Azərbaycan teatr və kino sənətində özünəməxsus çəkisi, nüfuzu olan sevimli aktyorlardan biri də Həsənağa Turabovdur. Mənalı ömrünü Azərbaycan milli teatr və kino sənətinin inkişafına həsr etmiş bu məşhur aktyorun teatr və kino tariximizdə silinməz izləri var. O, klassik və müasir aktyor sənəti ənənələrindən bəhrələnərək öz yolunu, öz məktəbini yaratmışdı.
Həsənağa Turabov 1938-ci il aprelin 24-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib.
Hələ uşaqlıqdan evləri "Azdrama"nın yanında olduğu üçün atası onları tez-tez teatra aparırdı. Elə o vaxtdan onda teatra sevgi və maraq baş qaldırıb. Hələ məktəbdə oxuduğu illərdə teatr dərnəklərinə getməyə başlayır. Yaşıdlarından da fitri istedadı ilə seçilir.
Bir gün institutda "Hacı Qara" tamaşasını oynayırdılar. Tamaşanı izləyənlər arasında rejissor Adil İsgəndərov da vardı. Adil İsgəndərov tamaşada rol alan tələbələrdən birinə - Həsənə diqqətlə baxır və ona həyatını dəyişəcək bir məsləhət verir: "Sən komik rollar yox, dramatik rollar yaratmalısan". Elə bununla da gənc aktyor fikrini dəyişir. Sənət həyatı boyunca demək olar ki, ancaq dramatik obrazlar yaradır.
Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilən Həsənağa Turabov qısa müddətdə Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların ifaçısı kimi teatrın aparıcı sənətkarlarından birinə çevrilib. Aktyorun böyük məharət və sənətkarlıqla yaratdığı obrazlar sənətsevərlər tərəfindən daim dərin rəğbət və məhəbbətlə qarşılanıb.
Kinoda da ayrı bir aləm yaratmışdı. Gəray bəyin ("Yeddi oğul istərəm") misilsiz obrazı onun ifasında kinomuzun nadir qəhrəmanlarından biridir. Bu rol elə bil onun boyuna biçilmişdi. "Yeddi oğul istərəm" filmindən sonra hamı onu Gəray bəy kimi tanımağa və sevməyə başlayır. Həsənağa Turabovun qızı Sevinc Turabova deyir ki, atası Gəray bəy obrazı ilə həyatını yaşayıb: "Elə bil Gəray bəy özüdür ki, var. Xasiyyəti eyniydi. Mərd, qürurlu idi. Heç kimə baş əyməzdi, sözündən heç vaxt dönməzdi. Baxmayaraq ki, mənfi obraz idi Gəray bəy, kişilik rəmzi kimi tanındı. Hətta vəziyyət o yerə çatmışdı ki, məni də Gəray bəyin qızı Humay adlandırırdılar..."
Həsənağa Turabov digər bədii filmlərdə, o cümlədən, televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb. Onun digər bir yaddaqalan rolu "Babək" filmində yaratdığı Afşin roludur. Həsən Turabovun "Axırıncı aşırım", "Çarvadarların izi ilə", "Ürək... Ürək...", "Sevinc buxtası", "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilir. "Qanlı zəmi" filminin isə rejissoru olub. Onun son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun "Ailə" və Eldar Quliyevin "Nə gözəldir bu dünya..." filmləridir.
Sevilən aktyor dövlət tərəfindən də layiqli qiymətləndirilib. Dövlət mükafatı laureatı (1972), Azərbaycanın xalq artisti (1982), "Şöhrət" ordeni laueratına layiq görülüb.
Böyük sənətkar 23 fevral 2003-cü ildə, 64 yaşında dünyasını dəyişib.