliləməyə başladı. Digər istiqamətdə insan axınına tamaşa etmək lazım idi.  Günəşin istiliyi yandırıcı təsirini göstərməkdə davam edirdi.
Və birdən rastlaşdığı mənzərədən hər şeyi unutdu. Gözləri dəhşətdən böyüdü. Nəfəs almağı unutdu.
Saç-saqqalı ağarmış qoca adam əlini ürəyinin üstünə qoyub dayandı. Çəlik digər əlindən sürüşdü.Yaxınlıqdakı işıq dirəyinə söykənib yavaş-yavaş çökərək əyləşdi.
Bu qoca bomja qətiyyən oxşamırdı. Həddindən artıq alicənab üz cizgilərinə sahib idi. Geyimi, saç-saqqalı səliqəli formada idi.
Ayan tələsik qocaya yaxınlaşıb soruşdu:
-Hər şey qaydasındadır?
Qoca başını ağır-ağır tərpədərək naməlum istiqamətə zilləndi.Onun baxışlarında bir anlaşılmazlıq oxunurdu. Sanki kim olduğunu, harada olduğunu unutmuş və xatırlamağa çalışırdı.
-Mən hardayam, qızım?
Ayan cavablamaq istəyirdi ki, uzaqdan qaça-qaça yaxınlaşan orta yaşlı qadının səsi eşidildi.
-Aqil əmi, hara gedirsiniz?
Ayan qocanın qolundan tutub qaldırdı. Aqil kişi sevimli təbəssümlə gənc qızın saçlarına sığal çəkdi. Qadın nəhayət ki, gəlib çatdı. Əllərini  belinə qoyub dərindən nəfəs aldı.
-Ay Aqil əmi, olmadı ki!-narazı səs tonunu işə saldı.
-Nə olmadı, balam mənim?-qoca anlamayaraq gah qadına, gah da qıza baxdı.
-Gəl gedək,-deyə qadın qocanın qoluna girdi.
-Yox. İstəmirəm. Getməyəcəm.
-Aaa. Aqil əmi, uşaqlıq etməyin. Mən sizi küçələrdə buraxa bilmərəm.
Qoca yerindən tərpənmirdi. Ayan heç nə anlamasa da, qadının xoş məramlı olduğunu nurlu üzündən anlamışdı.Nəsə düşünmək istəyirdi ki, birdən yadına açılış tədbirinin düşməsi ilə sanki qızı ilan vurdu. Qol saatına nəzər saldı. Vaxt getdikcə azalırdı.
Hər nə qədər getmək istəsə də, qocanı burada buraxmağı vicdanı məsləhət görmürdü.Dodağını dişləyib bir qərara gəldi. Gözünə qocanın çəliyi sataşdı. Cəld onu əlinə alıb qocaya uzatdı.
-İstəmirəm!-gözləri dolub daşan qocanın ürəkparçalayan nidası.
Ayan çarəsizcə bir qocaya, bir də çəliyə baxdı.
Qadı tələsik qocanın qolunu buraxıb Ayanı kənara çəkdi.
-Adın nədir?-mülayim səslə soruşdu.
-Ayan.
-Mən də Məryəm,-deyə özünü təqdim etdi.-Kömək edərsən? Qocalar evinə aparmalıyam onu.
-Əlbəttə-pıçıltı ilə bildirdi qızcığaz.
-Yolda danışaram. Bəlkə özü danışdı.
Hər ikisi qocanın qoluna girərək yavaş addımlarla yola çıxdılar.
80 Aqil babanı "Qocalar evi"nə atan  yeganə oğludan başqası deyildi. Həyat yoldaşını 7 il əvvəl itirən Aqil baba bir ilə yaxın oğlu ilə yaşadı. "İnsan qocalanda uşaq kimi olur" deyimi doğrudur. Aqil baba yaddaşsızlıqdan əziyyət çəkirdi. Bir hadisəni təkrar-təkrar danışırdı ki, bu da oğlunun ailəsində narazıçılığa səbəb olurdu. 15-17 yaşlı qız nəvələrinin qışqırığını anlamırdı. Onun uşaq kaprizlərinə dözməyən gəlinindən oğluna şikayətlənsə də, nəticə əldə olunmurdu. Və sonda özünü "Qocalar Evi"ndə tapdı. Səbəbini anlamırdı.
35 yaşlı Məryəm xanımın dilindən Aqil babanın hekayəsini dinləyən Ayan ona gələn telefon zənglərini və mesajları cavablandırmırdı. O sanki yaşadığı dünyadan qopmuş, heç bilmədiyi digər dünyanın qapısının ağzında dayanaraq zəngə baxmaqda idi. "Basım ya yox?" sualı beynində dövr edirdi. Hər iki babasını 7-8 yaşlarında ikən itirmişdi. Gözlərinin dolduğunu hiss edirdi.
Və o gündən etibarən hər gün dərsdən çıxan kimi birbaşa Aqil babanın yanına gəlirdi.
-Salam, Aqil baba,-deyib yanağından öpdü.
Əyləşib çarpayıdan uzanan Aqil babaya baxdı.Çantasından Ernest Heminqueyin "Qoca və dəniz" əsərini çıxardıb oxumağa başladı. Bitirdikdə Aqil babanın mehriban gözləri ilə rastlaşdı.
-Allah səndən razı olsun, qızım!


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+16=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0288 saniye