Danışsam, sözümün kəskinliyinə
Dözməzsən, hər sözüm asıb-kəsəcək.
Sorma addımbaşı nə olub yenə,
Bir az şairliyim tutub, keçəcək...
Bəlkə səhvimdəndir, ya da qismətim,
Olmadım meşənin dikbaş "uşağı"
Mən - söyüd ağacı, budur xislətim,
Bəhərsiz əyilir başım aşağı
İstərəm, nadanlar düz anlasınlar,
Yanmram, barsızlıq dərdim silinsin.
Başımı əymirəm, baltalasınlar,
Əyirəm, kölgəmin qədri bilinsin...
Çinartək dik olub dursaydım, onda
Dikbaş bir sürüylə cərgə qurardım.
Mənsə tək dururam suyun başında,
Bəhər versəm belə, yenə durardım.
Bir söyüd utanmaz baş əyməyindən,
Hər kəsə bəllidir verdiyi öyüd.
Güc alıb bitməyən səxavətindən,
Başını qürurla əyəcək söyüd...