İş saatı bitər-bitməz tələsik qalın gödəkçəsini geyinərək şirkət binasından çıxdı.Əllərini ciblərində gizlədib addımlarını sürətləndirdi.
Bakı axşamları. Əsrarəngsiz gözəllik. Payız görüntüsü.
Əsən soyuq küləyə az sonra yağış səpələnməsi də əlavə edildi.
Cavad nəhayət dayanacağa gəlib çatanda yağış öz sürətini artırmağa qərar verdi. Müxtəlif ölçülərdə yaranan gölməçələrə nəzər salaraq əllərini dodaqlarına yaxınlaşdırdı. İsti nəfəsi ilə isidərək dayanacağın içində dövrə vurdu. Skamya soyuq olduğundan kimsəsiz qalmışdı. Yox, özü tək deyildi. 5-6 nəfər də onunla birgə gözləmə dəqiqələri keçirirdilər.
Budur, gəlir. Düşənlərə yer verildikdən sonra dərhal avtobusu gözdən keçirtdi. "İynə atsan yerə düşməz" deyimi tam buralıq idi. "Lənət!" pıçıldayıb özünü insanların arasına daxil etdi.
Sürücünün kobud idarəçiliyindən canını qurtarıb metroya giriş etdi. İnsan tıxacı. Kartının bomboş olduğunu xatırlayan kimi dərindən nəfəs alaraq başını yırğaladı.
"Bakmil" yazısı qanını qaraltdı. 3-4 qatar buraxmaq məcburiyyətində qaldı.
Güclənən yağış. Başdan-ayağa islanmışdı demək olar ki.
Yol boyunca yanan işıqlar. Anidən ayaq saxlayıb yaxınlıqdakı uşaq evinə nəzər saldı. Sakitlik.
Yaşadığı məhəllə 5 mərtəbəli evlərlə əhatələnmişdi. Boşluq hökm sürürdü.
Açarı qıfıla salıb burdu. Qapını açıb evinə daxil oldu. Dəhlizin işıqlarını yandırıb ayaqqabılarını çıxartdı. Gödəkçəsini mətbəxdəki asılqana asaraq qazı yandırdı.
Əynini dəyişərək əl-üzünü yuduqdan sonra mətbəxdə əyləşib gözlərini pəncərədən çəkmək nədir, bilmədi. Dərin düşüncələr. Uzaq olmayan keçmiş xatirələr.
Xəfifcə təbəssüm edərək soyuq əllərini fincanda cəmləşdirib isitməyə başladı.
Cavad Kərəmli. Tanınmış nəslin yeganə varisi.