Ssenarist
Uraqan tərəfindən "Hekayə" bolməsinə 18:01 17 iyun 2014 tarixində əlavə olunmuşdur

  Bədənində titrəmə hiss olunurdu. Ya da hiss olunmurdu, sadəcə özü hiss edirdi. İti addımlarla dükana tərəf yön aldı. Deyəsən əlindəki disk saxta olduğundan  işləmirdi. Elə ona görə də oğlan həmin diski qaytarmağa gəlmişdi. Özünə çox əmin idi:


 -Salam.


 Satıcı başını qaldırıb oğlana baxdı.


 -Salam.


 -Mən dünən bu diski sizdən almışdım. Ancaq disk işləmədi-Oğlan bu satıcıya daha acıqla baxmağa başladı.


 -Həəə-satıcı özündən razı bir şəkildə dilləndi-indi nə deyirsən?


 -Deyirəm ki, disk işləmir. Qaytarın. Pulumu da verin.


 -O pul qayıtmaz, qadası-satıcı bunu deyib gülməyə başladı.


 -Hə demək qayıtmaz.


 -Qayıtmaz...


 Satıcı bunu demişdi ki, oğlan sağ yumruğunu kişinin gözünə dayadı. Satıcı yerə dəydi və nə olduğunu anlamadı. "Necə yəni qayıtmaz əəə, pulumu düş bura". Oğlan bunu deyib yerdə uzanan kişini böyrəyinə ardı-ardı təpiklə ilişdirirdi... Şüşə qırıntıları yerə səpələnmişdi. Səs-küyə -bir neçə polis zabiti də gəldi. Oğlanı da satıcını da maşına mindirib bölməyə apardılar...


 


 


 Əslində belə olmalı idi. Yəni oğlan ssenarini belə qurmuşdu. Ancaq ora gedəndə başqa cür oldu...


 


 


Bədənində titrəmə hiss olunmalı idi. Amma heç bir titrəmə hiss eləmirdi. Çünki artıq buna hazırlaşmışdı. İti addımlarla dükana tərəf yön aldı. Deyəsən əlindəki disk saxta olduğundan  işləmirdi. Elə ona görə də oğlan oyun diskini qaytarmağa gəlmişdi. Səsindəki həyəcanı azacıq da olsa boğdu:


 -Salam.


 Satıcı üzünü çevirib oğlana baxdı.


 -Salam. 


 -Mən dünən bu diski sizdən almışdım. Diski işləmədi.


 -İşləmədi?-satıcı bir qədər duruxdu, nə deyəcəyini bilmədi və zarafata saldı---Bəlkə diskin özü sənin xoşuna gəlməyib?


 -Xeyr, diskin özü işləmədi. Qoşub yoxlaya bilərsiniz.


 -Qadası mənim disk işindən başım çıxmır, mən burada satıcı deyiləm. Oğlanın özü günortaya ancaq gələcək. Onda gəlib nə sözün var özünə deyərsən.


 Oğlan yavaş-yavaş özündən çıxırdı:


 -Mən burada olmayacam. Bəs indi başqa disklə dəyişmək olar?


 -O olar. Ancaq özünə nəsə bir sözün olsa günorta gəl.


 Oğlan üzünü çevirib disklərə baxdı. Xeyr, ona pulu lazım idi. Hirsli-Hirsli dükandan çıxdı. Günorta geri dönəcəkdi...


 


 


Oğlan dükanda istədiyi hoqqanı çıxarda bilməmişdi. Nə qurduğu senari baş tutmuşdu, nə də öz obrazını canlandıra bilməmişdi. Günortanı gözləməli idi...


 


  


 Günortanı gözləməyə səbri çatmadı. Təkrar həmin mağazaya getdi. Bəyaqkı yaşlı kişi yenə orda oturmuşdu.


 -Satıcı hələ gəlmiyib? 


 -Xeyr, qadası, hələ gəlməyib. Dedim axı günorta gələcək.


