Sözçülükdən qaçır hər kəs....
Müəllif: Movlud Aqammed
(Şair dostum Elsevərə)
Sözçülükdən qaçır hər kəs,
Yalan alır,verir nəfəs.
Hünərin var sözünü kəs,
Dövran həmin dövran deyil.
***
Dərya dərin keçilirsə,
Dərdlər böyük,kiçilirsə.
İçdikcə hey içilirsə
Ayran həmin ayran deyil.
***
İnsaf itib,mürvəti yox,
Yaxşıların qiyməti yox.
Bir qarın ac,bir qarın tox,
Üryan həmin üryan deyil.
***
Qaçan gözdən itməyincə,
Namus əldən getməyincə.
Tam sübuta yetməyincə
Bürhan həmin bürhan deyil.
***
Cana gəldim ağrılardan,
Yalanı çox doğrulardan.
Mövlud,qorun oğrulardan,
Pünhan həmin pünhan deyil.
28.12.2014.Zərdabi.Mövlud Ağamməd.