Nurlana sosial şəbəkə dostları ilə qrup daxilində söhbətləşdikdən sonra qızından ötrü burnunun ucunun göyərdiyini hiss edərək statusunu qeyd etdi.
“Həyatımın mənası, birdənəm, gülüm, qızım Aydanım! Anan səndən ötrü çox darıxır. Səni qucaqlamaq, qoxunu içimə çəkmək istəyirəm.”
15 dəqiqə içində bəyənmə sayı 30 olmuşdu. Rəyləri bir-bir cavablandırarkən birdən içinə bir soyuqluğun daxil olduğunu sezdi. Bu nədir? Nurlana barmaqlarını klaviaturalardan uzaqlaşdırıb kürəyini söykətdi. Ürəyi dəhşətlə döyünürdü. Beyninə hava çatmırdı. Dirsəkləri ilə özünə dayaq edərək başını əlləri arasına aldı. Gözlərini bərk-bərk yumaraq ağciyərlərinə hava topladı...
...Məktəbin həyətində qızını gözləyirdi. Az sonra zəng vurulacaq və azyaşlılar həyətyanı sahədə onları gözləyən ata-ana, nənə-baba, böyük bacı-qardaşın əllərindən tutaraq ya evlərinə doğru, ya da qısamüddətli gəzintiyə gedəcəklər. Budur, uşaqlar çıxırlar. Təbəssümü sönməyə başladı. Nurlana Aydanını görmədi qaçışan uşaqlar arasında. Eşitdiklərindən isə dəhşətə gəlmişdi. Uşaqlar bir nəfərin gəlib Aydanı evlərinə aparmasının vacibliyini qeyd edərək özünü anasının tanışı kimi təqdim etmiş və Aydanı dərsin ortasındaca aparmışdı.
-Nurlana, Nurlana, eşidirsən məni?-analar onun ətrafına cəm oldular.
Nurlananın nəfəsi kəsiləcək kimi idi. Axı o, heç kimi göndərməyib qızının arxasınca?! Birdən hər şeyi bütün vahiməsi ilə anladı. Onun qızı oğurlanmışdı. Hönkürtü ilə yerə çökdü. Az sonra isə huşunu itirərək insanların qolları arasına yıxıldı...
-Ana, anacan,-qızının səsi qulağında idi,-haradayam mən?
Görüntü bulanıq idi. Nurlana əlini səs gələn uzatdı, bulanıq görüntü uzaqlaşıb-yaxınlaşır, sağa-sola istiqamətlənirdi. Nurlana artıq dəli olmaq dərəcəsinə çatdığını anlayaraq içərisində olduğu qaranlığı lərzəyə gətirəcək səslə bağırdı. Qızının görüntüsündən isə dəli qəhqəhə ilə gənc anaya ironik işarə göndərirdi sanki.
Öz və qızının səsinə oyandı. Gur işıq gözlərini qamaşdırdı. Ağxalatlı gənc xanım sistemi yoxlayarkən Nurlana “Aydanım”ı pıçıltı ilə tez-tez təkrarlayırdı...
Əslində qızının başına gələnlərdən onun da böyük payı var, özü bundan bixəbər olsa da...
Sosial şəbəkə “dost”ların biri indi viski qədəhini dodaqlarına yaxınlaşdırıb məmnunluqla gülümsəyirdi. Haradasa bir ilə yaxın idi ki, Nurlananı təqib edirdi. Aydan haqqında hər bir informasiyaya sahib idi. Sağ olsun anası Nurlana xanım.
“Qadın” cildinə girərək qrupda qısa müddət içərisində rəğbət qazanmışdı.Qrupda yavaş-yavaş start götürülən münasibətlər dostluqdan şəxsi söhbət qutusuna qədər uzanmışdı. Özünü “ər zorakılğının davamlı qurbanı” kimi təqdim etmişdi. Ondan yaxınlarda boşandığını, ətrafı tərəfindən qınaqla qarşılandığını, güc-bəla ilə satıcılıq işinə düzəldiyini ürək ağrısı ilə qeyd edərək qrup xanımlarının göz yaşlarına səbəb ola bilmişdi. Xoşbəxtlikdən ondan foto istənilməmişdi bu vaxta qədər. Onsuz da qrup xanımları onun tanınmaq istəməməsini normal qarşılamamışdılar. Tez-tez söhbət edərək ona yeni həyat
Onun qaranlıq işlərini “qulaq” şahidliyi ilə təsadüfən öyrənmiş həyat yoldaşını elə yerindəcə mətbəx bıçağı ilə öldürərək gecənin qaranlığında uzaqlarda torpağa təhvil vermişdi. Hər kəsə isə onun qaçdığını hayqıraraq rahat buraxmalarını istəmişdi.
Alçaq jurnal masasının üzərində telefon vibrasiyalı rəqs edərək zəng barədə xəbərdarlıq edirdi. Əlinə alıb ekrana nəzər salıb dizlərini bir-birinin üstünə aşırdı. Özünü rahatlayıb viski qədəhli əlini qoltuğa qoyub cavabladı.
-Buyurun, Şamil bəy. Narahat olmayın, qız artıq yoldadır...
Nurlana tez-tez qızının fotolarını sosial şəbəkədə paylaşırdı, onunla birgə olduğu məkan və zamanı dəqiqliyi ilə qeyd edirdi. “Dost” isə insan qaçaqçılığı ilə məşğul olanlardan idi...