 -Həə onda mənim günortanı gözləməyə vaxtım olmayacaq.


 Kişi oğlana baxır və diqqətlə onun nə deyəcəyinə qulaq asırdı. Oğlan əlindəki video oyunu qabından çıxardıb, diskə yaxşı yaxşı baxdı-Onda gəl belə edək, günortaya mənim işim olacaq. Mənim sözlərimi o əclafa çatdırarsınız. Oğlan diskə yaxşı-yaxşı baxdı və əlindəki diski 2 qatdaladı və sındırdı. Yenə sözünə davam etməyə başladı:


 -5 manatı da haramı olsun. Gözünə soxsun pulu. - Bu sözü dedi və mağazadan çıxdı. Əslində mağazadan çıxmağı ilə birlikdə oğlanın ürəyindən ox da çıxmışdı. Artıq özünü daha yaxşı his edirdi. Sürətini artırmadan, metroya daxil oldu.


 


 


Günün ikinci yarısının da Ssenarisi belə yazılmışdı. Yəni yaratmaq istədiyi obrazı belə canlandıracaqdı. İndi isə yazdığı səhnəni gerçəkləşdirmək üçün dükana yollandı.


 


 


 Günortanı gözləməyə səbri çatmadı. Təkrar həmin mağazaya getdi. Bu dəfə əsas satıcı da yerində idi. Oğlanın satıcını görməyə gözü yox idi.


Dükanda başqa bir qadın televizor pultu alırdı. Satıcıda goplama və basıb-bağlama instinktləri aşıb daşırdı. O bu pultun özəlliklərini alıcı xanıma sadalayırdı.


 -Bəs birdən işləməsə?-qadın satıcının danışığını ağzında qoyub soruşdu.


 -İşləməsə gətirib qaytararsınız.


 Satıcının bu sözü oğlana ox kimi batdı. Satıcının üzünə baxıb:


 -Əlimdəki diski sizdən almışam və işləmir. Buyurun qaytarın.


 -Qaytarmaq?!-Satıcı gülümsündü-Dəyişmək olar.


 -Bəs xanıma işləməsə, gətirib qaytarın dediniz?!


 -Mən pultu nəzərdə tuturdum.


 -Nə fərqi var? Mal maldır, bunu da siz satırsınız, onu da.


 Satıcının dediyi heç məntiqli səslənmirdi:


 -Qaytarmaq yox, Dəyişmək olar. Satıcı təkrar etdi.


   Əslində oğlanın beynində canlandırdığı tamam başqa mənzərə idi. Dükana girəcək, diski satıcının gözü qarşısında sındırıb çıxacaqdı. Amma məntiqlə düşündükdə bunun oğlandan başqa heç kimə ziyanı olmayacaqdı. Üzsüz satıcı yenə mallarını satacaq, bixəbər alıcı da burada təkrar-təkrar ziyana düşəcəkdi.


  Digər xanım pultu alıb dükanda çıxdı. Dükanda ikisi qalmışdı. Oğlan kinayə dolu baxışlarla satıcıya baxırdı. Artıq özünü çıxılmaz vəziyyətdə hiss edirdi.


 -Dəyişməyə başqa nə var?-artıq oğlan bu sözləri işlətməklə uduzmuşdu. Onlar arasında heç bir oyun getmirdi. Sadəcə oğlan öz prinsipləri qarşısında uduzmuşdu. Onun aldığı hal heç də xoş görsənmirdi.


 Oğlan əlindəki diski dəyişdi. Ancaq bu onun ürəyi istədiyi şey deyildi. Çıxmaq üçün qapıya yaxınlaşdı. Bu zaman ani olaraq üzünü satıcıya tərəf çevirdi. Satıcının üzündə murdarlıq yağırdı. Əslində isə murdarlıq yağmırdı, sadəcə oğlan satıcının üzündəki murdarlığı görürdü...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+26=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0268 saniye