Ağır addımlarla yeriyirdi.Gözləri torpaqda,fikirləri başqa aləmdə qərar tutmuşdu.Sanki o,bu dünyada tək qalmışdı.Həyatla olan bağlarını kəsmiş,gözəl kainatın üstündə hökmranlıq edən amansız və imansız əxlaqsızların üzündən dünyaya talaq vermişdi.Peysəri yoğun,harınlıqdan gözlərini qan örtmüş qancıq bir zümrənin sifətini görməmək üçün doğulduğu el-obanı tərk etmişdi.
Ağır addımlarla yeriyirdi.Seçdiyi yolu yaxşı dərk edir və səbrlə gedirdi.Bəzən doğru yerdə və doğru zamanda həyata göz açmamasından şikayət etsə də,onu xəlq edən Qüdrət sahibinə asi çıxmazdı.Gəldiyi yeri də,gedəcəyi yeri də yaxşı idrak edirdi.Zamanının zülmündən,zəmanəsinin şərindən küskün idi.Ədaləti yetim qalan mürvətsiz cahandan urvatsız getmək istəmirdi.Elə bu səbəbdən,o son yolçuluğuna zamanından öncə çıxmışdı.Al şəfəqlərin fani dünyada deyil,əbədiyyətdə qərar tutduğunu anlamışdı.
Ağır və səbrli addımlarla yeriyirdi son yolçuluğuna doğru.Özü ilə nə bir miras,nə bir sərvət,nə də ki,zinətli qiyafət daşıyırdı.Cismin deyil,ismin qalıcı olduğuna vaqif idi.Özündən sonra,zamanında yazıb-yaratdıqları miras qalacaqdı xələflərinə.Kafirlərin çəkdirdiyi iztirablar,imansızlardan gördüyü işgəncələr canını elə yandırmışdı ki,bir an olsun əmanət olan cismini Yaradana təslim edib ruhən mütləq azadlığına qovuşmaq istəyirdi.
Ağır addımlarını bir az sürətləndirməyə başladı.Onun sonuncu yolu,bəlkə də,onun üçün möhtəşəm bir başlanğıc olacaqdı...