Sözümnən ötürüm səni
...Get, sənin arxanca baxım,
Gözümnən ötürüm səni.
Sevgi şeri yazım sənə,
Sözümnən ötürüm səni.
Yoxdu sevginin niyəsi,
O Tanrının hədiyyəsi.
Gəl, ol könlümün yiyəsi,
Özümnən ötürüm səni.
Yanımda, solum ilə get,
Fikrində “qalım” ilə get.
Sən mənim yolum ilə get,
İzimnən ötürüm səni.
Ürək belə döyünməsin,
Gileylənib, deyinməsin.
Ayrılıq çox öyünməsin,
Əzmnən ötürüm səni.
Mən bu gedişə neyləyim?
Arxanca bir əl eyləyim?
Sənə nağılmı söyləyim,
Nəzmnən ötürüm səni?!
Göz yaşın suya düşməsin,
Su dərdin yuya, düşməsin...
Gedişin yaya düşməsin,
Közümnən ötürüm səni...
Yusif Nazim Ərəbsoy